Nəsib bəy Yusifbəyli- Həyatı haqqında bütün məlumatlar.

Yayınlandı: 21 Nisan 2014 / Genel

 MÜƏLLİF: Ədalət Tahirzadə

NƏSİB BƏY YUSİFBƏYLİMəhəmmədəmin Rəsulzadə: “Nəsib bəyin Azərbaycan istiqlal hərəkatındakı rolu sadə nazirlikdə və başvəkalətdə bulunduğunu söyləməklə ifadə ediləməz. Onun hərəkatdakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərdən çox daha əvvəl başlamışdır. Bu rol onun Gəncədə 1917-də “Türk Ədəmi-Mərkəziyyət Xalq Firqəsi” namıyla təsis edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs etməsiylə başlar. Azərbaycan idesini (ideyasını) siyasi bir tələb maddəsi şəklində formulə etmək şərəfi mərhum Nəsib bəyindir”. [1]

 

Allahın Azərbaycan xalqına bəxş etdiyi ən dəyərli oğullarımızdan, dövlətçiliyimizin ən görkəmli xadimlərindən biri olan, müstəqilliyimiz uğrunda şəhid Nəsib bəy Yusifbəyli haqqında onun ölümündən az qala 70 il keçdikdən sonra qələmə alınmış ilk yazının müəllifi mərhum araşdırıcımız, istiqlal salnaməçisi Mövsüm Əlievdir. Onun 1989-da yazdığı və 1993-də təkmilləşdirərək yenidən nəşr etdirdiyi məqalə[2] Nəsib bəyin tərcümeyi-halı haqqında bugünədək ortaya qoyulmuş ən qiymətli əsərdir. Aradan keçən 20 il boyunca N.b.Yusifbəylidən nə yazılıbsa istisnasız olaraq hamısının qaynağı bu məqalədir – heç kəs onun adını çəkməsə belə! Hələ bağlı arxivlərin açılmadığı, Sovet hakimiyyətinin tam inandığı tək-tük kommunist tarixçilərdən başqa gerçəkləri kimsənin bilmədiyi bir dönəmdə Mövsüm bəyin bu qədər faktları haradan əldə edə bilməsi sadəcə möcüzədir və insanı heyrətə salır. Biz Azərbaycan istiqlal tarixinin bu ilk tarixçisini ən dərin hörmətlə anmaqla yanaşı, bir məsələyə də toxunmadan ötə bilmərik. Rəhmətlik Mövsüm bəy indi aydınlaşdıra bilməyəcəyimiz hansısa səbəb(lər)sə üzündən öz yazısında bəzi fakt yanlışlıqlarına yol verib və bunu o dönəm üçün tam təbii sayırıq. Ancaq, təəssüf ki, sonrakı araşdırıcılar özlərinə zəhmət vermədən onun yazdıqlarını köçürdüklərinə görə həmin yanlışları da öz “əsər”lərində eynən təkrarlayıblar.

Müstəqil dövlətçiliyimizin banilərindən biri olan Nəsib bəy Yusifbəyliyə hədsiz sevgi bəslədiyimə görə haqqında yazılacaq bu məqalənin onun uca adına layiq olmasına var gücümlə çalışdım. Doğrudur, mən də bir çox məqamlarda Mövsüm bəysiz ötüşə bilmədim, ancaq Azərbaycan, Gürcüstan və Ukrayna arxivlərindən əldə etdiyim çoxlu bəlgələrə üstünlük verməklə ortaya tam yeni bir yazı qoymağa cəhd etdim.

         turk edemi merkeziyyet ile musvatin birlesmesi                                            YUSİFBƏYLİLƏR

Nəsib bəy Yusifbəyli Gəncənin köklü-köməcli əsilzadə soylarındandır. Mərhum araşdırıcı Nazif Qəhrəmanlının aşkarladığına görə, “Nəsib bəyin ulu babalarının Gəncəyə hələ XVII-XVIII əsrlərdə Cənubi Azərbaycandan gəldiyi güman edilir. Artıq XVII əsrin sonunda Nəsib bəy və Usub (Usuf) bəyin burada xüsusi mövqe tutduqları, böyük torpaq sahələrinə malik olduqları qeyd edilir. Bu dövrdə… Usub bəy Gəncə xanı Cavad xanın vəziri olmuşdur. Bu ailənin övladı Şükufə xanımın (?-1812) Cavad xanın ilk zövcəsi olduğu söylənilir”.[3]

N.b.Yusifbəylinin Odessa Vilayəti Dövlət Arxivində saxlanılan tələbə şəxsi işindən üzə çıxardığımız bir sənəddə – çarın göstərişiylə onun atası Usub bəyə 6 iyul 1890-cı ildə verilmiş attestatda da bu haqda dəqiq bilgi yer alır. Oradan öyrənirik ki, fərqlənmə nişanları olmayan, dövlətdən ildə üst-üstə 600 manat alan 51 yaşlı saray müşaviri Usub bəy bəyzadədir, Gəncədə ata-baba malikanəsi, həyətli evi və Gəncə şəhərinin içində əkilən torpaqları var.[4] N.Qəhrəmanlı onların yerini dəqiqləşdirir: “Bu malikanə Səfərabad məhəlləsində yerləşib. Ancaq onların (Yusifbəylilərin – Ə.T.) Tovuzda, Hacıkənddə və b. yerlərdə də malikanə və torpaqları vardı”.[5]

Attestatda Nəsib bəyin atası Usub bəyin tərcümey-halı ilə bağlı ən dəqiq məlumatlar əksini tapıb. Usub bəy Gəncə qəza məktəbini bitirdikdən sonra 21 fevral 1861-dən Gəncə Qəza Məhkəməsində işləməyə başlayıb, 28 sentyabr 1863-dən dəftərxana qulluqçusu olub. 18 mart 1863-də öz ərizəsiylə Gəncə Qəza İdarəsinə dəyişdirilib və 12 iyul 1868-də yenə öz xahişiylə işdən azad olunub. 23 yanvar 1871-ci ildə 1-ci Şuşa Bölməsi sülh vasitəçisinin yanında tərcüməçi, 22 noyabr 1871-də Gəncə Şəhər Sülh Şöbəsində katibin köməkçisi və tərcüməçi, 28 yanvar 1878-də həmin Şöbədə məhkəmə pristavı əvəzi, 17 mart 1879-da məhkəmə pristavı təyin edilib. 27 avqust 1881-ci ildə ona kollej qeydiyyatçısı, 16 avqust 1883-də quberniya katibi, 2 noyabr 1884-də kollej katibi, 2 oktyabr 1885-də titulyar müşavir, 25 noyabr 1886-da kollej assesoru, 11 sentyabr 1887-də saray müşaviri çinləri verilib. 3 iyun 1888-də səhhətinə görə öz ərizəsiylə xidmətdən istefa verib.

Olympus-Camedia-C5000-ZoomUsub bəy Böyükağa Xanbudaqovun qızı Böyükxanımla[6] evlənib. Övladları: 13 oktyabr 1873 doğumlu Həmid bəy, 5 iyul 1881 doğumlu Nəsib bəy, 17 aprel 1879 doğumlu Şükufə xanım, 15 may 1883 doğumlu Dilşad xanım, 19 sentyabr 1885 doğumlu Xanım xanım, 7 iyul 1889 doğumlu Almaz xanım.[7]

Göründüyü kimi, bu sənəddə Usub bəyin ömür yolunu 1888-ci ilədək izləyə bilirik. Ancaq “Qafqaz təqvimi”ndə Usub bəy Usub bəy oğlu Usubbəyovun 1916-cı ildə Gəncə vilayəti (quberniyası) məskunlaşdırma işləri üzrə idarədə (ruscası: «губернское по поселянским делам  присутствие») Gəncə qəzası üzrə 4-cü bölmə sülh vasitəçisinin tərcüməçisi işlədiyi göstərilib.[8]

NƏSİB BƏYİN UŞAQLIĞI, İLK TƏHSİLİ

Nəsib bəy Yusif (Usuf/Usub) bəy oğlu Yusifbəyli 5 iyul 1881-ci ildə Gəncə şəhərində anadan olub. Türkcə doğum şəhadətnaməsində bu haqda yazılıb: “…Yelisavetpol quberniyasının və şəhərinin sakini Nəsib bəy Yusif bəy oğlu öz sülbi[9] atasının – Yusif bəy Yusifbəyovun şər’i mənkuhəsi[10] Böyükxanım Böyükağa qızından min səkkiz yüz həştad birimci ilin iyul ayının beşimci günündə təvəllüd edibdir”.[11]

9 oktyabr 1890-cı ildə Gəncə klassik gimnaziyasına girən Nəsib bəy orta təhsilini 10 iyun 1902-ci ildə burada başa vurub.[12]Direktorun ona verdiyi xasiyyətnamədə oxuyuruq: “Gəncə gimnaziyasında bulunduğu bütün 12 il boyunca orta bacarıqla, yüngül əməksevərliklə, sakit, təvazökar davranışıyla seçilib. …Özəlliklə rus dilini mənimsəməkdə çox çətinlik çəkib; riyaziyyata müəyyən həvəs göstərib. Boş vaxtlarını yuxarı siniflərdə Türk və fars dillərində kitablar oxumaqla keçirib. Özünün gimnaziya öhdəliklərini səliqə ilə yerinə yetirib. Şərq fakültəsinin dözümlü tələbəsi ola bilər. Maddi baxımdan aztəminatlıdır[13]

                                              UNİVERSİTET TƏLƏBƏSİ

       Həyat yoldaşı Şəfiqə xanımın yazdığına görə, Nəsib bəy gimnaziyanı bitirdikdən sonra öncə atasının istəyiylə 1900-cü ildə Peterburqdakı Texnologiya İnstitutuna girib.[14] Ancaq bu fakt özünü doğrultmur, çünki bu vaxt o, hələ gimnaziyanı bitirməmişdi.

Peterburq şəhərindən 25 iyul 1902-ci ildə Odessa Novorossiya Universitetinin rektoruna yazdığı ərizəyə[15] əsasən, Nəsib bəy sentyabrda həmin universitetin tibb fakültəsinin 1-ci kursuna qəbul edilib və 1903-cü ilədək orada oxuyub. 1903-cü ilin sentyabrında bu fakültədə təhsilini davam etdirmək istəmədiyinə görə hüquq fakültəsinə dəyişilib.[16] Bu fakültədə onun həmyerliləri də oxuyurdu: Əli bəy Fətəli bəy oğlu Şahmalıyev, Məhəddin bəy Fətəli bəy oğlu Şahmalıyev, İsmayıl bəy Nəsrullah bəy oğlu Şahmalıyev[17] və b. Universitetdə onun Nəriman Nərimanovla mənhus tanışlığı da başlayır. 11 yaş böyük olan N.Nərimanov bundan sonra onu həyatının ən sonunacan təqib edib…

N.b.Yusifbəyli hüquq fakültəsində 3 semestri başa vurub, ancaq 1905-ci ilin payız yarımilinin təhsil haqqını ödəyə bilmədiyinə görə 4-cü semestrdə universitetdən çıxarılıb.[18] Onun təhsilini davam etdirmək imkanı bir də 1907-ci ildə yaranıb, ancaq inqilabi hərəkatla ilgili olaraq həmin il Novorossiya Universiteti müvəqqəti bağlandığına görə Nəsib bəy 23 fevral 1907-ci ildə Universitetin rektoruna ərizə yazaraq Xarkov Universitetinə köçürülməsini xahiş edib.[19] Həmin ilin 16 martında Xarkov Universitetinin İdarə Heyəti də köçürülməyə öz razılığını verib.[20] Bundan sonra Nəsib bəy təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirib.

Nə yazıqlar ki, həmin universitetin Sovet dönəminədək olan bütün arxivi 2-ci cahan savaşı illərində məhv olduğuna görə Nəsib bəyin bu universitetdə təhsilinin gedişi haqqında əldə heç bir sənəd qalmayıb, bu üzdən də onun Xarkov Universitetində guya 4-cü kursdan təhsilini yarımçıq qoyması haqqında yanlış fikir ortaya çıxıb. Bu fikirlə ilk dəfə Mövsüm Əliyevin yazısında qarşılaşırıq: “1908-ci ildə N.Yusifbəyli öz təhsilini Xarkov Universitetinin hüquq fakültəsində davam etdirmişdir. Lakin yoxsulluq üzündən N.Yusifbəyli ali məktəbi dördüncü kursdan atmışdır”.[21] Bu müddəa indiyədək Nəsib bəylı bağlı bütün əsərlərdə təkrarlanmaqdadır. Məsələn, dəyərli araşdırıcımız Nazif Qəhrəmanlı yazır: “Rusiyada 1905-1907-ci illər inqilabı Nəsib bəyə öz təhsilini tamamlamağa imkan vermədi”.[22]

Doğrudur, arxivin məhvi üzündən əlimizdə N.b.Yusifbəylinin diplomu, yaxud diplomunun surəti, ya da hər hansı təsdiqləyici sənəd yoxdur, ancaq onun 1909-cu ildə hələ Xarkovda oxuması haqqında bəlgələr var – Xarkov Universitetinin prorektoru həmin ilin aprelində xahiş edərək Novorossiya Universitetindən Nəsib bəyin gimnaziya attestatının əslini gətizdirib.[23] Attestat universitetə, çox güman ki, diplomun verilməsi ərəfəsində lazım olmuşdu.

Nəsib bəyin ali təhsilini başa vurmasını üç amil tam təsdiqləyir. Birincisi, “Yeni Həqiqət” qəzetində 1911-ci ildə getmiş bir xəbərdə Nəsib bəy “hüquqşünas” adlandırılıb.[24] Diplomsuz şəxsin bu cür adlandırılması mümkün deyildi. Deməli, N.b.Yusifbəyli ən geci 1911-ci ildə diplom alıb. İkincisi, əlində diplomu olmasaydı onu təhsil naziri qoymazdılar. Üçüncüsü, Məhəmmədəmin Rəsulzadə yazır: “Nəsib bəy… ali təhsil görmüşdü”.[25]

GƏNCƏDƏ

1905-ci ildə Novorossiya Universitetindən çıxarıldıqdan sonra N.b.Yusifbəyli 1907-ci ilədək vaxtının çoxunu Gəncədə və Krımda – Bağçasarayda keçirib.

Əqidəcə sosial-demokrat olan və xalqın taleyini düşünən, onun ağır həyatını rifaha qovuşdurmağın yeganə yolunu maariflənmədə görən Nəsib bəy ona əslində Rusiya tələbələri mühitində aşılanmış və daha çox nəzəriyyələr üzərində qurulmuş siyasi görüşlərini Azərbaycan, Türk mühitində tədricən təkmilləşdirə-təkmilləşdirə milliyyətçilik yolunu tutdu. Bu vaxt maarifçilik yenə onun başlıca ideya silahlarından biri idi. Hər nəylə məşğul olsa son nəticədə soydaşlarının, yurddaşlarının savadlanmasını, maariflənməsini başlıca hədəf götürürdü. Ancaq o dönəmin Gəncə mühitində yeni düşüncələri qəbul etdirmək heç də asan deyildi. Bunu 1904-də Şəfiqə xanıma yazdığı bir məktubdan da görürük: “Bizimkilər acından ölür, fəqət çalışmaya getməzlər. Dədəsi bəy olmuş, özü işçimi? …Mən bugünlərdə bir mövzudan bir mövzuya dəlilər kimi atılıram. Keçənlərdə bir toplantıda çocuq təhsilinin nə qədər önəmli olduğu üzərində durdum. Zavallı atamın bu görüşləri bəyənmədiyi, oğlundan yolunu azmış birisi kimi bəhs etməsi (necə olurmuş, qadınların avropalı qadınlar kimi olmaları mümkünüymüşmü?), avropalının yalnız pis tərəflərini görüb yaxşı tərəflərini görməmələrinə çaşıram”.[26]

Milləti yalnız savadın, maarifin xilas edəcəyinə inanan Nəsib bəy özü də şəxsən bu yolda çalışıb, müəllimlik edib, maarif işinə şəxsi töhfəsini verməyə can atıb. 1904-də Şəfiqə xanım Qaspıralıya yazıb: “Bu arada başım qarışıqdır, səhərdən axşama qədər uşaqları məktəbə hazırlayıram, cəmi 13 uşaqdır. Bir çoxları mənə şübhəli davranırlar – necə olur da bu qədər vaxtımı qarşılıqsız olaraq sərf edirəm, anlamırlar”. […] “Sözdə hamımız qəhrəmanıq, ancaq işə gəlincə beş qəpiyə dəymərik”.[27]

Savad yaymağın kitabsız mümkün olmadığını gözəl bilən N.b.Yusifbəyli kitab ticarəti və nəşrinə də üstünlük verib. O, qardaşı Həmid bəylə birgə, atasının himayəsi və yardımıyla Gəncədə dəyərli bir “kitabxana” yaradıb[28]. “Yeni İrşad” qəzetində həmin “Mədrəsə” kitabxanasının elanı diqqəti cəlb edir: “Kitabxanamızdan türkcə, farsca, ərəbcə kitab almaq mümkündür. Qafqasiyada basılmış hər qisim məktəb kitabları küllüyyətlə[29] mövcuddur. […]  Bu kitablar Gəncə Ruhani Mədrəsəsi Heyəti-müəllimini ilə şəhər Məktəblər Komisyonu və müəllimləri tərəfindən qəbul olunub, Qafqasiyanın bir çok məktəbləri tərəfindən dəxi dərs proğramına daxil edilmişdir. İbtidai məktəblər üçün hər qisim rus kitabı və ləvazimati-təlimiyyə külliyyətlə mövcuddur. Елисаветполь, Усуббеку Усуббекову”.[30]

Buradan üç mətləb aydınlaşır: 1) elandakı “kitabxana” terminini “kitab mağazası” kimi başa düşmək gərəkdir; 2) mağazanı Yusif bəy idarə edib və ən mühümü: 3) bu mağazada satılan bütün kitablar xalqın maariflənməsinə, savadlanmasına kömək edən əsərlərdir və mağaza ümumən məktəblərin dərs vəsaitiylə təmin olunmasında mühüm rol oynayır.

N.b.Yusifbəyli Gəncədə mövcud olan Müsəlman Xeyriyyə Cəmiyyəti, Müsəlmanlar Arasında Maarif Yayan Cəmiyyət, Aktyorlar Cəmiyyəti və b. kimi bir çox ictimai qurumların fəaliyyətində yaxından iştirak edib.

 “Tərəqqi” qəzeti Gəncə aydınlarının Nizami Gəncəvinin məzarını bərpa etdirməkdən ötrü çalışdıqlarını, vəsait yığmaqdan ötrü 1908-in dekabrında tamaşa göstərdiklərini qeyd edib. Əliəkbər Rəfibəyov, Aslan Səfikürdski, Əliəsgər Xasməhəmmədov bu işin icraçılarıdır. Onların əməyi nəticəsində 300 manat pul toplanıb. Aradan bir az keşmiş – 7 yanvarda onlara yeni həvəskarlar: Nəsib bəy Yusifbəyli, Məhəmmədbağır Şıxzamanov, M.H.İsmayılzadə, İsr. Atakişiyev və başqaları da qoşulub.[31]

BAĞÇASARAY. “TƏRCÜMAN”DA ÇIXIŞLAR

N.b.Yusifbəyli Bağçasaraya ilk dəfə 1902-nin dekabrında Novorossiya Universitetinin Türk tələbələriylə birgə, ikinci dəfə isə 4 may 1903-də – “Tərcüman”ın 20 illik yubileyində gedib.[32] Bağçasarayda o, “Tərcüman” qəzetinin redaktoru, görkəmli jurnalist, ictimai və siyasi xadim İsmayıl bəy Qaspıralının (1851-1914) qızı Şəfiqə xanımla (1886-1975)[33] tanış olub. Onlar 1903-cü ildə nişanlananda Şəfiqə xanım 16 yaş yarımdaydı. Ancaq onlar arasındakı fərq yalnız yaşlarında deyil, həm də dünyagörüşləri arasındaydı – Şəfiqə xanım atası kimi sırf türkçü, Nəsib bəysə solçu – sosial-demokratdı. (Zaman keçdikcə İsmayıl bəyin təsiri altında Nəsib bəy də millətçi oldu).

1906-nın yayında İsmayıl bəyin qızı Şəfiqə xanımla ailə quran N.b.Yusifbəyli bəzən uzun çəkən fasilələrlə 1906-cı ildən 1912-ci ilədək Bağçasarayda yaşayaraq “Tərcüman” qəzetində çalışıb.[34] 1906-da məşhur “Vıborq bəyannaməsi”nin “Tərcüman” mətbəəsində çap edilməsində Nəsib bəyin də iştirakı olub.[35] Bəllidir ki, bu bəyannaməni imzalayan Rusiya 1-ci Dövlət Duması deputatları, o sıradan Əlimərdan bəy Topşubaşov da həbs edilmişdi.

Nəsib bəyin “Tərcüman”da fəaliyyətiylə bağlı oxucularda müəyyən təsəvvür yaratmaqdan ötrü onu bu qəzetdə təkcə 1908-ci ildə çıxmış bəzi yazılarından örnəklər verəcəyik. Öncədən bildirək ki, onun buradakı türkcə yazıları  əsasən “N.Y.”, rusca yazıları “Н.У.” imzaları altında çıxıb.

Rusiya Türklərinin maariflənməsi problemi “Tərcüman”ın başlıca fəaliyyət yönlərindən biriydi. İsmayıl bəy Qaspıralı bir redaktor olaraq ağırlığı bu mövzu üzərinə salmışdı və təbii ki, Nəsib bəydən də eyni şey tələb olunurdu. Bu üzdən də onun yazılarında maarif məsələləri daha geniş yer tutur. “Rusiyada maarif” adlı silsilə məqalələrinin birincisində[36] Rusiya məktəblərində şagird və tələbələrin izlənilməsi üçün xəfiyyə sisteminin yaradılması kəskin tənqid edilib. Yazıdan bir parça: “Əvət, məktəblər şpiyonlarla dolu idi. Darülfünuna[37] girmək məqsədiylə Odessaya gəldim. Ertəsi günü qəbul olunub-olunmadığımı öyrənmək üçün darülfünuna getdim. Hənuz içəri daxil olmuş idim ki, qaxac kimi qupquru qurumuş sarısaqqal bir adam “xoş gəldiniz, filankəs filankəs oğlu” deyə bəni qarşıladı. Canım, bu nasıl şey, bən bu adamı bir yerdə gördüyüm yok, burada tanıdığım bir adam dəxi yok, əcnəbi tanışlarımdan bir çoxu illərlə öyrənmədikləri ismimi və familiyamı bu adam nerədən öyrəndi və bəni nerədə görmüş əcaba?” deyə təəccüb etdim. Əfəndim, bəni nerədə gördünüz? Adam “sən də əcaib sual ediyorsun. Kəndi tələbələrimizi tanıyamıyacaqmıyım?!”. […] Sizi qəbul etmişlər, arkadaşınız filankəsi dəxi qəbul etmişlər. İştə isimləriniz şurada qəbul olunanlar cədvəlində” deyərək getdi. Bən isə daha ziyadə təəccüb etdim və bir şey anlıyamadım. Ancaq sonraları bu adamın kim olduğunu və bəni nerədən bildiyini öyrəndim. Bu adam “pedil” denilən xəfiyyələrdən imiş ki, darülfünunda bulunan bir kaç bin tələbənin bizzat kəndilərini və isimlərini bilməkdən maəda, əvvəlcə göndərilən bürokratlardan yenidən gələcək istudentlərin də surətlərini və adlarını öyrəniyorlarmış ki, onların hər bir hərəkətlərini tədqiq edib, jandarmalara vaxtında məlumat verə bilsinlər. İştə haman bu “pedillər”, “subinspektor” və “inspektorlar” və s. bu kimi həşərat ancaq danos üçün təyin olunmuş şpionlar idi”.

“Rusiyada maarif” silsiləsindən 2-ci[38] və 3-cü[39] yazısında müəllif Dövlət Dumasındakı müxtəlif partiyaların maarif məsələsinə, özəlliklə məktəblərin milli olmasına münasibətlərini açıqlayıb. O, xüsusən oktyabrçılar, polyaklar və kadetlərin fikirlərinə artıq diqqət yetirir. “Hakim millətdən Dövlət Dumasının sağ tərəfində oturan Purişkeviçlərin” mürtəce siyasətini o, kəskin şəkildə qamçılayır: “Purişkeviç tamamən dörd saat söylədiyi və hər kəsi bıkdırdığı nitqində təqribən şunu söyləyəcək oldu: Rusiyada olan bədbəxtliklərin cümləsinə səbəb darülfünunlar və digər məktəblər imiş. Bütün məktəblər Rusiyada bir inqilab ocağı imiş. Onlar (xalis ruslar) məktəblərə düşmən deyillərmiş, ancaq məktəblərdə tərbiyə yox imiş, müəllimlər və professorların əksərisi dəxi inqilabçı imiş. Buna binaən məktəblərdə xalis rus tərbiyəsi verib müəllimlər dəxi onlardan təyin edilməli imiş”.[40]  Məqalənin bu hissəsində Nəsib bəy milli məktəblər uğrunda polyakların necə ciddi mübarizə apardığını göstərir və müsəlmanlardan Yenikeyevin hökumətlə dişsiz rəftarını müqayisə edir.

 “Tərcüman”ın rusca səhifəsində yazdığı “Simferopol Vilayət Zemstvo İdarəsində tatarların oxuması üzrə keçirilən müşavirəyə dair” adlı rusca məqalədə[41] Andreyevski adlı müəllifin “Müsəlman məktəbi və onun Krım yarımadasında tatar əhalisi arasında rolu” adlı broşüründən danışılır. Əsəri kəskin tənqid hədəfi edən N.b.Yusifbəyli broşürdəki islamla bağlı yerlərin Müller, Krımski, Bartold və başqalarının əsərlərindən köçürüldüyünü, “Quranda sonradan baş vermiş dəyişikliklər” kimi cəfəng fikirlərin yer aldığını qeyd edir və bunların səbəbini yazarın savadsızlıq və qərəzliliyində görür.

Müşavirə mövzusunda rusca məqaləsinin ardını Nəsib bəy “Perevodçik”in 67-ci sayındakı yazısında davam etdirib.[42]

Müşavirədə baş verənləri təsvir edən müəllif çıxışlara öz münasibətini sərgiləyir: Müşavirə günü gəldi. Mövcud xalq məktəblərinin tənqidi ilə başladılar. Bütün məktəbləri – həm yeniləri, həm əskiləri yıxıb sürüdülər… Mövcud rus-türk məktələri də öz təyinatına uyğun sayılmadı. Deyilən müddəaları təsdiq etmək üçün bu əsaslar gətirildi: əski tipli məktəblər heç məktəb adına layiq deyil – onlar uşağı həm cismən, həm də əqli baxımdan şikəst edir. Yeni tipli, “üsuli-cədid” məktəblər isə normal məktəb tipinə yaxınlaşır, ancaq başlıca olaraq müəllimlərin hazırlıqsızlığı üzündən onlar da köhnə məktəblərdən əslində az seçilir. Bu müddəalarla razılaşmayan adamlar da tapıldı. Onlar yeni tipli məktəblərin bəzi çatışmazlıqlarını danmasalar da onların diqqətə və yardıma layiq olduğunu bildirdilər. Onların başında “Tərcüman” qəzetinin redaktoru və Krımda bu tipli məktəblərin banisi Qasprinski dayandı.

Rus-türk məktəbləri başlıca olaraq ona görə yararsız oldu ki, onlarda tədris elə başlanğıcdan uşaq üçün yad olan rus dilində aparıldı və bundan başqa, əhali bizə inamsız yanaşdı və bu da Mediyev başda olmaqla yığıncağın bəzi iştirakçılarının fikrincə, Pobedonostsevlərin və İlminskilərin “müsəlmanları ruslaşdırmaq” siyasətinin nəticəsi oldu.[43]

Nəsib bəy Yalta zemstvosunun nümayəndəsi velikorus şovinizminə örnək olaraq Dmitrinskinin bu fikrini göstərir: “Tatarları elə tatar müəllimlərinin köməyi ilə ruslaşdırmaq daha arzuediləndir”.[44]

“Tərcüman”da N.b.Yusifbəylinin verdiyi bir elanın, görünür, düzgün oxunmaması, yaxud düzgün anlaşılmaması Azərbaycanda belə yanlış bir düşüncəyə yol açıb: “Nəsib bəy Yusifbəyli “Təslim” adlı məfkurəvi roman yazmış və “Azərbaycan ədəbiyyatı tarixi” adlı əsərini də həmin dövrdə başa çatdırmışdır. Axırıncı əsərin əlyazmasının sonrakı taleyi bilinmir. Bu əlyazmanın araşdırılıb üzə çıxarılması ədəbiyyatşünasların borcudur”.[45] Təəssüf ki, Mövsüm bəydən gələn bu fikir yazıdan yazıya adlamaqdadır. Əslində isə nə Nəsib bəy elə bir əsər yazıb, nə də onu axtarmağa ehtiyac var. Bəs bu söz haradan çıxıb? Bizcə, “Tərcüman”dakı elanı olduğu kimi verməklə məsələnin kökünü aydınlaşdıra bilərik. Elansa belədir:

“Ədəbiyyat maraqlılarına müjdə.

İstanbulda üdəbayi-məşhurədən Əhməd Hikmət və filosof doktor Rza Tofiq bəylərin xüsusi şagirdlərindən gəncəli Məhəmmədzadə Abdulla Tofiq əfəndinin[46] “Türk ədəbiyyatına bir nəzər” əsəri-cəsimini bu ünvan altında böyüklü-küçüklü yigirmi beş risalə şəklində gələcək 1909 sənəsi fevral ibtidasından etibarən nəşrə başlayacağam. Risalənin hər biri böyücək qitədə 40-200 səhifədən mütəşəkkil olub nəfis kağız üzərində gözəl hürufat ilə basılacaqdır. Sıra ilə ayda bir olaraq şu risalələr nəşr ediləcəkdir:

1) Səttar Paşa, 2) Füzuli, 3) Baqi, 4) Nəfi, 5) Səbri, 6) Nabi, 7) Nədim, 8) Raği paşa, 9) Şeyx Qalib, 10) Akif paşa, 11) Şinasi, 12) Ziya paşa, 13) Kamal bəy ilə Əbüzziya, 14) Hamid bəy ilə Mehrənnisə xanım və Əbdülhəlim Məmduh bəy, 15) Əkrəm bəy ilə Tahir bəy, 16) Müəllim Naci ilə Əhmət Midhət, 17) Tofiq Fikrət, 18) Nigar xanım ilə Fatma Əleyh və Məqbulə Ləman xanımlar, 19) Səfa bəy, 20) Üşşaqizadə Xalid Ziya, 21) Hüseyn Rəhmi ilə Səfvət və Nəzihi bəylər, 22) Əhməd Hikmət bəy, 23) Məhəmməd Əmin [Yurdaqul] bəy, 24) Rza Tofiq ilə Fuad bəy və Ehsan xanım, 25) Abdullah Zöqti bəy.

“Türk ədəbiyyatına bir nəzər” həman üç min bir qədər səhifəlik əsər olub, isimləri zikr olunan üdəba və şüəra ilə (bir kaçından maəda) daha bir çok səlatini-Osmaniyyənin rəsimləri ilə bəzədiləcəkdir.

“Türk ədəbiyyatına bir nəzər” kəndilərindən bəhs ediləcək zəvatın tərcümeyi-hallarını və ən bədii, ən nəfis əşar və asari-ədəbiyyələrini şamil olacağı kibi, məslək və əsərləri haqqında da müfəssəlcə tənqidat və mütaliati-məxsusəyi havi olacaqdır. “Türk ədəbiyyatına bir nəzər”in əczası Türk tarixi-ədəbiyyatının dövri-ətiq, dövri-təcəddüd və dövri-cədidinə dair üç böyük cild təşkil edəcəkdir. Bunu okuyan Türk ədəbiyyatının şeir, nəsr, tiyatro, hekayə qismlərinin gərək üslubca, gərək ruhca keçilmiş olduğu səfəhat ilə bugünkü təkamül və tərəqqisi haqqında doğru və vazeh bir fikir edinə biləcəkdir. Bu qədər müntəzəm və ətraflı proqram ilə bir əsər İstanbulda nəşr olunmamışdır. Hələ bərhəyat mütəəxxərin haqqında (vəlov ki, pərişan olsun) bir şey söylənməmişdir.

“Türk ədəbiyyatına bir nəzər” nəzih və açıq bir dil ilə şairanə və oynaq bir üslub ilə yazılmışdır. Mühərrir əfəndi bunda şifəcə və açıq İstanbul dilində imlaca yeni tərzi-təhriri qəbul etmişdir.

Şimdidən müştəri olmaq istəyən həvəskarani-ədəbin bu əsəri cəmi ancaq 5 rubləyə ala biləcəyi, ayrı-ayrı almaq istəyənlərin isə üstünə haman on rubləyə duracağı üçün arzu buyuranların vaxt keçirmədən abunə yazılmaları tövsiyə olunur.

“Türk ədəbiyyatına bir nəzər” üçün abunə dəftəri açıldı. Posta məsarifi ilə bərabər abunə bədəli Rusiyanın hər tərəfində 5 rublə, məmalükü-sairədə 7 rublədir. Müştərilərə sühulət olmaq üçün abunə bədəli şu qərar ilə qitaən dəxi qəbul olunuyor: şimdidən 2 rubləyə 8-ci risaləyi təslimdə 2 rublə, 16-ci risaləyi dəxi təslimdə yenə 2 rublə. Məmaliki-sairədən olan müştərilər üçün hər qısıt 3 rublədir.

“Türk ədəbiyyatına bir nəzər”in naşiri: Yusifbəyzadə Nəsib.

Adres: Г.Елисаветполь, Насыб беку Усуббекову”. [47]

Bizcə, hər şey aydınlaşdı – “Türk ədəbiyyatına bir nəzər” (“Azərbaycan ədəbiyyatı tarixi” yox!) adlı əsərin müəllifi Abdulla Tofiq Məhəmmədzadədir (Abdulla Sur), Nəsib bəy isə onun yalnız gələcək naşiridir.

Nəsib bəyin jurnalistlik fəaliyyətinə toxunan Nazif Qəhrəmanlı yazır: “Qəzet icmalı N.Yusifbəyli jurnalistikasının aparıcı istiqamətini təşkil edir. Onun icmal verdiyi qəzet və məcmuələr arasında Bakıda çıxan “Həyat”, “İrşad”, Rusiyada nəşr olunan “Ulduz”, “Ülfət”, “Bəyani-həqq”, “Voljski kuryer”, “Vəqt”, Türkiyədə çıxan “Rumeli”, Misirdə “İctihad”, “Türk”, Avropa ölkələrində çıxan “Tribuna”, “Lurker” və s. qəzet və dərgilər var idi”.[48]

Həmin illərdə N.b.Yusifbəyli Azərbaycanın dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoyub, özü də əsas rollarda çıxış edib. “Tərcüman” qəzetinin 13 yanvar 1907-ci il sayında Bağçasaray şəhər teatr həvəskarlarının Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) “Dağılan tifaq” əsərinin tamaşaya qoyduğu və Nəcəf bəy rolunu Nəsib bəyin oynadığı xəbər verilir. Həmin qəzetdə verilən məlumatlardan aydınlaşır ki, N.b.Yusifbəyli o illərdə görkəmli Azərbaycan ədəbiyyatşünası F.b.Köçərlinin (1863-1920) “Azərbaycan ədəbiyyatı” və Hüseyn əfəndi Qayıbzadənin (1830-1917) “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” əsərlərinin Bağçasaray şəhərində çap olunmasına çox çalışıb, ancaq bilinməyən səbəblər üzündən bunları gerçəkləşdirə bilməyib.[49]

TÜRKİYƏDƏ

N.b.Yusifbəyli 1908 və 1909-cu illərdə qısa müddətə də olsa Türkiyədə yaşayıb və oradakı aydınlarla, gənclərlə təmasda bulunub.

Böyük istiqlalçı Mirzəbala Məhəmmədzadə (1898-1959) yazır ki, “Nəsib bəy… 1908-də İstanbulda təşəkkül edən “Türk dərnəyi” cəmiyyətinin ilk üzvləri arasında bulunmuş bir şəxsiyyət idi”.[50]

1909-cu ildə o, Türkiyəyə qayınatası İsmayıl bəy Qaspıralı ilə birgə gedib. Bu görüşü həmin vaxt İstanbulda oxuyan, sonralar müstəqil Krım Cümhuriyyətinin başçılarından olmuş Cəfər Seyidəhməd Kırımər “Mücahid” dərgisində (IV cild, 45-46-cı saylar) dərc etdirdiyi “Qaspıralı İsmayıl bəy – Nəsib bəy Yusifbəyli” məqaləsində bədii dillə təsvir edib: “1909-cu ilin sonlarında bizim həyatımızda mühüm bir hadisə olmuşdu. Tələbə cəmiyyətimiz əcələ toplantıya çağırıldı. Bir komissiya seçildi. İstanbula gələcəyini xəbər aldığımız Qaspıralı İsmayıl bəyi qarşılayacağıq. […] Nəhayət, gözlədiyimiz gün gəldi. […] İsmayıl bəylə bərabər, Yusif bəy Akçura və İsmayıl bəyin damadı azərbaycanlı Nəsib bəy Yusifbəyli də gəlmişlərdi. Biz bu toplantıda Nəsib bəylə anlaşmış və ona candan bağlanmışdıq. İsmayıl bəy bizə ciddi və münaqişə qəbuletməz bir əda ilə elmə sarılmağı tövsiyə edir, bizim siyasi və ictimai əndişələrimizə cavab verməyi belə zaid görürdü. Yusif bəy də aşağı-yuxarı eyni fikirləri müdafiə etmişdi. Nəsib bəy isə biz gənclərdə gördüyü imandan, fədakarlıq hisslərimizdən, bilxassə inqilab atəşi ilə yanmamızdan, bütün əməllərimizin xalqımızı yüksəltməyə layiq olmasından çox sevindiyini söylədi və bizi bu yola sadiq qalaraq bu əməl üçün hazırlanmağa təşviq etdi. Nəsib bəy hər şeydən ziyadə, xarakterimizin sağlam, doğru, ciddi olmasına diqqət etməyimizi bilxassə hərarətlə tövsiyə etdi.

Nəsib bəyin sözləri bizi o qədər sarmışdı ki, İsmayıl bəyə olan hörmətimizi belə unutmuş, Nəsib bəyi ən coşğun tərzdə candan alqışlamışdıq. İsmayıl bəylə olan bu görüşlərimiz bizi ona daha fazla yaxınlaşdırmışdı. Ona qarşı bəslədiyimiz hörmət azalmamışdı, fəqət o, bizim ürəklərimizi həyəcanlandırmamışdı. Biz inqilaba inanır, ondan mədəd umurduq. Biz onun bu gələcək günlərə əhəmiyyət vermədiyini sezmiş, bundan dolayı da onu sabahın adamı olaraq tanımamışdıq. Onun mazisinə[51] hörmətlə bağlı idik. Gələcəyimiz üçünsə biz ruhən Nəsib bəyə bağlanmışdıq. Bu toplantıdakı görüşmələrimiz qafalarımızda və ruhlarımızda çox dərin izlər buraxmışdı. Bu toplantıdan sonra biz günlərcə söylənilən sözləri təhlil etmişdik…”.[52]

Bu qısa qeydlər Nəsib bəyin xarizmatik bir şəxsiyyət olduğunu, özəlliklə gəncləri ələ ala bilmək, söhbətdaşlarını inandırmaq bacarığını sübut edir.

YENİDƏN GƏNCƏDƏ

Nəsib bəy Bağçasarayda ailəsiylə birgə yaşasa da vaxtının əsas hissəsini doğma Gəncədə keçirir bu şəhərin mədəni həyatında fəal iştirak edirdi. Gəncədə onun ruhuna ən yaxın olan ocaqlardan biri burada 1905-ci ildə yaradılmış və Axund Hüseyn Pişnamazzadənin nazirliyi (müdirliyi) altında fəaliyyət göstərən Ruhani Mədrəsəsi idi. Bu təhsil ocağında İstanbul Universitetini bitirmiş Abdulla Sur və onun yaxın dostu, Azərbaycanın dahi şairi Hüseyn Cavid, Azərbaycan Cümhuriyyəti Parlamanının gələcək üzvü Rza bəy Qaraşarlı… kimi görkəmli şəxsiyyətlər dərs deyirdi. (Mədrəsənin 1905-1912-ci illər vinetkasında bu müəllimləri birgə görmək mümkündür).

Mədrəsədə dərslərin necə keçirildiyini öyrənmək üçün 1911-ci ildə burada təftiş aparılıb. Bu haqda xəbər verən “Yeni Həqiqət” qəzeti yazır ki, qonaqları müdir Pişnamazzadə, valilik qazısı Qazızadə, Şəhər İdarəsindən Ziyadxanov, Əliəkbər Rəfibəyov, doktor Həsən bəy Ağayev və hüquqşünas Nəsib bəy Yusifbəyov qarşıladılar. Bu şəxslərin hamısı dərslərdə oturub. Rza bəy Qaraşarov köhnə dərsi müzakirə edib. Şagirdlərin rus dilini zəif bilməsinə irad tutulduqda tərcüməçi N.b.Yusifbəyli bildirib ki, uşaqlar bu dili yalnız mədrəsədə eşidirlər.[53]

Nəsib bəyin Gəncə həyatının bu dönəmi onun “Təslim” hekayəsində təsvir olunub. Hekayədə yeni məktəbin qayğılarına, müəllimlərin həyatına da mühüm yer verilib. Əsərdə yeni üsuli-cədid məktəbi köhnə mədrəsə ilə toqquşur.[54]

Şəhər əhalisi arasında daha nəslinə görə deyil, artıq xalq arasında rəğbət qazanmış əməllərinə görə hörmət yiyəsi olmuş Nəsib bəyi 1912-ci ildən[55] Cümhuriyyət qurulanadək Gəncə Şəhər İdarəsinin və Gəncə Şəhər Dumasının üzvləri arasında görürük.[56]

Elə həmin ildən o, Şəfiqə xanımla uşaqlarını götürüb Gəncəyə gətirib. Burada Nəsib bəylə Şəfiqə xanımın arasında anlaşılmazlıq baş verib. (Bu işdə Şəfiqə xanımın qayınanasının da təqsirinin olduğu dilə gətirilib). Bundan bir qədər keçmiş – 1913-cü ildə N.b.Yusifbəyli mənşəcə Volqa tatarı olan Aynülhəyat Baişeva (1886-1859) ilə molla nikahı ilə evlənib. Şəfiqə xanım da qadın hərəkatı fəallarından olan Aynülhəyatı çox yaxşı tanıyırmış və hətta yaxın rəfiqəsi kimi onu Nəsib bəylə özü tanış edibmiş…[57]

Bir müddətdən sonra Şəfiqə xanım uşaqlarını da götürərək Krıma qayıdıb. 1916-cı ildə onunla Nəsib bəyin yolları ayrılıb.

Ər-arvad anlaşmazlığının kökündə nəyin durduğunu kimsə bilə bilməz. Belə hadisə vəzifəsindən, imkanından, əxlaqından asılı olmayaraq istənilən adamın başına gələ bilər və bu zaman qıraqdan baxanların hakimlik etmək istəməsi əsla doğru deyil. Təəssüf ki, Şəfiqə xanımın həyatından kitab yazan Habləmitoğulları bu cür mövqe tutaraq hakimlik etməyə çalışıblar –yazdıqları əsərin bir çox yerində yalnız Şəfiqə xanımın tərəfini saxlayaraq Nəsib bəyə qarşı kəskin ittihamlar irəli sürməklə və yaraşmayan ifadələr işlətməklə onun ruhunu incidiblər. Halbuki olduqca mənəviyyatlı və təmiz əxlaqlı insan olan N.b.Yusifbəyli Şəfiqə xanıma daim hörmətlə yanaşıb və balalarına sonsuz sevgi bəsləyib, onlara ömrünün sonunadək qayğı göstərib.

FEVRAL İNQİLABI. XÜSUSİ KOMİTƏ. TÜRK ƏDƏMİ-MƏRKƏZİYYƏT MÜSAVAT FİRQƏSİ

1917-ci ildə Rusiyada Fevral burjua inqilabı baş verdi – 300 illik Romanovlar sülaləsi devrildi, yerində Müvəqqəti hökumət quruldu. İnqilabın ilk günlərində – martın 9-da Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlarının təşəbbüsü ilə və Müvəqqəti hökumətin qərarına əsasən, Duma üzvlərindən Zaqafqaziyanın İdarəsi üçün Xüsusi Komitə (rusca: “OZaKom”) yaradıldı. Xarlamovun sədrlik etdiyi Komitənin tərkibinə Məhəmmədyusif Cəfərov, Papacanov və Çxenkeli daxil idilər. Bu Komitə 15 noyabr 1917-ci ilədək – Zaqafqaziya Komissarlığının yaranmasınadək mövcud oldu, ancaq onun nüfuzu o qədər zəifdi ki, əyalətlərdə ciddi hakimiyyətsizlik, anarxiya yarandı. Belə ağır dönəmdə hər bir xalq başını salamat saxlamaq üçün öz taleyi haqqında düşünməyə, onu güclü düşmənlərdən qoruya biləcək milli qurumlar yaratmağa girişdi. Bu zaman hər millətin, hər ölkənin, hər şəhərin özünün “Milli Komitə” adlandırılan təşkilatı meydana çıxdı, çoxlu siyasi partiyalar fəaliyyətə başladı.

Gəncədə, bilindiyi kimi, o zaman yerli əhaliyə düşməncəsinə yanaşan ermənilər də yaşayır və 1905-ci ildə olduğu kimi indi də milli qırğın törətməyə çalışırdılar. Onlar silahlı olduqlarına və daim ruslardan dəstək aldıqlarına görə şəhərin müsəlman əhalisinə ciddi təhlükə törədirdilər. Bu təhlükəni önləmək üçün Gəncədə də Müsəlman Milli Komitəsi yaradıldı.

Burjua inqilabından heç bir ay ötməmiş, 1917-ci ilin mart ayında Gəncədə qabaqlar “Difai”ni yaratmış Gəncə Milli Komitəsinin aparıcı şəxsləri – Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməhəmmədli, Şeyxzamanlı qardaşları və başqaları Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində keyfiyyətcə yeni, Avropa mədəni dəyərlərinə söykənən bir partiyanın – Türk Ədəmi-Mərkəziyyət[58] Firqəsinin əsasını qoydular.[59] Bu partiya Rusiyanı federativ şəkildə qurmaq və onun tərkibində Azərbaycana muxtariyyət vermək uğrunda mübarizə aparırdı. Yeni partiya xalqı öz proqramı ilə tanış etmək üçün şəhərin Şah Abbas məscidinin həyətində böyük mitinq təşkil etdi. Bu mitinq: “Yaşasın demokratik cümhuriyyət!”, “Yaşasın Azərbaycan muxtariyyəti!”, “Yaşasın Türk Ədəmi-Mərkəziyyət Firqəsi!” şüarları altında başa çatıb.[60]

15-20 aprel 1917-ci ildə Bakıda Ümumqafqaz Müsəlmanlarının 1-ci Qurultayı keçirilib. N.b.Yusifbəylinin rəhbərliyi altında Gəncədən olan yenilikci siyasətçilərin fəallığı bu toplantının siyasi ab-havasını müəyyənləşdirib. “Azərbaycan ideyasını siyasi bir tələb” kimi aydınlaşdıran konkret proqramlı Ədəmi-Mərkəziyyət Firqəsi öz məramına özəlliklə müsavatçılar arasında çoxlu tərəfdar toplayıb.[61]

N.b.Yusifbəyli 1-11 may 1917-ci ildə Moskvada keçirilən Ümumrusiya Müsəlmanlarının Qurultayına da qatılıb və partiyanın mövqeyini müdafiə edib. Müsavat Partiyasının sədri Məhəmmədəmin Rəsulzadə (1884-1955) də bu qurultayda federalizm tezisini dəstəkləyib.

Sözügedən qurultayların ikisinə də sədrlik etmiş Əlimərdan bəy Topçubaşovun (1862-1934) eyni mövqedən çıxış edən partiyaların birləşdirilməsi tövsiyəsinə əsasən[62] 1917-ci may ayının axırlarında hər iki təşkilatın birləşərək “Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat” adlandırılması qərara alınıb. İki təşkilatın rəsmi surətdə qovuşması iyunun 20-də birgə Mərkəzi Komitənin yaradılması ilə başa çatıb. Həmin Mərkəzi Komitəyə Ədəmi-Mərkəziyyətdən Nəsib bəy Yusifbəyli, Şəfi bəy Rüstəmbəyli, Həsən bəy Ağazadə (Ağayev) və Mirzə Məhəmməd Axundov, Müsavatdan isə Məhəmmədəmin Rəsulzadə, Məhəmmədhəsən Hacınski, Mustafa ağa Vəkilov, Xudadad bəy Rəfibəyov daxil olublar.[63] Beləliklə, Nəsib bəy həm Mərkəzi Komitənin üzvü seşilib, həm də partiyanın Gəncə təşkilatının başçısı olub.

26-31 oktyabr 1917-ci ildə Bakıda Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavatın 1-ci qurultayı keçirilib. 26 oktyabrdakı ilk yığıncaqda Gəncə təşkilatının təmsilçisi Nəsib bəy deyib ki, çin olan iki yuxu görmüşəm. Birinci yuxum Ümumqafqaz Müsəlman Qurultayı, ikincisi isə partiyanın bu qurultayıdır. Mən üçüncü yuxu da görürəm və umudvaram ki, o da çin olacaq – bu, ürəyimizdəki ən məhrəm istək və diləklərimizə yetişməkdir.[64] Elə bu istək və diləklərə yetişmək üçün Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat“Azərbaycana muxtariyyət” şüarı altında geniş milli hərəkat başlatdı.

Həmin dövrdə Gəncədə Nağı Şıxzamanlı (1883-1967) və Sarı Əliəkbərin rəhbərliyi altında şəhərə nəzarət eləmək üçün yerli əhalidən silahlı polis təşkilatı yaradılmış və qisa bir müddətdən sonra “Turkiyədən gələn mücahidlərin yardımı ilə genişlənərək Milli Komitəyə çevrilmişdir. Bu komitənin rəhbərliyinə Nəsib bəy Yusifbəyli seçilmişdir. Onun göstərişi ilə Gəncə şəhərində giriş və çıxış yolları nəzarətə alınmışdır. Beləliklə, bir müddətdən sonra Gəncə tamamilə  Milli Komitənin nəzarəti altına keçmişdir”.[65]

1917-ci il sentyabrın 1-də Bakıda Müsəlman Komitəsinin yığıncağında Kiyevdə 21-28 sentyabrda keçiriləcək Rusiyanın əsarətdən qurtulmuş xalqlarının qurultayına Gəncədən Nəsib bəy Yusifbəyli və Həsən bəy Ağayevin, Bakıdan Fətəli xan Xoyskinin göndərilməsi qərara alınıb.[66] Burada Rusiya xalqlarının öz müqəddəratını federatif-demokratik əsaslarla təyin etməsi başlıca müzakirə mövzusu olub.

ZAQAFQAZİYA KOMİSSARLIĞI. ZAQAFQAZİYA SEYMİ. ZAQAFQAZİYANIN MAARİF NAZİRİ

25 oktyabr (7 noyabr) 1917-ci ildə Peterburqda Leninin başçılıq etdiyi bolşeviklər Müvəqqəti hökuməti silahlı üsyanla devirib hakimiyyəti ələ aldılar. Zaqafqaziyadakı Xüsusi Komitə Sovet hakimiyyətini tanımadı və 11 (24) noyabr 1917-ci ildə Tiflisdə Müstəqil Zaqafqaziya hökumətinın yaradılması haqqında qərar qəbul edildi və noyabrın 15 (28)-də Zaqafqaziya Komissarlığı – üç milləti təmsil edən birləşmiş Zaqafqaziya hökuməti təşkil edildi. Sədri Y.P.Gegeçkori olan 12 komissardan (nazirdən) ibarət hökumətdə Azərbaycanı 4 komissar təmsil edirdi: Fətəli xan Xoyski (xalq maarifi), Məhəmmədyusif Cəfərov (ticarət və sənaye), Xudadad bəy Məlikaslanov (yollar), Xəlil bəy Xasməhəmmədov (nəzarət).[67] Bu komitə Müəssislər Məclisinin çağırılmasınadık mövcud olmalıydı.

Rusiyanı idarə etmək üçün 1917-ci ilin noyabrında Müəssislər Məclisinə seçkilər keçirildi. Nəsib bəy Yusifbəyli də seçilənlər arasındaydı. Müəssislər Məclisi 5 (18) yanvar 1918-ci ildə Moskvada toplandı. Məclis Sovet hakimiyyətini və 2-ci Ümumrusiya Sovetlər qurultayının dekretlərini tanımadıqda Lenin onu qovdu.

Komissarlıq 12 (25) yanvar 1918-ci ildə Zaqafqaziyanın qanunverici orqanı olaraq Zaqafqaziya Seymini yaratmaq haqqında qərar qəbul etdi. Seym Müəssislər Məclisinin Zaqafqaziyadan seçilmiş deputatlarından ibarət olmalı idi. Seymin ilk iclası 10 (23) fevral 1918-də Tiflisdə keçirildi.

Seymə Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsindən Müsavat partiyası və partiyasızlar qrupu fraksiyasına 30 nəfər seçilmişdi: M.Cəfərov, Ə.b.Topçubaşov, M.Rəsulzadə, N.b.Yusifbəyov, H.b.Ağayev, X.b.Sultanov, Q.Ə.Məhəmmədbəyov, M.Mahmudov, M.Seyidov, A.Qardaşov, Ş.b.Rüstəmbəyov, F.x.Xoyski, X.b.Xasməhəmmədov, C.b.Hacınski, C.b.Məlikyeqanov, M.b.Hacıbababəyov, H.M.S.Axundzadə, M.b.Axicanov, X.b.Məlikaslanov, L.b.Behbudov, F.b.Köçərli, M.b.Hacınski, Ə.b.Mahmudbəyov, K.V.Mikayılov, İ.a.Vəkilov, H.b.Şahtaxtinski, Ə.b.Qulubəyov, R.a.Vəkilov, Y.Əfəndizadə, M.C.Yusifzadə. Göründüyü kimi Nəsib bəy bu siyahıda 4-cü yeri tutur. 20 fevralda bu siyahıda dəyişikliklər edildi və bəzi deputatlar başqaları ilə əvəzləndi. [68]

Müsəlman fraksiyasının sədri Məhəmmədəmin Rəsulzadə, onun müavinləri Nəsib bəy Yusifbəyli və Məhəmmədyusif Cəfərov, katibləri Mustafa Mahmudov və Rəhim ağa Vəkilov ildilər.[69]

Zaqafqaziya Seyminin 18 komissiyası vardı. Bunların hamısı fraksiyalar üzrə tərtib edilmişdi. Xalq maarif naziri N.b.Yusifbəyli millətlər komissiyasında Müsavat partiyasını təmsil edirdi.[70] Bu partiya isə Azərbaycan xalqının mənafeyini Seymdə müdafiə edən qüvvə idi. Onun bütün deputatları erməni və gürcülərin kəskin təzyiqinə müqavimət göstərir və əks-hücuma da keçirdilər. Seymin 16 fevral 1918-ci il tarixli 4-cü iclasında isə onlar kollektiv güc göstərdilər.

Seymin bu yığıncağında Türkiyə ilə sülh müqaviləsi bağlamaqdan danışılır və Türkiyənin başına “ağıl qoyulur”, ona qarşı şərtlər irəli sürülürdü (bu vaxt hələ Zaqafqaziya Osmanlı Ordusunun zərbəsini ciddi dadmamışdı). Bu zaman Müsavat fraksiyasının üzvləri: M.Rəsulzadə, H.b.Ağayev, N.b.Yusifbəyli, Hacınski, C.b.Məlikyeqanov, M.b.Hacıbababəyov, Mahmudbəyov, H.b.Şahtaxtinski, Y.Əfəndizadə, H.M.S.Axundzadə, M.C.Yusifzadə və Ş.b.Rüstəmbəyov Seymə bu cür sorğu verdilər: “1) Zaqafqaziya Hökumətinə və xarici işlər komissarına bəllidirmi ki, ingilis və fransız hərbi qərargahları öz agentlərinin şəxsində Tiflisdə müharibənin davam etməsi üçün açıqca təşviqat apararaq Türkiyə ilə sülh bağlanılması işinə hər cür əngəl törədirlər?;

2) Bəllidirsə əcnəbi dövlətlərin Zaqafqaziya Hökumətinin daxili işlərinə qarışmasının qarşısını almaq üçün hansı tədbirlər görülür?”.[71]

Seymin 13 (26) mart 1918-ci il tarixli 17-ci iclasında Baş nazir Y.P.Gegeçkori özünün hökumət kabinəsini elan edib: azərbaycanlılardan N.b.Yusifbəyli maarif, X.b.Məlikaslanov yollar, F.x.Xoyski ədliyyə, Məhəmmədhəsən Hacınski ticarət və sənaye, Lütfəli bəy Behbudov poçt və teleqraf naziri, İ.b.Heydərov dövlət nəzarətçisi.[72]

Seymin bir neçə aylıq mövcudluğu müddətində gördüyü ən mühüm işlərdən biri Osmanlı dövləti ilə Zaqafqaziya hökuməti arasında Trabzon və Batumda gedən sülh danışıqlarına yön verməsi oldu. Bu danışıqların mahiyyəti nədən ibarətdi?

15 dekabr 1917-ci ildə Almaniya, Avstriya, Türkiyə və Rusiya arasında Brest-Litovsk müqaviləsi imzalandı. Bu müqavilə ilə Qars, Ərdəhan, Batum və Artvin sancaqları Türkiyəyə verildi. Zaqafqaziya hökuməti bu müqaviləni tanımadı. 3-cü Osmanlı Ordusu həmin sancaqları müharibə yolu ilə geri qaytarmağa başladıqda Zaqafqaziya hökuməti Osmanlı hökuməti ilə sülh danışıqları aparmağa məcbur oldu. Bundan ötrü Zaqafqaziya Seymi gürcü, müsəlman və erməni deputatlardan ibarət sülh nümayəndə heyəti yaradaraq Trabzona göndərdi. Zaqafqaziyanın Brest-Litovsk müqaviləsini tanımaması, Türkiyənin isə həmin müqavilədə sadalanan sancaqların dinc yolla qaytarılmasını və Zaqafqaziyanın müstəqilliyinin elan edilməsini tələb etməsi nəticəsində danışıqlar dalana dirəndi. Zaqafqaziya Türkiyəyə müharibə elan etdi. Osmanlı Ordusunun yeni hücumları nəticəsində daha çox torpaq itirən Zaqafqaziya artıq Batumda yeni danışıqlara başlamalı oldu, ancaq bu dəfə o, Brest-Litovsk sülhünü tanısa da, Zaqafqaziya Demokratik Federativ Cümhuriyyəti şəklində öz müstəqilliyini elan etsə də çox gecikmişdi – Osmanlı hakimiyyəti haqlı olaraq Türk əsgərinin qanbahası kimi yeni əraziləri tələb və işğal etdi. Buna görə də cəmi bir ümumi toplantısı olmuş Batum konfransı da yarımçıq qaldı və 26 may 1918-ci ildə Federasiyanın və Seymin dağılmasından sonra danışıqlar yeni yaranmış müstəqil Azərbaycan, Gürcüstan və Ermənistan Cümhuriyyətləri ilə ayrı-ayrılıqda davam etdirildi. Osmanlı dövləti onların hər biri ilə ayrılıqda müqavilələr bağladı.[73]

Bu ümumi bilgidən sonra yenidən Trabzon konfransına dönək. Oradakı sülh danışıqları 1918-ci ilin 14 martından 5 aprelinədək davam etmişdi. Konfransda Zaqafqaziya sülh nümayəndə heyətinə A.İ.Çxenkeli başçılıq edirdi. Müzakirələrdə onunla birlikdə tam hüquqlu 10 nümayəndə (mürəxxəs) iştirak edirdi: Heydər Abaşidze, İbrahim bəy Heydərov, Georgi Qvazava, Məhəmmədhəsən Hacınski, Ruben Kaçaznuni, Georgi Lasxişvili, Miryaqub Mehdiyev, Xəlil bəy Xasməhəmmədov, Aleksandr Xatisov və Əkbər ağa Şeyxülislamov. Bunlardan başqa, Zaqafqaziya Seymindəki müsəlman fraksiyasının başçısı Məhəmmədəmin Rəsulzadə müşavir, Seym üzvü Əhmədcövdət Pepinov isə katib kimi nümayəndə heyətinə daxil edilmişdilər.[74]

Seymin 8 aprel 1918-dəki birləşik toplantısında alınan qərara əsasən, xalq maarif komissarı Nəsib bəy Yusifbəyli və Seym katibi Əli xan Kantemirov da Trabzon konfransına göndərilmişdilər.[75] Onlar Seymin artıq Brest-Litovsk sülhünü tanıdığını və sülh müqaviləsi bağlamaq üçün Zaqafqaziya hökumətinin danışıqları davam etdirəcəyini Osmanlı nümayəndə heyətinə rəsmən bəyan etməliydilər.[76]

Osmanlı dövləti Zaqafqaziya hökumətindən tələb edirdi ki, sülh müqaviləsinə bir dövlət kimi imza ata bilmək üçün Zaqafqaziyanın müstəqilliyi elan edilsin, ancaq ruslardan da qopmaq istəməyən gürcü və ermənilər bunu əsla qəbul etmək istəmir, müsəlmanlar isə, əksinə, bu təklifi qızğın dəstəkləyirdilər. Beləliklə, hökumətdə və Seymdə ciddi ikitirəlik yaranmışdı.

20 aprel 1918-də Seymin Azərbaycandan olan deputatları (“Hümmət” xaric) yığışaraq qərara aldılar ki, Zaqafqaziya müstəqil elan edilməlidir, əks təqdirdə müsəlman fraksiyası Azərbaycanın müstəqilliyinin elan edilməsini gündəmə gətirəcək. Nəsib bəy Yusifbəyli bu fikirdə idi ki, hökumətə və menşeviklərə ultimatum verib Zaqafqaziyanın müstəqilliyinə nail olmaq lazımdır. Müstəqilliyin elan edilməsi Bakı Sovetinə qarşı mübarizəni sürətləndirə bilər.[77]

Azərbaycandan olan deputatların bu cür mövqeyi, əlbəttə, Seymin fəaliyyətinə ciddi təsir göstərirdi.

Nəsib bəy Seymin ümumi iclaslarında cəmi bir dəfə çıxış edib. 5 mart 1918-ci il tarixli 14-cü iclasda ermənilər və gürcülər ağız-ağıza verərək “Seymdə xəyanətkarlar var” deyir və bu zaman müsəlmanları nəzərdə tuturdular. Doğrudur, müsəlman deputatlardan Şəfi bəy Rüstəmbəyov, Əli xan Kantemirov, Mustafa Mahmudov, Bağır Rzayev, Aslan bəy Səfikürdski, Camo bəy Hacınski onlara layiqli cavab veriblər (Sultanməcid Qənizadə isə, əksinə, özümüzünküləri tənqid edib), ancaq Nəsib bəy Yusifbəyli də öz sözünü deyərək həm erməniləri, həm də gürcüləri kəskin tənqid edib. Onun çıxışının mətni:

“Vətəndaşlar, Seym üzvləri. Daşnaksütyun partiyası sədri məni təəccübləndirmir – başa düşürəm ki, İrəvan vilayətində baş verməkdə olan cinayətləri indi ört-basdır etmək gərəkdir, orada törədilmiş biabırçılıqlara indi haqq qazandırmaq gərəkdir: bütöv kəndlərin əhalisi qılıncdan keçirilib, sakinləri qovulmaqla süni şəkildə ərazilər yaradılıb. Ancaq məni menşevik nümayəndələrin (gürcülərin – Ə.T.) buradakı çıxışları təəccübləndirir. Mən düşünürdüm ki, bu, özbaşına çıxışlardır və gözləyirdim ki, indi kimsə duracaq və deyəcək ki, bu, özbaşına çıxışdır və biz tam başqa cür düşünürük, ancaq, təəssüf ki, bu səsi mən eşitmədim.

Vətəndaşlar, bizi çoxdan ittiham edirlər. Bizi doğramamışdan öncə ittiham ediblər – buna öyrəncəliyik. Qorxuram ki, bizi yenidən doğramaq istəsinlər. Buna görə də hökumətdən xahiş etmək istəyirəm ki, Ərdəhana komissiya göndərsin ki, qoşun göndərilməsinə və o əhalinin qırılmasına əngəl olsun. Bu əhalini xəbərdar etmək gərəkdir, çünki onlar üçün dəhşətli təhlükə var: qadınları da, uşaqları da, kişiləri də – hamını orada doğrayacaqlar”.[78]

Seymin 13 (26) aprel 1918-ci tarixli 25-ci iclasında yeni Baş nazir A.Çxenkelinin kabinetinin tərkibi elan edilərək təsdiqlənib. Azərbaycandan olan nazirlərin 5-i də bir ay öncəki – 13 (26) mart 1918-ci il tarixli Y.P.Gegeçkori kabinetindəki vəzifələrində qalıb.[79] Başqa sözlə, Nəsib bəy Yusifbəyli yenə maarif naziri kürsüsündə əyləşib.

Təəssüf ki, Nəsib bəyin Zaqafqaziya maarif naziri olduğu zaman gördüyü işlər haqqında bu gün əlimizdə bilgi və bəlgələr yoxdur, çünki onların hamısı Gürcüstan arxivlərindədir. Biz Gürcüstan Tarix Arxivində çalışarkən Seymin materiallarına üstünlük verdiyimizə görə nazirliklərin fəaliyyəti ilə maraqlanmağa imkanımız olmayıb. İnanmaq istərdik ki, yaxın gələcəkdə araşdırıcılarımız Zaqafqaziya naziri olmuş başqa soydaşlarımızla birgə N.b.Yusifbəylinin fəaliyyətini də öyrənmək üçün Tiflis arxivlərinə baş vuracaqlar.

Qeyd etmək gərəkdir ki, istər hökumətdə, istərsə Seymdə həlledici vəzifələri əllərinə keçirmiş gürcü və ermənilər müsəlmanlardan iki dəfə çox olduqlarına görə müsəlmanlar (onların həlledici qismi Azərbaycandandı) daimi basqı altındaydılar. Seymdə müsəlmanların istək və tələblərinə dırnaqarası, “xalaxətrinqalmasın” baxılır, Seym üzvləri arasında müsəlmanlarla bağlı güclü məqsədyönlü şayiə yayılırdı.

Seymdə də, hökumətdə də üç aparıcı millətin hərəsinin öz marağı olduğuna və hərə közü öz qabağına çəkdiyinə görə istər hökumət, istərsə də Seym çox ağır durumdaydı. Özəlliklə Türkiyə ilə münasibətlərdə maraq fərqləri daha qabarıq şəkildə ortaya çıxırdı – Trabzon konfransında tam məğlubiyyətə uğramış gürcü və ermənilər Osmanlı dövlətinə qatı düşmən kimi yanaşırdılarsa müsəlmanlar onun simasında öz xilaskarını görürdülər.

6 may 1918-ci ildə Seymin bütün müsəlman fraksiyası (“Hümmət” xaric) toplanaraq durumu müzakirə etdi. Qarşıdan Batum konfransı gəlirdi. Azərbaycan deputatları bu konfransa Türkiyə ilə danışıqlar apararaq ondan hərbi yardım istəmək üçün yeganə fürsət gözüylə baxırdılar. Onlar düşünürdülər ki, Bakının xilas edilməsi yalnız Türkiyənin hərbi müdaxiləsi ilə mümkündür, çünki Zaqafqaziya hökuməti bunu əslində istəmir də. Nəsib bəy Yusifbəyli həmin yığıncaqda bütün Azərbaycan Türklərinin Türkiyəyə münasibətini bu cür ifadə etdi: “Türklərin bizə doğru Zaqafqaziyaya daxil olmasına əngəl ola biləcək hər şey bizim üçün qəbuledilməzdir”.[80]

Zaqafqaziyanın taleyini həll edən Batum konfransı 11 may 1918-ci ildə toplandı. Müzakirələr Batum klubunun böyük ağac binasında getdi. Konfransın ilk və son ümumi toplantısına Türkiyə, Zaqafqaziya və Şimali Qafqaz nümayəndə heyətləri ilə yanaşı, İttifaq dövlətlərindən Almaniya təmsilçiləri də qatılmışdılar. Zaqafqaziya nümayəndə heyətinin tərkibində Azərbaycanı Məhəmmədəmin Rəsulzadə və Məhəmmədhəsən Hacınski təmsil edirdilər.

Osmanlı Ordusu 15-16 mayda ermənilərlə şiddətli çarpışmalardan sonra Gümrünü işğal etdi və bununla Türk qüvvələri Sarıqamış və Qarsdan sonra Tiflis-Culfa xəttinin birləşdiyi həyati önəmli yol qovşağını ələ keçirdi. Durumun ağırlığını görən Seym rəhbərliyi 15 may 1918-ci ildə Seym Rəyasət Heyəti, Seym fraksiyaları və Zaqafqaziya hökuməti üzvlərinin birləşmiş iclasını çağırdı. İclasın protokolundan öyrənirik ki, həmin gün Seym sədri N.S.Çxeidzenin, Azərbaycandan olan nazirlərdən X.b.Məlikaslanov, Məhəmmədhəsən Hacınski, F.x.Xoyski, N.b.Yusifbəyov,[81] [Q.b.]Camalbəyov[82], Seym üzvləri Məhəmmədyusif Cəfərov, T.b.Makinski, H.b.Ağayev və Ə.a.Şeyxülislamovun da qatıldığı yığıncaqda Baş nazir əvəzi N.V.Ramişvili deyib ki, indi elə məlumatlar veriləcək ki, onlar nəinki mətbuata və ictimaiyyətə bildirilməməli, hətta Seym fraksiyaları təmsilçilərinə də çatdırılmayası sirdir. İştirakçılar sirri açmayacaqlarına razı olduqdan sonra sədr cəbhədəki vəziyyət haqqında məlumat verib, mühüm sənədləri oxuyub. Bir sıra çıxışlardan sonra iclas hökumətin qaldırdığı məsələ ilə bağlı sərəncamları bəyənib.[83]

Batumda vəziyyəti Zaqafqaziya hökumətinin xeyrinə dəyişməyə zəif də olsa umud bəsləyən hökumət oraya yeni “nəfəs” göndərməyi qərara aldı. 16 mayda Batuma xüsusi qatarla N.N.Jordaniya, Y.Ramişvili, Artur Leyst, Şotniyev, Esadze, Papacanov, Zurabov, Bekzadyan, Ohacanyan, Qruzinian, Ujoxov (dağlıların nümayəndəsi) , Tangiyev, Teliyev, Didiqo, Mestiyev, Kupiyev, Yusifbəyli, Cəfərov, Xan Xoyski, Əfəndizadə, Xasməhəmmədov və fotoqraf Diqmelov göndərildilər.[84] Ancaq bunun da köməyi olmadı. 18-19 mayda Batum müzakirələri artıq kəsilmə mərhələsinə girdi.

21 may 1918-ci ildə günortadan sonra Batumda gürcülərlə Azərbaycandan olan deputatlar arasında özəl bir müşavirə keçirildi. Bu toplantıya gürcülərdən Nikoladze, Jordaniya, Surquladze və Avalov, Azərbaycandan Xoyski, Xasməhəmmədov, Səfikürdski, Pepinov, Yusifbəyli və Cəfərov qatıldılar. Azərbaycanlılar “ermənilər Qarabağdan vaz keçdiklərinə görə Zaqafqaziyada bir erməni dövlətinin qurula biləcəyini qəbul etdilər. Əhməd Pepinov isə Axıskanın öz müqəddəratını təyin etməsini təklif edərək buranın Türkiyəyə ilhaqını düşünməkdəydi”.[85]

Batumdadakı danışıqlarda heç bir uğur qazanmayan gürcülər almanlara umud bəsləyərək 26 may 1918-ci ildə Zaqafqaziya Federativ Cümhuriyyətindən və Seymdən çıxdıqlarını bildirdilər, Gürcüstanın bağımsızlığını elan etdilər. Bununla əslində federatif respublika da, Seym də dağıldı, çünki müsəlmanlar və ermənilər bir qurum içində heç vaxt ikilikdə qala bilməzdilər.

AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN MAARİF VƏ ƏRZAQ NAZİRİ

1918-ci il mayın 28-də Tiflisdə Canişin sarayında Azərbaycan Milli Şurasının yığıncağında Azərbaycanın da müstəqilliyini elan edib-etməmək məsələsi ciddi müzakirə edildi. Nəsib bəy Yusifbəyli də elan etməyin vacibliyini söylədi, ancaq bu işdə tələsməməyi təklif edənlər də vardı. Nəhayət, Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadənin müavini Həsən bəy Ağayev onun vəkili kimi məsələni səsə qoydu və iştirakçılardan ikisi (Sultanməcid Qənizadə və Cəfər Axundov) bitərəf qalmaqla yerdə qalanlar müstəqil Azərbaycan Cümhuriyyətinin yaranmasına səs verdilər. Fətəli xan Xoyskinin başçılığı altında təşkil edilən ilk Azərbaycan hökumətində Nəsib bəy Yusifbəyli maliyyə və maarif naziri vəzifəsini tutdu. O, Xoyskinin başçılıq etdiyi ikinci və üçüncü kabinələrdə (17.VIII.1918-07.XII.1918; 26.XII.1918-14.III.1919) maarif və məzahib naziri oldu.

Azərbaycan Cümhuriyyətinin rəhbərliyi 16 iyun 1918-də Tiflisdən Gəncəyə köçdü. Bakıda hakimiyyət əsasən bolşeviklərin və daşnakların əlində olduğuna görə Azərbaycanın ən qədim mədəni mərkəzlərindən və ən mühüm milli mədəniyyət ocaqlarından olan Gəncə müvəqqəti paytaxt seçilmişdi.

Doğrudur, bütün nazirliklər yerləşdirilmiş, işləmək üçün pis-yaxşı şərait yaradılmışdı, ancaq Bakı alınmadan bu hakimiyyətin yaşaya biləcəyinə inam çox az idi. Bu inamı da Osmanlı dövlətinin hərbiyyə naziri, başkomandan vəkili, sultanın damadı Ənvər paşa və onun Gəncəyə göndərdiyi kiçik qardaşı Nuru paşa yaratdılar. Nuru paşa qısa zaman içində Gəncəni paytaxt kimi möhkəmlətdi, Türkiyədən gəlmiş zabitlərin təlimi altında hərbi qüvvələr yetişdirdi. Onun gerçəkləşdirdiyi tədbirlər hökumətin də arxayın işləməsinə şərait yaratdı.

Nuru paşa Gəncədə olarkən onun yaxın çevrəsindəki insanlardan biri də Nəsib bəy Yusifbəyli olmuşdu. Bunu, məsələn, ondan bilirik ki, Nuru paşa Gəncə ermənilərinin nümayəndələrini qəbul edərkən onlarla söhbəti Nəsib bəy tərcümə etmişdi.[86]

Azərbaycan Cümhuriyyəti dönəmi maarif tariximizi araşdırmış dəyərli tədqiqatçı Əzizə xanım Nəzərli göstərir ki, Maarif Nazirliyi hələ Gəncədə olan vaxt orada Azərbaycan siyasi və mədəni tarixində böyük iz buraxmış Nəsib bəy Yusifbəyli, Həmid bəy Şahtaxtinski, Fətulla bəy Rzabəyov, Azad bəy Əmirov, Aynülhəyat xanım Yusifbəyova, Nurməhəmməd bəy Şahsuvarov və b. kimi görkəmli şəxslər çalışırdı.[87]

Gəncəyə gəlişin ilk günlərindən Nəsib bəy nazirliyin strukturunu təsdiq edib, görüləcək ən vacib işlərin istiqamətini müəyyənləşdirib və ən çətin şərtlər daxilində əməli işlər görülməsinə başlayıb. Ancaq maliyyə vəsaitinin və işçi qüvvəsinin hədsiz məhdud olduğu bu bir neçə aylıq dönəmdə hansısa mühüm nailiyyətlərin əldə edilməsindən danışmaq sadəlövhlük olardı.

AR Dövlət Arxivində 23 iyun 1918-ci il tarixli nadir bir sənəd saxlanılır. Doğma Türk dilimizdə və rusca yazılaraq mətbəədə basılmış bu sənəd “Azərbaycan Hökuməti tərəfindən elan” adlanır. Təəssüf ki, türkcə mətnin sol tərəfi qopduğuna görə bir çox söz və ifadələr oxunmur. Sağ-salamat qalmış rusca mətnin məzmun­una əsasən tam bərpa etdiyimiz sənədin ana dilimizdəki mətnini oxuculara təqdim edirik:

“Vətəndaşlar! Tanrının köməyiylə Vətənimiz Azərbaycanın istiqlaliyyətinə müvəffəq olduq.  [Qəti əminiz ki, millətin sarsılmaz iradəsi] sayəsində, həmcins və həmdin olan dövləti-əliyyeyi-Osmaniyyənin hüsni-təvəccöhü və [yardımı ilə Vətənimizin xoşbəxt gələcəyi təmin] ediləcəkdir. Bununla bərabər, hələlik Vətənimiz daxil və xaricdən bir çok təhlükə [ilə qarşı-qarşıyadır]. İştə bu təhlükələri nəzərə alaraq Mərkəzi Milli Şura həziranın[88] 17-ci  [günündə keçmiş Hökumətin] istefasını qəbul edərək cümlə ixtiyaratı haiz[89] yeni hökumət təşkil edib, iş başından çəkil[di], ağır vəzifəyi bizim üzərimizə yükləyərək, altı aydan uzaq olmamaq şərtiylə [Məclisi-Müəssisan çağırmağı, ölkənin] bütün müqəddəratını o məclisi-aliyə tövdi etməyi[90] əmr etdi.

Vətəndaşlar! Vətənimizin ixtiyarı artıq millətin kəndi əlinə keçdi. B[elə məsul bir dövrdə] hökumət və dövlət işləri, ərbabına tövdi ediləcəyindən, hər kişi kəndi vəzifə[si­nin başına dönməyi hökumət] tələb edir, Vətənin səadəti və millətin rifahı üçün lazım gələn tədabiri[91] nə qədər [ağır olsa da icra] etməkdən, vəzifəsini əda etməyənlərə lazım gələn cəzayı verməkdən çəkinmə[məyi] kəndisinə borc bilir.

Hökumət bu gündən etibarən bütün dövlət dairə­lə­rini, məhkəmə [və məktəbi milliləşdirməyi ən yaxın vəzifələrdən sayır], bununla bərabər, bu ağır vəzifəyi dövlət makinəsini bütün dövr içində [fəal saxlamaqla] görəcəkdir. Bunun üçün bütün dəvair[92] və məmurin[93] hökumət tərəfindən [xüsusi sərəncam olana qədər] hər kəs kəndi vəzifəsi başında qalıb, kəndi işlərinə məşğul olmalıdır.

Hökumət Vətənimiz olan Azərbaycanın bilafərqi-cins və din[94] cümlə əhali [üçün əsl vətən olmasına bütün tədbirlərlə] çalışacaqdır, kimsənin dininə, məzhəbinə, adat və ənənatına qarışmayacaqdır. Bütün [qeyri]-müslim əhali kəndi millətlərinin rifahı yolunda çalışmaqla bərabər, müştərək vətənimizin tərəqqi[sinə də səy etməlidir].

Millətdaşlar! Unutmayınız ki, istiqbalımızı qüvvətli olmaq təyin edəcəkdir! [Dövlət qüvvətini təşkil etmək üçün tezliklə] gənclərimizi silah altına dəvət edəcəyiz və əminiz ki, bu müqəddəs vəzifə[nin icrasına onlar dəstə-]dəstə qoşacaqlar. Bu müqəddəs vəzifədən boyun qaçırmaq istəyənlər haqqıyla tədib [ediləcəklər][95].

Vətəndaşlar! Üzərimizə aldığımız vəzifə ağırdır. Bunun üçün millətin müav[inətinə möhtacız. Əminiz ki,]  vətəndaşlar bilacins və məzhəb Vətən və Millət naminə kəndi müavinətlərini bizdən [əsirgəməyəcəklər. Dövləti-əliyyeyi-Osmaniyyə] övladı olan həmcins və həmdin qardaşlarımızın köməyiylə Vətənimiz olan Azərbaycanın [səadət və qüdrətə] yetişəcəyinə qəvi imanla Allahdan inayət, millətdən müavinət bəkləriz”.[96]

Sənədin altında hökumət rəisi və ədliyyə naziri Fətəli xan Xoyskinin, maarif və məzahib naziri Nəsib bəy Yusifbəylinin və 10 başqa nazirin imzası var.

Bu sənədin altında qol çəkmiş kişilər Azərbaycanın müstəqil dövlətçiliyinin gerçək qəhrəmanlarıdır! Bəli, bu nazirlər fövqəlbəşəri insanlardı! Onları nə kürsü, nə var-dövlət, nə də şöhrət maraqlandırırdı! Onların fədakarcasına gerçəkləşdirməyə can atdığı bircə müqəddəs vəzifə vardı – AZƏRBAYCAN CÜMHURİYYƏTİNİ YOXDAN YARATMAQ, ONU QORUMAQ VƏ YAŞATMAQ! Bu yolda hər məhrumiyyətə hazırdılar. Nəsib bəy Yusifbəyli də həmin təmənnasız fədakarlardandı!

1918-in sentyabrında Bakının alınmasından sonra maarif nazirinin işi başından aşıb-daşdı.

Bu vaxt Azərbaycanda cəmi 666 məktəb vardı, o cıradan Bakı şəhəri və Bakı rayonunda 33, Göyçay qəzasında 46, Şamaxı qəzasında 50, Quba qəzasında 54, Cavad qəzasında 69, Lənkəran qəzasında 48, Gəncə qəzasında 87, Qazax qəzasında 35, Qaryagin qəzasında 23, Zəngəzur qəzasında 45, Cavanşir qəzasında 33, Şuşa qəzasında 42, Ərəş qəzasında 12, Şəki qəzasında 49, Zaqatala dairəsində 40.[97]

Azərbaycan Cümhuriyyəti hökumətinin 6 oktyabr 1918 tarixli iclasında Heyəti-vükəla Rəisi (Baş nazir) Fətəli xan Xoyski ikinci kabinetindəki nazirlər arasındakı bu cür yeni portfel bölgüsü apardı:

Fətəli xan Xoyski – Heyəti-vükəla rəisi (portfelsiz); müvəqqəti olaraq Xariciyyə Nəzarətini idarə edəcəkdir

Behbud xan Cavanşir – ticarət və sənaye və daxiliyyə naziri

Əlimərdan bəy Topçubaşov – xariciyyə naziri

Məhəmmədhəsən Hacınski – maliyyə naziri

Nəsib bəy Yusifbəyov – maarif naziri

Xudadad bəy Məlikaslanov – təriq və məabir naziri

Xosrov bəy Sultanov – ərazi naziri

Ağa Aşurov – poçta-teleqraf naziri

X[əlil bəy] Xasməhəmmədov – ədliyyə naziri

Xudadad bəy Rəfibəyov – səhiyyə naziri

Musa bəy Rəfiyev – məzahib və müayinə naziri

İ[smayıl xan] Ziyadxanov – hərbi işlər müvəkkili

Əbdüləli bəy Əmircanov – hökumət kontrolu[98].

Əlbəttə, bu bölgüdə təəccüblü heç nə yoxdur. Ancaq indiyədək heç yerdə qeyd olunmamış bir fakt ortalığa çıxıb – Nəsib bəy Yusifbəyli 10 noyabr 1918-ci ildə ərzaq naziri vəzifəsində də əmrlərə qol çəkib, nazirliyə yeni işçilər götürüb! [99] Doğrudur, yuxarıdakı siyahıda ərzaq naziri və onun adı yoxdur, ancaq iş burasındadır ki, Ərzaq Nazirliyinin ləğv edilməsi haqqında da heç bir sənədlə üzləşmirik. O dönəmdə bir nazirə əlavə başqa nazirliyin də həvalə edilməsi təcrübəsinin olduğuna söykənərək güman edirik ki, indiyədək Ağa Aşurovun başçılıq etdiyi və 15 oktyabradək (!) “ərzaq naziri” kimi əmrlərini imzaladığı bu nazirlik ləğv edilməyib, onun idarə edilməsi də Nəsib bəyə tapşırılıb və o da qanuni şəkildə əmrlər verib. Bu zaman N.b.Yusifbəylinin Azərbaycan Cümhuriyyəti hökumətində bir yox, iki nazirliyə (Maarif/Maarif və Məzahib Nazirliyi, Ərzaq Nazirliyi) rəhbərlik etdiyi təsdiqlənmiş olur.

13-23 dekabr 1918-də maarif nazirinin yaxından dəstəyi ilə Xalq Məktəbləri Müfəttiışiyi müfəttişlərin qurultayını keçirdi. Bu qurultay məktəb həyatının ən geniş məsələlərini müzakirə etdi və görüləsi işləri müəyyənləşdirdi.[100]

Bütün ölkədə məktəb binalarının çatışmazlığı maarif işinə əngəl törədən ən mühüm amildi. Özəlliklə Bakıda məktəb binalarıyla bağlı faciəli durum yaranmışdı. Erməni daşnakları Mart hadisələri zamanı onların bir çoxunu yandırmış, bir çoxu ingilis qoşunları yerləşdikdən sonra sıradan çıxmış, bir çoxunda da Naxçıvan və Zəngəzur qaçqınları yerləşdirilmişdi.[101]

1918-in payızında ingilis qoşunları Mariya gimnaziyasını, Mixail məktəbini, Puşkin, Budaqov və Turgenev məktəblərini, eləcə də Zabrat məktəbini zəbt etmişdilər. Buna görə də Şəhər İdarəsi məktəblərçün özəl evləri icarəyə götürməyə məcbur olmuşdu. İngilis qoşunları qərargahının sərəncamına əsasən, 5-ci ali ibtidai məktəb 8 yanvar 1919-da tutularaq əşyaları həyətə atılmış, bu haqda heç şəhər başçısına və Şəhər İdarəsinə də xəbər verilməmişdi, halbuki İdarənin nümayəndəsi Britaniya Qoşunlarının Yerləşməsi üzrə Komitəyə daxildi. Məktəb kimi istifadə edilən Nəşri-Maarif Cəmiyyətinin binasını ingilis qoşunları tövləyə çevirmiş, onun döşəməsini, pəncərə örtülərini, dəhlizini dağıtmış, bağındakı illər boyunca əkilmiş 220 ağacı məhv etmişdilər (vurulan ümumi ziyan 272 min manatlıqdı). Cəmiyyət ziyanı ödəməyi tələb etsə də ingilislər heç veclərinə də almamışdılar.[102]

Kənd yerlərində vəziyyət daha acınacaqlı idi. Bu üzdən də kənd idarələrinin binaları 1919-cu ilin payızında məktəblər üçün verildi. Bunların bir çoxu ən müxtəlif səbəblər üzündən işləmirdi.

Cümhuriyyət hökuməti məktəblərin bərpasına xeyli vəsait ayırdı: Qazax qəzasına 75.460, Zaqatala dairəsinə 45 min, Lənkəran qəzasına 515 min,  Cavanşir və Zəngəzur qəzalarına 163.400 manat.[103]

Maarifin problemləri yalnız məktəb binalarıyla bitmirdi – sinfə girəcək, şagirdləri yetişdirəcək müəllimlər tapılmırdı, çünki onların maddi durumu çox ağırdı, buna görə də hətta ixtisaslı müəllimlərin çoxu yüksək maaşlı başqa qulluqlara keçmişdi. Maaşın azlığı, evsizlik, yolpulu üzündən ucqar kənd məktəblərinin çoxu müəllimsiz qalmışdı. Buna görə Şamaxı və Göyçay qəzalarında hətta 1920-ci ilin başlarında 112 məktəbdən 47-si işləmirdi.[104] Doğrudur, 1 yanvar 1919-da Parlaman xalq məktəbləri müfəttişlərinin maaşını ayda 2000 manat etdi,[105] ancaq yüksək bahalıq üzündən bu da dərdə məlhəm olmadı.

Mövcud problemlər içərisində dərslik yoxluğu daha önəmli yer tuturdu. Milli hakimiyyət çara sədaqət və velikorus şovinizmi ruhunda yazılmış dərslikləri bir qırağa atmağa, millət balalarını milli ideologiyaya uyğun dərsliklərlə tərbiyə etməyə məcburdu. Ancaq bu, xeyli vaxt aparan və vəsait tələb edən bir işdi. Ona görə də hökumət ilkin çarə kimi yeni dərsliklər yaradılanadək xüsusi əllərdəki türkcə kitabları almaqçün Maarif Nazirliyinə 27 oktyabr 1919-da 1.205 türk lirəsi ayırdı.[106] Türkiyədən dərsliklərin gətirilməsinə də baş vuruldu.

Nazirlikdə dərslik hazırlayan komissiyalar yaradıldı. Onların əməyi ilə artıq 1919-cu ildə “Yeni məktəb”, “Yeni qiraət”, “Uşaq gözlüyü” və b. dərsliklər nəşr edildi.[107]

Azərbaycanda ilk dəfə olaraq Türk qadınları üçün savadlandırma kursları açıldı. Yerli əhalinin savadsızlığını ləğv etməyə imkanlar yaradıldı.[108]

Bunlar Nəsib bəy Yusifbəylinin maarif nazirliyi dönəmində onun rəhbərliyi altında 1918-in iyunundan 1919-un martınadık görülmüş işlərin əsas qismidir.

Nəsib bəy 14 mart 1919-cu ildə hökumət başçısı – Rəisi-vükəla (Baş nazir) seçildi. Bu zaman da o, maarif işlərinə xüsusi diqqət yetirdi, hökumətin daxili siyasətində maarif məsələlərini önə şəkdi. Aşağıda sadalayacaqlarımız onun baş nazirliyi dönəmində gerçəkləşmiş işlərdir.

7 avqust 1919-da Türk Müəllimləri Birliyinin (sədri Ağababa bəy İsrafilbəyov) ilk ümumi yığıncağı keçirildi. Bu yığıncaq 25 avqustda keçirilən Türk Müəllimlərinin III Qurultayını hazırlayaraq gerçəkləşdirdi.[109] Qurultayın təşkilində N.b.Yusifbəylinin şəxsi rolu ayrıca qeyd edilməlidir.

1 sentyabr 1919-da – Nəsib bəyin baş nazirliyi dövründə Parlaman Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul etdi. Hələlik iki fakültəsi olan universitetdə mühazirələr 15 noyabrdan başlandı.  Cümhuriyyətin görkəmli dövlət xadimləri Məhəmmədəmin Rəsulzadə və Rəşid xan Qaplanov Türk ədəbiyyatı tarixi üzrə ilk müəllimlər oldular.

1 sentyabr 1919-da Parlaman 1919/20-ci dərs ilində əcnəbi ali məktəblərdə oxumaq üçün 100 tələbə göndərməkdən ötrü 7 milyon manat ayırdı. 14 yanvar 1920-də onlar Bakıdan təntənəylə yola salındılar. 29 fevral 1920-də XMN tələbələrin 1sentyabr 1920-yədək ehtiyaclarını ödəmək üçün AC-nin İstanbuldakı diplomatik nümayəndəsinə əlavə 25 min frank və Parisdəki Azərbaycan sülh heyəti sədrinə 171.732 frank göndərdi.[110]

N.b.Yusifbəyli hökuməti təhsil sistemində milliləşdirmə apardı. Bu prosesdə yaranan çətinlikləri nəzərə alan Nəsib bəy nazirliyin təklifi ilə şəhərlərdə dövlət dilini məcburi fənn kimi tədris etmək şərtiylə rus bölmələrinin də yaradılmasına razılıq verdi. Həmin dövrdə Türk uşaqların yalnız milliləşdirilmiş məktəblərdə təhsil almaları tələb edilirdi. Lakin müstəsna hallarda ana dilində danışa bilməyən uşaqlar Xalq Maarifi Nazirliyinin xüsusi razılığı ilə rusca təhsilə buraxıla bilərdi.

1 noyabr 1919-da Azərbaycanda 30 orta təhsil müəssisəsi vardı: 8 kişi, 10 qadın gimnaziyası, 6 real məktəb, 2 kommersiya məktəbi, 1 politexnik məhtəb, 3 müəllimlər seminariyası. 1920-nin başlanğıcında özəl politexnikum da açıldı.

1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirildi, Bakıda darülmüəllimin[111] və və darülmüəllimat[112], Şəkidə darülməllimin açıldı, Zaqatala, Ağdam və Şuşada belə müəssisələrin yaradılması qərara alındı.

Hökumət yeni orta təhsil müəssisələrinin açılması üçün də bir neçə qanun layihəsi qəbul etdi.[113] Orta məktəblərin maddi bazası gücləndirildi.[114] Milli müəllim kadrların hazırlanmasına xüsusi diqqət yetirildi.[115] Türkiyədən də müəllimlər dəvət edildi. 5 noyabr 1919-da oradan ilk dəstə – 50 müəllim gəldi. [116]

Təhsildə bu cür milliləşdirmə siyasətinin milli təhsilimizin tarixində müstəsna rolu oldu. Nəsib bəyin rəhbərliyi ilə hazırlanıb həyata keçirilən qərarlar sayəsində Azərbaycanda ümumi təhsil müəssisələrində tədrisin təşkilinin ana dilində aparılmasına dair maarifçilərimizin yüz illər boyunca arzuladığı milli istək gerçəkləşdi, Türk dili məktəbdə dövlət dili statusu qazandı, təlim-tərbiyə, təhsil dilinə çevrildi.

1919-un noyabrında nazirlik məktəb binalarının tikintisi, təchizatı və əsaslı təmiri üçün 91.644 manat ayırdı.[117]

Rəisi-vükəla Nəsib bəy Yusifbəyli 22 dekabr 1919-da Parlamanda çıxış edərək hökumətin xalq təhsilinin bütün sahələrinin inkişafına yardım göstərəcəyini, bundan ötrü maliyyəni əsirgəməyəcəyini bildirmişdi.[118] Gerçəkdən, Nazirlər Şurası 1920-nin başlanğıcında XMN-ə dərslik hazırlayan komissiyalar üçün 152 min, kağız almaq üçün 500 min, ərəb şriftləri almaq üçün 200 min manat vəsait ayırdı. Bu vəsaitlər hökumətin maarif və təhsilə ayırdığı xərclərin yalnız bir hissəsidir. Hökumətin qayğısı nəticəsində ana dilimizdə bu dərsliklər yaradıldı: “Türk əlifbası”, “Təzə elmül-hesab” (3 hissədə) , “İkinci il”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Yeni məktəb”, “Müəllimi-sərf”, “Sərfi-türki”, “Türk çələngi”, “Tarixi-təbiə”, “Rəhbəri-cəbr”, “Coğrafiya” (2 hissədə) , “Hikməti-təbiə”.[119]

Bütün bunlar həm nazir və baş nazir Nəsib bəy Yusifbəylinin, həm də onun təmsil etdiyi Azərbaycan Cümhuriyyətinin təsəvvürəgəlməz ağır iqtisadi və siyasi durumda gördüyü milli işlərin şərəfli tarixçəsidir!

PARLAMAN ÜZVÜ. BAŞ NAZİR

Azərbaycanın ilk müstəqil dövlətinin qurucularından olan Nəsib bəy Yusifbəyli siyasi xadim və dövlət adamı kimi ilk ciddi təcrübəsini Tiflisdə Zaqafqaziya miqyaslı nazir və parlamentari (Seym üzvü) kimi çalışarkən qazanmışdı.

Nuru paşanın başçılığı altında Qafqaz İslam Ordusu sentyabrda Bakını işğalçılardan azad etdikdən sonra dövlətin möhkəmləndirilməsində ən mühüm addım 7 dekabr 1918-ci ildə Məclisi-Məbusanın (Parlamanın) açılması oldu. Nəsib bəy Azərbaycan Milli Şurasının 44 üzvü ilə bərabər avtomatik olaraq məbuslar (deputatlar) sırasına daxil edildi. O, Parlamanın bütün mövcudluğu ərzində  tutduğu vəzifədən asılı olmayaraq milli məsələlərin müzakirəsində fəal iştirak edib, özünün vətəndaş mövqeyini çəkinmədən ortaya qoyub, Parlaman kürsüsündə üst-üstə 25 dəfədən artıq çıxış edib. Məclisi-Məbusandakı ən nüfuzlu partiyanı və dövlətin ən nüfuzlu məqamını təmsil etdiyinə görə onun çıxışlarının çəkisi ağır, söylədiyi fikirlərin ictimai rəyə təsiri geniş olub.

Təəssüf ki, indiyədək Nəsib bəyin Parlamandakı çıxışları haqqında Azərbaycan oxucusu, demək olar ki, heç nə bilmir, halbuki onun ideoloji-siyasi-sosioloji görüşləriylə tanış olmaqçün bu, olduqca önəmlidir. Durumu nəzərə alaraq, bir məqalənin imkan verdiyi həcmdə həmin çıxışların ən vacib məqamlarını (dilini sadələşdirməklə) oxuculara çatdıracağıq.

Beləliklə, 25 yanvar 1919-cu ildir. Məclisi-Məbusanın 9-cu iclası gedir. Gündəlikdəki 2-ci məsələ Gəncə Bələdiyyə İdarəsinə yoluxucu xəstəliklərlə mübarizə aparmaq üçün 450 min rubl borc verilməsidir. Həkim Musa bəy Rəfiyev bu haqda məruzə etdikdən sonra başqaları məsələyə münasibət bildirir. Kürsüdə növbəti natiq Azərbaycan Cümhuriyyətinin maarif və məzahib (məzhəblər) naziri Nəsib bəy Yusifbəylidir. O, hökumət adından izahat verərək bəyan edir ki, natiqlərin dediklərindən belə anlaşılır ki, guya hökumət kəndləri unudaraq ancaq şəhərlərə kömək edirmiş. Əlbəttə, bu barədə Səhiyyə Nəzarəti[120] özü izahat verər, amma indi bunu demək istəyirəm ki, hökumət kəndləri unutmamışdır və bu gün kəndlər ehtiyacı üçün təxsisat istəmirsə səbəbi budur ki, Parlament açılmadan bu məqsəd üçün hökumət ixtiyarında pul var idi. Səhiyyə Nəzarəti kəndlərdə yoluxucu xəstəliklərlə mübarizə ehtiyacına öz sərəncamındakı 3-4 milyonluqdan sərf edir və bu yolda ciddi tədbirlər görür, nazir kəndlərə göndərmək üçün təbib, feldşer və sairələrdən mütəşəkkil səyyar dəstələr təşkil edir. Bunlar yaxın zamanda həmin kəndlərə göndəriləcəkdir. Nəinki yalnız kəndlərə, şəhərlərə də Səhiyyə Nəzarəti tərəfindən ayrıca olaraq pullar sərf edilir və ediləcəkdir. Ancaq indi hökumət şəhərlərə yardım üçün məbləğ istəyir. Səbəbi də budur ki, şəhərlər yoluxucu xəstəliklərlə mübarizə işlərində nazirliyə kömək edirlər, fəqət pula möhtacdırlar, ona görə bizdən borc pul istəyirlər. Buna görədir ki, hökumət Parlamentə müraciətlə pul ayrılmasına izn istəyir.[121]

Parlamanın 14 aprel 1919-cu il tarixli 29-cu iclası Nəsib bəy Yusifbəyli üçün çox əlamətdardır – bu gün o, Azərbaycan Cümhuriyyəti Heyəti-Vükəlasının (Nazirlər Şurasının) Rəisi-vükəlası (Baş naziri) seçilib və Parlamanda söz ona verilib. Onun bu proqram səciyyəli çıxışı Azərbaycan dövlətçiliyinin və demokratiyasının tarixini öyrənmək baxımından çox qiymətlidir. Buna görə də stenoqramın başlıca yerlərini ixtisarla veririk:

Yusifbəyli (Mərkəzdən və soldan şiddətli alqışlar içərisində kürsiyi-xitabətə çıxaraq bu nitqi irad edir): Möhtərəm deputatlar! Əmrinizlə təşkil etdiyim hökumət, üzərinə nə qədər ağır və nə qədər böyük bir məsuliyyət almış olduğunu anlayır. Doğrudur, Azərbaycan milləti istiqlaliyyətini elan etdiyi bu az bir zamanda yarü əğyar nəzərində müstəqil olmağa layiq bulunduğunu göstərdiyindən, bugünkü hal və mövqeyimiz iki ay əvvəlkindən daha mətin və daha sağlamdır. Əvət, 10 aydan bəri de-fakto müstəqil olan Azərbaycan bu gün böyük dövlətlər tərəfindən dəxi hüsni-qəbul ərəfəsində bulunduğuna və Azərbaycan Türklərinin yaxın bir zamanda dünyanın bilcümlə mədəni millətləri ailəsinə daxil olacağına umudumuz güclüdür. (Mərkəzdən alqış) .

Bu, belə olacaqdı, çünki Azərbaycan Türkləri yekvücud olaraq erkək-qadın, gənc-ixtiyar, fəqir və zəngin, fəhlə və rəncbər, “Müsavat”, “Əhrar”, “Sosialist”, “İttihad”, xülasə bütün millət təni-vahid kimi istiqlalımızı mühafizə etməyə yəmin etmişdir. (Mərkəzdən və soldan alqış). Çünki millətin bu əzminə bilavasitə şahid olan böyük və demokratik İngiltərə komanda heyətinin, aldığı təəssüratı qərəzsiz, mübaliğəsiz Parisdə təşkil edilən Məhkəmeyi-kübrayə[122] ərz edəcəyi şübhəsizdir.

…Bu gün qarşımızda istiqlalımızla bərabər, ərazi bütövlüyümüzü təmin etmək üçün həlli gözlənilən bir çox məsələlər vardır. Hökumət bir an əvvəl məzkur məsələlərlə məşğul olmağı özü üçün ən mühüm və müqəddəs vəzifələrdən sayır. Məlumunuzdur ki, Azərbaycanın ayrılmaz bir hissəsini təşkil edən Lənkəran qəzası hələ yabançılar əlindədir.[123] 100 minə qədər vətəndaşımızın həyatlarına, irz və namuslarına təcavüz edilir. Azərbaycanın Tiflis və İrəvan vilayətlərindəki hissələrinə göz dikənlər də vardır.

Bu məsələləri həll etmək, həm də son imkanlara qədər sülhlə həll etmək hökumətin ümdə və əsas vəzifələrindəndir. (Sağdan: “Qarabağ! Qarabağ”!). Hökumət inanmaq istəyir ki, Azərbaycanın bu gerçək haqqı bugünlərdə Tiflisdə təşkil ediləcək konfransda da qonşularımız tərəfindən təslim və qəbul olunacaqdır, çünki biz bilirik ki, bizim kimi qonşularımız da bizimlə sülhlə yaşamaq istəyirlər. Zaqafqaziyada təşəkkül etmiş cümhuriyyətlərin istiqbalı bu cümhuriyyətlər arasında sülh və səlahın davamına bağlıdır. Bu isə hər kəsin haqqı özünə verilməklə mümkündür.

Qonşularımızdan bəhs edərkən bir-iki söz Dağıstan Cümhuriyyəti xüsusunda ərz etmək istərdim. […] Şimali Qafqaz azərbaycanlıların vətəni, Azərbaycan Şimali Qafqazlı dindaşlarımızın yurdu, ocağı kimidir… Denikinin orduları Şimali Qafqazın üzərinə hücum edərək cəsur və şücaətli dindaşlarımızın qarlı dağlarını al qanlara boyayıb, onları və onlarla bərabər bizləri yenidən əsarət altına almaq fikrindədirlər. Halbuki bu işin o qədər asan olmadığını Qafqaz qartalları bu günlərdə o qasidlərə qanlı dərslər verməklə isbat edirlər. Bu aslan mücahid qardaşlarımız bilməlidirlər ki, biz hər zaman onlarla bərabərik.

Möhtərəm əfəndilər! Digər qonşularımızla da indiyə qədər olduğu kimi sülh və salamatlıqla yaşayacağıq. Sevgili Azərbaycanımızın şan və heysiyyətini mühafizə etməklə bərabər, hökumət qonşular arasında çıxan bütün məsələlərin sülhlə həll edilməsi tərəfdarıdır. […] Təbii, bu sülh və səlahın başqa şərtləri də vardır, o da azlıqda qalan millətlərin haqqını tanımaqdır. Zülm və istibdad altında yaşayıb da “inorodes” adı altında bir əsrdən bəri maddi və mənəvi baxımdan bir çox təzyiqlərə məruz qalan Azərbaycan Türkləri Azərbaycan daxilindəki bütün vətəndaşlarına bir gözlə baxmaqla hər kəsin öz dilində yazıb-oxumasına, öz dilini və öz milliyyətini mühafizə etməsinə müsaidə etməzsə tarixi bir səhv etmiş olur. Onun üçün hökumət sevgili Azərbaycanımızın bütün vətəndaşlarımız üçün həqiqi bir vətən olmasına çalışacaqdır.

[…] Burada torpaq məsələsindən, fəhlə məsələsindən uzun-uzadı bəhsə lüzum görmürəm, çünki kəndliyə torpaq, fəhləyə iş deputatların əksəriyyətinin şüarı olduğundan, təbii, hökumətin də şüarı olacaqdır. Torpaq məsələsini qəti surətdə həll etmək, təbii, milləti gerçəkdən təmsil edəcək Məclisi-Müəssisanın haqqıdır. Bu xüsusda bugünkü hökumətin üzərinə ancaq bir vəzifə düşür, o da məsələni ətraflı hazırlamaq, torpaq işlərinə dair bütün vasitələri toplamaq və yazıb hazırlamaq və bu surətlə Məclisi-Müəssisanda bu ağır və mühüm məsələnin asanlıqla həllinə yardım etməkdən ibarətdir. Bununla bərabər, istər torpaq və istər fəhlə məsələsində bir ixtilaf çıxarsa hökumət hər zaman zəhmətkeşlərin hüququnu müdafiə edərək onların tərəfində olacağını vəd edir. (Mərkəzdən və soldan alqış). Hökumət fəhlənin iş haqqını müdafiə və özünü sığorta üçün qanunlar hazırlayacaq.

Deputat əfəndilər! Söz azadlığı, mətbuat azadlığı, yığıncaq azadlığı mədəni və demokratik bir dövlət təşkilinin başlıca şərtləridir. Bu xüsusda, zənn edirəm, hər kəsdən biz irəli gedirik. Azərbaycanda görülən bu azadlıqlar dünyanın heç bir tərəfində mövcud deyildir. Hökumət, təbii, müqəddəs olan bu azadlıqları qoruyacaqdır. Hər kəs nə yazırsa yazsın, hər kəs nə istəyirsə söyləsin, harada yığışırsa yığışsın, yalnız bir məsələ vardır ki, ona əl uzatmağa dözülə bilməz – o da Azərbaycanın istiqlaliyyəti məsələsidir. (Ümumi sürəkli alqış). Bu istiqlaliyyəti, millətin bu müqəddəs və qanuni haqqını təhqir etdirməməyə, bu ülvi hissiyyatına toxundurmamağa hökumət var qüvvəsiylə çalışacaqdır. (Mərkəzdən, soldan alqış) . […] …Bu müqəddəs hürriyyətlərdən sui-istifadə edənlər məmurların deyil, ədliyyə məhkəmələrinin adilanə və qanuni qərarlarına tabe tutulacaqlardır.

Əfəndilər! Bu azadlıqların ən müqəddəsi, məlumi-alilərinizdir ki, vicdan və şəxsiyyət azadlığı, mənzil toxunulmazlığıdır. Təbii, əqidə və vicdana aid məsələlər üçün demokratik cümhuriyyətimizdə kimsə təqib edilə bilməz. […]

…Zemstvo idarələrini mümkün qədər sürətlə meydana gətirməyə hökumət təşəbbüs və mövcud şəhər idarələrini həyata dəvət edəcəkdir və bununla bərabər, hökumət məmləkətin idarə bölgüsünü dəyişdirməyə icazənizlə başlayacaqdır.

Təbii, sui-istifadə ilə mübarizənin başqa çarələri də vardır. Ən təsirli çarələrdən biri də cinayət işlərini qanunən aparmaqla canilərə hər kim olursa olsun cəzasını verməkdir. Hökumət bu xüsusda üzərinə düşən vəzifəni icra edəcəkdir. […] Bunun üçün də ədliyyə məhkəmələri əhaliyə daha yaxın və milli bir ruhda olmalıdır. Bu xüsusda da hökumət bir yenilik göstərməyə və tez bir zamanda seçilmiş hakimlərin ədliyyə məhkəmələrinə cəlbinə çalışacaqdır.

[…] Möhtərəm deputatlar! Məlumunuzdur ki, istiqlalımız, gələcəyimiz yalnız maarifə bağlıdır. Milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə bizim üçün xoşbəxtlik və nicat umudu qalmaz. Hökumət bunu bilir, bunun üçün ibtidai təhsilin ümumi olmasına əsas hazırlamağa və bu sentyabrdan ibtidai məktəblər açmağa təşəbbüs edəcəkdir. Sənaye məktəblərinə ayrıca diqqət edəcəkdir. Mövcud edadi məktəbllərdən bir qismi tədricən milliləşdiriləcək, digər qismi isə qeyri-müsəlman uşaqlar üçün rus dilində davam edəcəkdir. Hər millətin öz dilində oxumasına heç bir maneə olmadığından onların uşaqları üçün hökumət hesabına məktəblər açılacaqdır. […] Müəllimlərə olan ehtiyacımızı ödəmək üçün yetərincə darülmüəlliminlər[124] açmaqla bərabər, xaricdən də müəllimlər dəvət etməyə çalışacaqdır. Dərs kitablarımız da azdır. Maarif Nəzarəti bunun çarəsini düşünəcəkdir. İndidən komisyonlar təşkil edilmişdir. Bir çox kitablar seçilmiş və tərtib edilmişdir. Bunların nəşrinə təcili başlayaraq sentyabradək lüzum görülən kitabları bütünlüklə ortaya qoymağa və tədarükə səy edəcəkdir.

Hökumət ali təhsili də düşünmüşdür. Bunun üçün ali kənd təsərrüfatı məktəbi haqqında qanun layihəsi bəyənməyiniz üçün təqdim edilmişdir. Tiflisdəki Zaqafqaziya Universitetinin paytaxtımıza nəqli üçün müzakirələrə girişilərək sentyabrın başlarında dərslərə burada davam edilməsinə çalışılacaqdır. Universitetimizdə, təbii, dilimizin, tariximizin, ədəbiyyatımızın inkişafına, xidmət edə biləcək kürsülər[125] açılacaqdır.

Deputat əfəndilər! Gələcəyimizin təmini üçün başqa tədbirlər də görmək lazımdır. O da iaşə, ticarət və maliyyə işlərini yoluna qoymaqdır. Ərz etdiyim bu işlər bir-birinə sıxı-sıxı bağlıdır.

[…] …Daxili və xarici ticarəti dövlət öz öhdəsinə almışdı. Bu üsulun nə qədər zərərli və yanlış nəticələr verdiyi məlumunuzdur. Təbii, Azərbaycan hökuməti bu üsuldan vaz keçdi, daxildə ticarəti yenidən diriltməyə çalışdı. […] Bu isə artıq Ticarət Nəzarətinin işidir, ona görə hökumət İaşə Nəzarətini ləğv edərək bu nəzarətin bəzi vəzifələrini Ticarət Nəzarətinə verməklə kifayətlənəcəkdir.

[…] Bizim də sərvətimiz, rifah halımız yalnız neft ticarətinə bağlıdır, halbuki neftimizin ən böyük bazarı olan Rusiyanın yolu bağlıdır. Bazar açılmazsa biz korluq çəkəcəyik. […] Hərgah Astraxan[126] tərəfindən bizə ticarət qapılarını açmaq istərlərsə müəyyən şərtlərlə qəbul edə bilərik. Gerçəkdən, bizim Rusiyanın daxili işlərinə qarışmağa haqqımız yoxdur. Rusiyada hansı firqə qalib gələcək, hansı adamlar iş başına keçəcək – bu, bizim vəzifəmiz deyil, böyük Rusiyanın öz işidir. Biz Rusiya dövləti ilə hər zaman sülh və səlahla dostanə keçinmək istərik. Yalnız bir məsələ var ki, bolşevik Rusiyamı, menşevikmi, yoxsa birimi olsun, bizim daxili işlərimizə qarışmamalıdır. Biz Rusiyadan yalnız bunu tələb edirik. Bunun da haqqımız olduğunu, təbii, kimsə inkar etməz, zənn edirik. (Mərkəzdən, soldan alqış). […] Astraxan yolu açılarsa iki yüz milyon puda yaxın neftimizi ixrac edə biləcəyimizdən nəticədə 2 milyarda qədər bir para Azərbaycana daxil olmuş olacaqdır. […]

Möhtərəm əfəndilər! Dəmiryollarımızda da islaha bir çox cəhətlər vardır. Bu xüsusda hökumət çalışır və çalışacaqdır. […]

Möhtərəm deputat əfəndilər! […] Bunu birdəfəlik bilməliyik – qüvvətli olmasaq nə hürriyətimiz, nə də istiqlalımız [mümkün deyil]. Onun üçün hərbi işimiz hökumət işinin əsası olacaqdır. Əsgərimizin ehtiyacına, ləvazimatına hökumət ayrıca diqqət və səy edəcəkdir. Əsgərlik kimi müqəddəs vəzifənin ilk əvvəl zənginlərin, imkanlıların, ziyalıların övladlarının vəzifəsi olduğunu hökumət onlara anladacaqdır. (Ümumi sürəkli alqış). Bundan boyun qaçıran olarsa lazım gələn cəza veriləcəkdir. Xülasə, əfəndilər! Təkrar edirəm, hər şeydən əvvəl, gələcəyimiz qüvvətə və millətin əzminə möhtacdır. Birincisi hərbiyyə nazirimizin müqtədir və təcrübəli əllərində olub, ikincisi isə sizin əlindədir.

Əfəndilər! Təşkil etdiyim hökumət aramızda bulunan bütün partiyaları əhatə etmir. Onun üçün, təbii, müxalifətdə qalanlar da sizin aranızda olacaqdır. Mən ancaq bir şeyə əminəm – o da istiqlaliyyət məsələsində olan birliyinizdir və bunun üçün də var qüvvəmlə və böyük inamımla çalışacağımı vəd edirəm. (Səslər: “Qarabağ, Qarabağ məsələsi”? Ümumi və sürəkli alqış)”.[127]

[…] Möhtərəm deputatlar! Mənim bəyannaməmdə nə qədər mübahisəli yerlər və məsələ varsa o xüsusda sözümü dedim. Çox mübahisəsiz məsələlər vardır ki, hökumət o xüsusda söz söyləməyi artıq bilir. İrəvan, Lənkəran, Tiflis sözü oldusa o da ondan ötəridir ki, onlar mübahisəlidir. Qarabağ xüsusunda mübahisə yoxdur, onun üçün də mən mübahisəli olmayan məsələ haqqında bir söz belə söyləməyi artıq bildim”.[128]

Baş nazirin Parlamandakı bundan sonrakı çıxışları da ümumən Azərbaycanın o dönəmdəki tarixini öyrənmək baxımından dəyərlidir, ancaq bir məqalənin imkanlarını nəzərə alaraq onlar haqqında ötəri bilgi veririk.

 1919-un mayında Rusiyanın agentləri olan Əliheydər Qarayevlərin, Şaumyanların və başqalarının əliylə Bakıda rus fəhlələrinin çox işlədiyi müəssisələrdə tətil təşkil edilmişdi. Bu məsələ Parlamanda da müzakirə edilirdi.

Parlamanın 6 may 1919-cu il tarixli 34-cü iclasında Nəsib bəy Yusifbəyli bu tətilin iqtisadi deyil, siyasi olduğunu bildirir. “Bu tətilin siyasi olduğunu tətil edənlər və tətil etdirmək istəyən adamların özləri də inkar etmirlər. Onlar öz məclislərində açıq deyirlər ki, biz gərək bütün Rusiyada, o cümlədən Azərbaycanda da (ki, onu Rusiyanın bir parçası hesab edirlər) Sovdepiya hökuməti təşkil edək. Onlar bunu inkar etmirlər və bu məqsədə çatmaqdan ötrü hər vəsiləyə müraciət ediblər və edirlər”.[129]

Baş nazir çıxışında daha sonra deyir ki, indiyə qədər iş başında olan hökumət və indiki hökumət Azərbaycanda mətbuat azadlığı, yığıncaq, tətillər azadlığını qoruyub. Bunun səbəbi odur ki, hökumətimizə hər nə qədər bəy-xan hökuməti desələr də iş başında olan hökumət öz demokrat və xalqpərəst əməli ilə demokratlığı sübut edib. Ancaq indi bu azadlıqdan sui-istifadə edilir. Bu vəziyyət içəridən deyil, xaricdən qaldırılır ki, bundan da “əsl məqsəd Azərbaycanı Rusiyaya ilhaq etməkdir. Bunu rusların əksəri, mütəəssifanə, hər bir rus istəyir”.[130]

“Rusiya bizim istiqlalımızı tanıyarsa, bizimlə hesablaşarsa o zaman neft verərik. Bunlar olmayınca hökumət Sovdepiyaya neft verməz. Lakin bunlar (Parlamandakı Qarayevlər – Ə.T.) deyirlər ki, yolu şərtsiz açın, gəlsinlər. Buna heç bir hökumət, heç bir fəhlə, Türk demokratiyası, heç bir azərbaycanlı razı olmaz”.[131]

Bu yığıncaqda Nəsib bəy ikinci dəfə söz alaraq deyir: Burada Məclisi-Məbusan üzvü Əhməd bəy Pepinov buyurdu ki, hökumət, ya Parlaman fəhlələrin çörək və ərzaqlarının ucuz olması üçün tədbirlər görmür. Mən sizə ərz eləmək istəyirəm ki, bizim dəmiryol fəhlələri Gürcüstan dəmiryolu fəhlələrindən iki dəfə artıq məvacib alırlar. Tiflisdə çörəyin girvənkəsi 8 manat, 10 manatdır, burada isə oradan çox ucuzdur. Bundan əlavə, bizim dəmiryol fəhlələri indiyə qədər hökumət əliylə 2 manata çörək yeyirlər. Bununla belə, heç bir dəfə Gürcüstanda tətil olmur, burada isə olur. Görünür ki, məsələ çörək məsələsi deyil, məsələ özgədir. Məsələ Azərbaycan məsələsidir.[132]

Parlamanın 12 may 1919-cu il tarixli 36-cı iclasında N.b.Yusifbəyli kürsüyə üç dəfə çıxmalı olub. Müəllimlərin maaşının artırılması müzakirə edilərkən o bəyan edib: “Möhtərəm deputatlar! Müəllimlərin maaşını nə qədər artırsanız yəqin ediniz ki, bundan bir şey itirməyəcəksiniz, çünki bizim varlığımız və gələcəyimiz ancaq müəllimlərin əlindədir. Müəllim nə qədər ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən bir şey çıxmaz”.[133]

Müəllimlərin maaşının artmasına hökumətin etirazı olmayacağını bildirən Nəsib bəy ümumən maaş artımıyla bağlı müəyyən tövsiyələrini verib.

Parlamanın 22 may 1919-cu ildəki 42-ci iclasında Bakı Şəhər Dumasına yardım məsələsi müzakirə olunduqda sosialistlərlə bitərəflər arasında mübahisə düşüb. İbrahim Əbilov və tərəfdarları Bakı Soveti dönəmindəki “demokratik” Dumanı tərifləyib və iniki Dumaya yardıma qarşı çıxıblar, Ağa Aşurov və əqidədaşları isə “demokrat”ların Martda millətin başına gətirdiyi müsibətləri xatırladaraq indiki Dumaya üstünlük veriblər. Baş nazir N.b.Yusifbəyli bu məsələyə və ümumən sosialistlərin mövqeyinə öz yanaşmasını açıqlayıb: “Mənə elə gəlir ki, bu gün müzakirə olunan məsələ mətləbdən bir qədər uzaqlaşdı. Hər iki tərəf, mənim fikrimcə, doğru deyildir, səhvdir. Ağa Aşurovun sözündən belə çıxdı ki, köhnəki kimi bacarıqlı adamlar yerində qalsaydı işlər yaxşı gedərdi. Sol tərəfdən deyirlər: əgər bu heyət bolşeviklərdən olsa idi cənnət hasil olardı. Bunun heç biri dürüst deyildir, çünki o cənnət nə bacarıqlı, nə də bolşeviklərin olması ilə hasil olmaz. […] Bizə ikisi də məlumdur. Nə birincilərin və nə ikincilərin olması ilə işlər yaxşılaşmazdı. Müharibə və inqilab hər şeyin əsasını dəyişibdir. Sizə misal üçün bunu söyləyə bilərəm ki, tək menşeviklərdən ibarət olan Tiflis Duması aylar ilə müəllimlərinə məvacib verə bilmir. […] Hökumət bütün Azərbaycan şəhərləri üçün yeni bir qanun layihəsi hazırlayıb qəbul etmişdir. Bu gün-sabah burada müzakirə edəcəksiniz. O vaxt lazım gələn şeylər dəyişə bilər. Burada, mənə elə gəlir ki, əgər sosialistlər bilsə idilər ki, onların dediklərini cümləniz qəbul edəcəksiniz, heç danışmazdılar. (Ümumi gülüş). […] Onlar yəqin bilirlər ki, şəhərə para verilməlidir, çünki o paranı alanlar müəllimlər, həkimlər və fəhlələrdir. Bunu özləri yaxşı bilirlər, ancaq burada bir az gözəl sözlər söyləmək lazımdır, ona görə söyləyirlər. Mən elə güman edirəm ki, bu Parlament öz yolunu dəyişməz, tutduğu yoldan çıxmayacaqdır. Sosialistlər qoy gözəl mövqe tutsunlar və gözəl sözlər danışsınlar, lakin o pulu verəcəksiniz ki, Bələdiyyə İdarəsinin məmurları maaşsız qalmasın”.[134]

22 may 1919-cu ildəki iclasda Denikinin Könüllü ordusunun Dağıstana və Azərbaycana hücumu ilə bağlı hökumətə sual ünvanlanıb. Rəisi-vükəla: “Daxil olan suala cavab verməzdən əvvəl sizə ərz edirəm ki, bizim hüdudumuzu heç kəs keçməmişdir və ancaq meyitlərimiz üzərindən keçə bilərlər. (Hər tərəfdən şiddətli alqış və “bravo” sədaları)”.[135]

Sonra o, Parlamana bilgi verib ki, Dağıstana 3-4 eşalon kazak əsgəri gəlib. Bunlardan biri Petrovskiyə, biri də Dərbəndə gəlib. Bu dəqiqə Dağıstan nümayəndəsinin göndərdiyi teleqrafdan anlaşılır ki, elə böyük bir şey olmayıb. Teleqrafı imza edən də Dağıstan hökuməti rəisi Kotsevdir.[136] Hər şey öz yerindədir. Təfsilatı məlum deyildir. Ancaq orada bir şey yoxdur. Olsa da hələlik deməyə ehtiyac yoxdur. Dərbənddən bu yana bir adam keçməyib.

Bu məlumatı alandan sonra biz İngiltərə hökuməti hərbi qüvvələri başçısı qarşısında həm yazılı, həm şifahi etiraz etdik, çünki İngiltərə hökuməti nümayəndələri həmişə bizə demişlər ki, Könüllü ordu əsgərləri hüdudu keçməyəcəkdir. Bundan başqa, general Şatelvort[137] ilə xüsusi görüşdüm. General Şatelvort söylədi ki, ingilis hərbi qüvvələrinin qərarı dəyişməyib və heç bir zaman Könüllü ordu Petrovskidən bəri keçməməlidir. Doğrudur, Petrovski nümayəndələri tərəfindən ona məlumat verilib, ancaq Petrovskidən bu tərəfə eşalonun keçməsi kimin icazəsi ilə və nə üçün olduğu məlum deyildir. Öz tərəfindən lazım olan tədbirlər görülüb və aldığı məlumatı alan saatdan bizə xəbər verəcəkdir.

İngiltərə nümayəndələrinə söylədim ki, biz vədlərdən artıq doyduq. Bundan belə biz özümüzə güvənəcəyik və lazım gələrsə bir adam kimi hürriyyət və istiqlalımızı müdafiəyə qalxışacağıq. Kim olursa-olsun, dünyanın böyük və qüvvətli dövləti olursa-olsun, qarşısına çıxıb müdafiə edəcəyik.

Bakıda İngiltərə komandanlığı nəzdində Denikinin polkovnik Lazarev kimi bir nümayəndəsi vardır. Bir neçə gün bundan əvvəl ondan belə bir kağız almışam: “Cənubi Rusiya silahlı qüvvələri komandanlığı Azərbaycan əleyhinə heç bir təcavüzkaranə hərəkətdə bulunmaq fikrində deyil. Biləks, Azərbaycanın istiqlalını münasib görür və tanıyır”. Mən bunu yazan Lazarevi çağırtdırıb dedim: “Hansına inanaq – kağızınıza və ya əməlinizə?”. Lazarev yenə bir çox andlardan və yəminlərdən sonra dedi ki, mənə heç bir şey məlum deyildir. O dedi ki, mən bir şeydən qorxuram: ola bilsin ki, Denikinin və ordunun qərarından Dağıstanda bulunan komandanlığın məlumatı olmasın.

Nə qədər ki Könüllü ordu Dağıstandadır, onu biz özümüzə təhlükə sayıb, qarşısına tədbir görməkdən çəkinməyəcəyik.[138]

İSTİQLAL BAYRAMI. DENİKİN TƏHLÜKƏSİ

1919-cu il mayın 28-də xalqımız çox ağır bir vaxtda, demək olar ki, general A.İ.Denikinin (1872-1947) rəhbərlik etdiyi Könüllü ordu ilə müharibə vəziyyətində öz istiqlalının bir illik yubileyini qeyd etdi. Bu təntənəli bayram münasibətilə baş nazir Nəsib bəy Yusifbəyli Azərbaycan Cümhuriyyəti əhalisini təbrik edərək demişdi ki, millətin həyatında bu kiçik vaxtda Azərbaycan Türkləri özlərinin müstəqil dövlət qurmaq qabiliyyətinə malik olduğunu göstərdilər. Gerçəkdən, istər Fətəli xan Xoyskinin, istərsə də Nəsib bəy Yusifbəylinin baş nazir olduğu bu bir ildə Azərbaycan müstəqil dövlətin bütün atributlarını yaratdı, dövlətin idarəçilik mexanizmini tam formalaşdırdı. Parlamentli dövlət olan Azərbaycan Cümhuriyyətində hakimiyyətin üç qolunun üçü də müstəqil fəaliyyət göstərir, biri obirinin işinə qarışmır, ancaq üçü də əl-ələ verərək dövlətin güclənməsi və xalqın rifahı üçün var gücü ilə çalışırdı. Əlbəttə, bu, bütövlükdə xalqın demokratik bir quruluş yaratmaq yolundakı mühüm qələbəsi idi. Ancaq bu qələbəyə ciddi təhdid vardı.

…Parlamanın 5 iyun 1919-cu ildəki 45-ci iclasında da Denikin təhlükəsi yenidən gündəmə gəldi. Yenə Rəisi-vükəla Nəsib bəy Yusifbəyli deputatlar qarşısında geniş izahat verdi.  O bildirdi ki, dünən Denikinin nümayəndəsi polkovnik Lazarevdən bir kağız gəlib. Ondan görünür ki, Denikin Rusiya təşkil olunana qədər bizim istiqlaliyyətimizi tanıyır və “sizə təhlükə yoxdur” deyir, ancaq bunun adicə kağız olduğunu özləri tez vaxtda isbat elədilər.

Mənə teleqraflar çatandan sonra, təbiidir ki, burada İngiltərə komandanlığı ilə görüşməyi özümə borc bildim. General Kori[139]Zaqafqaziyada olan müttəfiq qüvvələrin baş komandanıdır. Dünən onunla və Şatelvortla görüşdük. Teleqraflar onun qabağında idi. Onlara da gəlmişdi. Soruşdu ki, nə tədbir görürsünüz? Ona dedim ki, vətənimizi mühafizə edəcəyik, buna görə hər bir tədbir görürük və görəcəyik.

Söhbət çox uzun oldu. Hamısını təfsilən ərz eləməyi artıq bilirəm. Nəticədə o, mənə təminat verdi ki, general Denikinin bu hərəkətinə pis nəzərlə baxır, Vətənimiz yolunda gördüyümüz təşəbbüsatımızı yersiz bilmir. Digər tərəfdən, deyir: Sizi əmin edirəm ki, Bakıya o tərəfdən hücum olmaz, çünki dəniz əlimizdədir.

Demək, gördüyünüz kimi, ingilis nümayəndələri ilə əvvəlinci görüşdə Şatelvortun guya bitərəf qalmaq fikri vardı, amma axırıncı dəfə Kori tərəfindən təminat verildi ki, Azərbaycan hüdudlarını heç kəs keçə bilməz, hətta deyir, hər kəs keçsə həbs edərik. Deməli, bu xüsusda təminat vermək istədi. Amma, sözün doğrusu, təhlükəni biz özümüz gərək görək. Biz çox sözlər eşitmişik, bu sözlərə böyük məna vermək olmaz. İngiltərə kimi hürr bir məmləkət nümayəndələri yalan söyləməzlər, amma bəzən də söylədikləri şeylərin üstündə dura bilmədiklərini aşkar edirlər. Biz görürük bizə çox vədlər verildi. Bizə dedilər ki, Dağıstan təhlükədə deyildir, Dağıstana kimsə hücum etməz, Denikin ancaq Petrovskini baza olaraq tutacaq, Petrovskidən bu tərəfə keçməz – vaxtılə bizə bu təminatı verdilər. Şatelvortun özü ilə görüşüb bizə verdikləri həmin təminatı dedim: “Siz bu vədlərlə bizə mane oldunuz. Ola bilərdi ki, sizin vədləriniz olmasaydı biz Dağıstana böyük kömək göndərərdik, daha bu gün Dağıstan məğlub və sərhədimiz təhdid altında olmazdı. Siz o vaxt vəd verdiniz, bunun nəticəsi nə oldu? Nəticədə Denikin Şimali Qafqazı tutdu.[140]

YUSİFBƏYLİYƏ ERMƏNİ QƏSDİ

Nəsib bəyin həyatının ən qaranlıq nöqtələrindən biri 4 iyun 1919-cu ildə bir erməninin ona qarşı terror etmək cəhdidir. Bu haqda arxiv sənədlərini ilk dəfə olaraq oxucularımıza təqdim edirik.

Bakı Dairə Məhkəməsinin prokuroru Eristov Azərbaycan Məhkəmə Odasının prokuroruna 7 iyun 1919-cu ildə imzalayıb göndərdiyi 3112 saylı raportda göstərib ki, 4 iyunda günortaya yaxın, Bakı şəhərində Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri Yusifbəyov Baryatinski küçəsi, 6-cı evdə[141] yerləşən mənzilindən çıxıb və alaqapıdan keçməklə onu gözləyən avtomobilə əyləşərək gedib. O gedəndən beş dəqiqə sonra mənzilin yanında keşik çəkən atlı qoruma Əlihüseyn Dadaşov həyətə çıxış yolunun yanında əlində nəsə tutmuş naməlum bir adam görüb. Dadaşov ondan əlindəkinin nə olduğunu soruşduqda adam cavab verib ki, ingilislərin satmaqçün verdiyi bombadır. Dadaşov bombanı verməyi tələb etsə də adam boyun qaçırıb, müqavimət göstərib. Dadaşov alaqapı ağzında növbədə duran Mirqasım Mirağa oğlunu da çağırıb və onlar naməlum adamın əlindən bombanı alaraq özünü təcili Bakı şəhər 5-ci polis sahəsinə göndəriblər. Burada onun erməni Aram Artyomoviç Budaqov adlı erməni olduğu müəyyənləşib, üstündə bir sıra sənədlər tapılıb. Pristav M.V.Vakulo ondan bombanı haradan aldığını soruşduqda cavab alıb ki, məndə heç bir bomba olmayıb, qoruma məni küçədən keçəndə tutub. Önəmli məsələlər üzrə müstəntiq Komorovski şahidləri və Nəsib bəyi dindirib.

Sənəddə bildirilir ki, bu məsələylə bağlı cinayət işi başlanıb və istintaq aparılır.[142]

Bakı Dairə Məhkəməsinin prokuroru Eristov Azərbaycan Məhkəmə Odasının prokuroruna 10 iyun 1919-cu ildə göndərdiyi 3412 saylı təqdimatda isə bildirib: Aydınlaşıb ki, Budaqovun əlindəki bomba 1915 və 1916-cı illərdə rus ordusunun günbatan cəbhəsində yararlandığı əl qumbarasıdır (burada onu  geniş təsviri verilir). Qumbara şəhər qırağında atılarkən partlamayıb, çünki işində partladıcı kapsul olmayıb. Ancaq içində partladıcı kapsul olardısa diametri 20-30 addım olan ərazidə dəhşətli partlayış törədə bilərdi. Həmin kapsulu təhlükəsizlik üçün adətən ayrıca gəzdirirlər və onu yerinə salmaq çətin deyil və çox az vaxt alır. Budaqov istintaqda özünü suçlu saymayıb. Deyib ki, qoruma mənim erməni və Şamaxıdan olduğumu bildikdən sonra məni qərargaha aparıblar və orada bir qumbara göstərərək bunun ondan tapıldığını bildirib.[143]

Eristovun bu işi süründürdüyü açıq-aydın hiss olunur. O, 31 avqust 1919-cu ildə Ədliyyə Nazirliyinə yazdığı 5879 saylı məktubda bildirib ki, Aram Budaqovun ittihamı üzrə işi ittiham aktıyla 30 iyulda Bakı Dairə Məhkəməsinə təklif etmişəm.[144]Adamdan soruşarlar ki, bir ay öncə göndərdiyin iş haqqında niyə vaxtında məlumat vermirsən? Görünür, burada Eristovun damarlarından axan erməni qanının təsiri olub. Ancaq ən qəribəsi budur ki, Baç nazirə qəsdlə bağlı olan bir iş 30 iyulda məhkəməyə göndərilsə də ortada real nəticə yoxdur.

Aradan ötən aylarda nəyin baş verdiyi bilinmir, çünki əldə heç bir sənəd yoxdur, ancaq Məhkəmə Odası prokuroru əvəzinin 6 mart 1920-ci ildə ədliyyə nazirinə göndərdiyi 521 saylı raportda oxuyuruq ki, Aram Budaqovun işini Bakı Dairə Məhkəməsi 31 martda yenidən dinləyəcək.[145] Deməli, 4 iyunda baş vermiş hadisəyə 9 ay ərzində hüquqi qiymət verilə bilməyib!

Əlimizdəki sonuncu sənədi oxuduqda isə adam bilmir ki, ağlasın, yoxsa gülsün. Artıq 27 aprel 1920-ci ildir. Bu gecə Azərbaycan Cümhuriyyəti hakimiyyəti bolşeviklərə təslim ediləcək.  Məhkəmə Odası prokuroru əvəzi Ədliyyə Nazirliyinə 542 saylı  belə bir raportda göndərib: “Aram Budaqovun işi Bakı Dairə Məhkəməsində 31 martda dinlənildi və bəraət hökmü verildi, ancaq prokuror köməkçisi Pastuxov bundan apelyasiya etirazı etdi”.[146]

Vəssalam! Hər şey də bununla bitdi!..

ŞAHTAXTİNSKİ VƏ İSMAYILOV ƏHVALATLARI

İndiyədək Parlamanda olan çıxışlarında Rəisi-vükəla N.b.Yusifbəyli yalnız ümummilli məsələlərdən danışıb, ancaq 9 iyun 1919-cu ildəki 46-cı iclasda məruzənin mövzusu səmtini bir qədər dəyişib. Parlamandakı “İttihad” fraksiyası sorğu verib –  “Həmid Şahtaxtinski və onun müavinləri A[zad] Əmirov və F[ətulla] Rza[bəy]ov cənabları millətə xidmətdən çəkilmişlər və yaxud çəkilməyə məcbur olmuşlar. Millətimizin mənfəəti nöqteyi-nəzərindən bu adamların maarif işindən kənar edilməsini çox zərərli bir hadisə kimi qəbul etdiyimizdən bu barədə Rəisi-vükəla həzrətlərindən məlumat istəyiriz”.[147] Nəsib bəy bu sorğuya o qədər alicənablıqla cavab verib ki, sonda Qara bəy Qarabəyov kimi araqarışdıran bir adam belə onunla razılaşıb.

N.b.Yusifbəylinin cavabı həm onun tərcümeyi-halı, həm maarif tariximiz, həm də parlamentarizm tariximiz üçün çox qiymətli olduğuna görə onu aşağıda cüzi qısaltma ilə oxucuların diqqətinə çatdırırıq.

“Möhtərəm deputat əfəndilər! Əlbəttə, özgə bir zaman olmuş olsaydı mənim cavabım bu olardı ki, məmur çıxarmaq öz vəzifəmdir. Məmur qəbulu və çıxarılmasına Məclisi-Məbusan o vaxt müdaxilə edərdi ki, məsələnin siyasi rəngi olmuş olaydı. Fəqət yenə məmnuniyyətlə cavab vermək istərdim…

Məlumi-alinizdir ki, bizdə 11-ə kimi nəzarətlərimiz[148] vardır. Kiçik bir cümhuriyyət ikən bu qədər nəzarətlərə malik olmaq zərərdən başqa bir şey deyildir. Qonşu cümhuriyyətlər nəzarətlərin hamısını azaldıblar. Ola bilsin ki, biz də gələcəkdə azaltdıq. Gürcülər bir neçə nəzarətləri birləşdirmiş və bu yolla işlərini asanlaşdırmışlar. Bizdə bəzi nəzarətlər tək deyil, başqası ilə bir yerdə götürülmüşdür. O cümlədən Ədyan[149] Nəzarəti Maarif Nəzarətinə verilmişdir. Bunlardan başqa, meydanda məzbətə[150] işləri var, kağız işləri var; bunlara da baxmaq, nəzarət etmək lazımdır. Əvvəldən belə idi ki, maarif naziri həm ədyan naziri [idi], həm də məzbətələrə nəzarət edirdi. Bu işləri Maarif Nəzarətinə verməkdə məqsəd bu olmuşdur ki, Ədyan Nəzarəti məzbətə və kağız işlərinin məktəblər ilə və maarif ilə münasibət və əlaqələri vardır, onlar da Maarif Nəzarəti ixtiyarındadır. Onu da bilirsiniz, biz bir çox kitablar hazırlamaq, çap etdirmək məcburiyyətindəyik. Bunu da kim yapa biləcək, əlbəttə, maarif naziri. Buna görə məzbətə və kağızların Maarif Nəzarəti ixtiyarında qalması lazım gəlir. Əlbəttə, bu işləri bir adam idarə etməlidir; xüsusi ədyan nazirinə ehtiyac yox idi.

Yeni hökumət təşkil olunandan sonra mən Maarif Nəzarəti başından çəkilməli oldum. Oraya Həmid bəyi[151] Maarif Nəzarəti vəkili[152] təyin etdik. Yəqin bir adam tapılmaz [düşünsün] ki, mənim Həmid bəy ilə xüsusi qərəzim olmuş olsun. Bunu bilirsiniz ki, onu ilk dəfə Maarif Nəzarəti müavinliyinə dəvət edəndə hər tərəfdən etirazlar var idi. Bunu aranızdakı deputatların çoxu da bilir. 7 ay bir yerdə xidmət etdik, bir şey olmadı. Əgər bir şey olmuş olsaydı müavinim olan zaman çıxarardım. Əgər bir şey olmuş olsaydı nəzarəti də ona tapşırmazdım. Zənn edirəm bu barədə heç şəkk-şübhə ola bilməz ki, Həmid bəyə böyük hörmətim vardır.

Təbiidir, Maarif Nəzarəti Həmid bəyin ixtiyarına keçəndən məzbətə və kağız işləri və onlar ilə bərabər Ədyan Nəzarəti də onun ixtiyarına keçmiş oldu. O, mənə dedi ki, bu işlər ona xoş gəlmir və ya bacarmır. Mən dedim ki, hələ bu işlər orada qalmalıdır, sən də bir doklad[153] yaz, bəlkə dəyişdik. Mənim tövsiyələrimə rəğmən Həmid bəy bütün işləri başlı-başına buraxıb getdi.[154] İş bu yerə gəldi ki, hamı bilavasitə mənə müraciət etməyə başladı. O zaman da zabastovka[155] işləri ilə məşğul idik. Rəisliyin[156] daxili işləri az deyil, ona görə məktəb, kağız, məzbətə və qeyri maarif işlərindən ötəri mənə müraciət edənləri qəbul etmək mümkün olmurdu. Əgər onlar ilə məşğul olsaydım dövlət işləri axsayardı. Telefonla mən dedim bu, dövlət işidir, gərək doklad verəsən, baxılsın, müzakirə edilsin. Təəssüf, cavabında bir nazirə yaraşmayan bir dil ilə dedi ki, heç istəmirəm. Mən də məcbur oldum dedim ki, ya gərək işləyəsən, ya yox. Bunun üzərində istefa verdi, hökumət qəbul etməmiş iş başından çəkildi. Fəqət burasını bilirsiniz ki, hər şeyin bir qaydası vardır – istefa verən şəxs öz yerinə başqası gələnə qədər iş başında durmalıdır. Fəqət Şahtaxtinski isə deyil özü, bir-iki yoldaşları ilə bərabər nəzarətdən çəkilmişlər. Buna isə rusca “sabotaj” deyirlər. Bu hərəkət, əlbəttə, münasib deyildi – mən onların istefasını hökumətə təqdim etməmiş onlar iş başından çəkildilər.

Möhtərəm məbuslar! Nəzarət zarafat deyildir. Bu, o demək deyil istədiyini edəsən; gedəndə gedəsən, işi də görməmiş. Bu qərar ilə iş aparılarsa işimiz qabağa getməz. İşə ciddi baxılmırdı. Hərgah ciddi baxılsaydı, iş bu yerə müncər olmazdı. Əlbəttə, istefanı qəbul etməyə haqqımız yoxdur, çünki hər kəsin inadına, keyfinə milləti tabe etmək olmaz. Fəqət üsul və qaydaya riayət edilməlidir, iş başında olanlar arasında ehtiram olmalıdır. Ola bilər ki, Şahtaxtinskinin şəxsi məndən möhtərəmdir, amma qulluqda mən Rəisi-vükəlayam, o, nazir müavinidir. Mən tələb edirəm ki, ehtiram gözlənilsin, əgər ehtiram olmazsa işimiz getməz. Millətin Rəisi-vükəlası heç vaxt qəbul etməz ki, onun haqqında ehtiramsızlıq edilsin”.[157]

Baş nazirə ünvanlanan ikinci sual Heyəti-Vükəlanın (Nazirlər Şurasının) işçisi Rəşid bəy İsmayılov[158] haqqındadır. Nəsib bəy cavab verir ki, mən əskidən onun iş başında olmaması tərəfdarıydım. Bu adam çox pis şübhə altındadır – ac fəlakətzadələrin pulunu yeməkdə töhmətlənir. Bu əhvalat Tiflisdə olduğuna görə bu işə Tiflisdə Gürcüstan məhkəməsi baxır. İndi münasib olmaz ki, bu işdə Gürcüstan məhkəməsinin işlərinə müdaxilə edək. Hərgah bu əhvalat burada olsaydı və bizim məhkəmə onu zaminə versəydi mən yenə cəsarət edib məhkəmənin işinə müdaxilə etməzdim və məhkəmənin buraxdığı bir adamı tutdurmağa girişməzdim. Tiflisdə Rəşid bəy İsmayılov məhkəməyə verilib. Ehtimal var ki, bu işdən xilas olmasın. Onun bu cinayəti təsdiq olunarsa, güman edirəm, Azərbaycan Türkləri içindən çıxıb gedəcəkdir.[159]

QƏZALARA SƏFƏR. ŞUŞADA PARAD

Denikinin Azərbaycana hücumu və ölkədə bolşeviklərin də fəallaşması Azərbaycan Cümhuriyyəti hakimiyyəti üçün ciddi təhlükə törədirdi. Buna görə də AC Dövlət Müdafiə Komitəsi 11 iyun 1919-cu il tarixdə aşağıdakı məcburi qərarı hazırladı:

“I. Azərbaycan Cümhuriyyətinin bütün ərazisində hərbi vəziyyət elan edilir.

II. Aşağıdakı cinayətkar hərəkətlər ümumi məhkəmədən götürülür və Hərbi-Məhkəmə Nizamnaməsinin uyğun qaydalarına əsasən, hərbi dövrün qanunları üzrə mühakimə edilmək üçün hərbi məhkəməyə verilir…[160]

III. Aşağıdakı cinayətkar hərəkətlər də ümumi məhkəmədən götürülür və onlarda təqsirli bilinənlər inzibati qaydada məsuliyyətə cəlb edilir…[161]

IV. Yasaqlanır: 1) hakimiyyətdən icazəsiz siyasi mitinqlər, 2) icazəsiz silah gəzdirmə, saxlama və satma.

[…]

VI. III, IV və V maddələrdə göstərilənləri pozanlar ya 50.000 manat cərimə olunacaq, ya da 6 ayadək həbs ediləcək.

[…]

XII. Bu məcburi qərar “Azərbaycan” qəzetində dərc olunduğu gündən qüvvəyə minir.

Dövlət Müdafiə Komitəsi

                     Sədr: N.b.Yusifbəyov

Üzvlər:  X.b.Məlikaslanov

              A.b.Səfikürdski”.[162]

Baş nazir 1919-un 15 iyulundan Azərbaycan Ordusunun döyüş qabiliyyətini, əhalinin əhvali-ruhiyyəsini və b. öyrənmək üçün (rəsmən: “xidməti işlərə görə”) Quba və Ərəş qəzalarına, Qarabağ hərbi valiliyinə səfərə çıxdı. Bakıya göndərdiyi ünvansız bir teleqramla nazir, Dövlət Müdafiə Komitəsinin üzvü Xudadad bəy Məlikaslanova tapşırıq verdi: “Hərbiyyə nazirinin təqdimatına uyğun olaraq polkovnik Teymur bəy Novruzova general-mayor rütbəsi verilməklə onun süvari diviziyanın rəisi təyin edilməsi haqqında təcili şəkildə hökumətə məruzə etməyinizi xahiş edirəm.

Nazir-sədr Yusifbəyov”.[163]

Nəsib bəy 25 iyul 1919-cu ildə Quba şəhərində olarkən Quba qəzasının rəisinə Baş nazir yox, daxili işlər naziri kimi göstəriş verdi: “Xaçmaz stansiyasından iki vaqon dövlət buğdasını oğurlamaqda ittiham edilən şəxsləri təcili tutaraq inzibati qaydada üç aylığa həbs etmənizi təklif edirəm. İcra haqqında məruzə edin”.[164]

Yollar naziri X.b.Məlikaslanov 31 iyul 1919-da Bakıdan Yevlağa Nazir-sədr Yisifbəyov üçün teleqram vurub: “Sizin Şuşadan döndüyünüzdə Bakıya gəlməyiniz lazımdır”.[165] Deməli, bu vaxt Nəsib bəy hələ Şuşadaymış. Bu teleqram ünvansız ikinci bir arayışın da mahiyyətini açıqlamağa yardımçıdır. Arayışda oxuyuruq:

“29 iyul 1919-cu ildə sırada olmalıdırlar:

1-ci piyada Cavanşir alayı (431 nəfər)

4-cü Zaqatala piyada alayının 4-cü batalyonu (431 nəfər)

2-ci Qarabağ süvari alayı (565 nəfər)

2-ci dağ topçu diviziyası (180 nəfər)

Cəmi 1607 nəfər.

Paradın komandanı, 2-ci Qarabağ süvari alayının komandiri: polkovnik[166] (qol)”.[167]

Ən güclü və məntiqə uyğun ehtimal budur ki, 29 iyul 1919-da Baş nazir Nəsib bəy Yusifbəyli Şuşada yuxarıda sadalanan hərbi qüvvələrin iştirakı ilə təşkil olunmuş möhtəşəm bir hərbi paradı qəbul edib. Bu, özəlliklə ermənilərə “güc göstərmək” və yerli əhalinin döyüş ruhunu yüksəltmək üçün çox vacib idi.

NƏRİMAN NƏRİMANOVUN MƏKTUBU

Azərbaycan üçün belə gərgin bir dönəmdə – 16 iyul 1919-cu ildə Həştərxan Vilayəti (Quberniyası) Xalq Maarif Şöbəsinin müdiri Nəriman Nərimanov Azərbaycan Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyliyə məktub yazdı və tezliklə Azərbaycan bolşevikləri arasında oxunaraq yayıldı. Özünü, görünür, Çiçerinin yerində hiss edən maarif müdiri məktubda özünün də bir vaxtlar Azərbaycandan çıxdığını unudaraq ən iyrənc, utancverici bir şəkildə Rusiyaya yaltaqlanaraq onun mənafelərini can-başla müdafiə edir, Nəsib bəyi və silahdaşlarını müstəqil Azərbaycan Cümhuriyyəti qurmaqda və Rusiyanı Bakıdan (əslində Bakı neftindən!) məhrum etməklə bütün Rusiya xalqına, Rusiya proletariatına xəyanət etməkdə suçlayır və bir vaxtlar dueldə uduzduğu Baş naziri Rusiyanın qırmızı ordusu ilə “müdhiş saat yaxınlaşır” deyə hədələyir, onu hakimiyyətdən əl çəkməyə çağırırdı. Özünün də “tarixi sənəd” adlandırdığı bu rüsvayçı məktubdan seçmələri oxuculara təqdim edirik:

Mən türkləri Qafqaza dəvət etmək tərəfdarlarına qarşı daim ciddi surətdə çıxış etmişəm. Hətta mənim Duma salonunda oxuduğum son mühazirə də tamamilə bu məsələyə həsr olunmuşdu və mən sizin indiki vəziyyətinizi aşkar və aydın surətdə göstərmişdim. Siz pantürkizm və panislamizm  ideyalarını yayarkən mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım,lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kimi lütfkaranə baxırdım. Türkiyə “zəfərlə” gəlib rüsvayçılıqla getdi.[…]

…Bağışlayın, siz İngiltərənin çəkmələri altında əzilə-əzilə onu müsəlman kütləsinə tərifləməyə başladıqdan sonra isə daha mənim nəzərimdə ideyalı adamlar, milləti və xalqı sevən adamlar deyilsiniz (sizi müsəlman meşşanları arasında nüfuzlu edən də məhz bu idi) , bir ovuc zavod sahibinin və mülkədarın mənafeyini müdafiə edənlərsiniz. […]

…Mənə elə gəlir ki, indi bu bədbəxt müsəlman kütləsi də sizin barənizdə mənim düşündüyüm kimi düşünür. O, başına gələn bir çox hadisə və əhvalatlardan sonra belə fikrə gəldi ki, “islam” və “millət” sözləri sizin üçün yalnız bir pərdə imiş, Sovet hakimiyyəti əleyhinə ağzı köpüklənə-köpüklənə çıxış etməyə sizi bir ovuc bəy, xan və müftəxor Bakı milyonçusunun mənafeyi məcbur edirmiş. […]

Siz müsəlman ziyalıları, Azərbaycan müsəlmanlarının müqəddəratını həll edən sizlər, indi hökümət başında duranlarDenikinin sizə nələr nəsib edəcəyini çox gözəl anlayırsınız. Denikin çar generalıdır və onun şüarı məlumdur. O sizi “Yarəbb, sən çarı hifz et!” nəğməsini oxumağa məcbur edəcək və sizin Məclisi-Müəssisanınız Cümhuriyyətinizlə birlikdə bu nəğmənin sədaları arasında havaya sovrulacaqdır. Sizi çar generalına qarşı müharibə elan etməyə məcbur edən əslində budur. […]

Tezliklə Denikinin də axırına çıxılacaqdır. Sovet hakimiyyətinin qüdrətli qolları tamamilə açılacaqdır. Əgər siz əvvəlki kimi kar və korsunuzsa, əgər indi, xüsusən Versal sülhündən sonra dünya miqyasında nələr olduğunu görmür və eşitmirsinizsə, onda Sovetlər Rusiyası sizin üçün bir o qədər qorxulu deyildir. […]

Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsınız. Müdhiş saaat yaxınlaşır… […]

…Sizdən soruşacaqlar: bəs bilmirdinizmi ki, Azərbaycan və Bakı şəhəri Sovet Rusiyası üçün xüsusi mövqe tuturdu? […]

Sovet Rusiyasının Ermənistan və Gürcüstan ilə əlaqələri xüsusi rol oynamır, amma Bakı Sovet Rusiyasının həyatıdır.Siz qabaqcıl müsəlmanlar isə daim bu ciddi məsələ ilə oynayaraq rus fəhlələrinə və kəndlilərinə son dərəcə nankorluq etdiniz…[…]

Bütöv bir xalqın həyatı ilə, qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynadınız… […]

Qoy bütün dövlətlərdə sovet hakimiyyəti bərpa edilsin, islam dininə inanan xalqlar 100 ildə edə bilmədiklərini 10 ildə etsinlər.

Belə bir perspektiv qaşısında bir ovuc əxlaqsızın cibişdanı haqqında danışmaq və düşünmək bizim üçün nə qədər eyib olar, həm də onlar ona görə əxlaqsız olmuşlar ki, kapital hakim idi, əmək isə həqarət hesab edilirdi…

Belə bir ciddi dövrdə, dünya inqilabının alovları ayaqdəyməz adaları belə bürüdüyü bir zamanda mən sizi və sizin həmfikirlərinizi qəbirqazan rolundan əl çəkməyə çağırıram. Mərd-mərdanə deyin: biz Rusiya inqilabının xarakterini anlamamışıq, biz dağıdıcı imperialist müharibəsinin bütün nəticələrini nəzərə ala bilməmişik, biz meydandan çəkilirik, Azərbaycanda qoy Sovet hakimiyyəti olsun!

Mən əminəm ki, bununla siz rus proletariatı qarşısında təqsirinizi yüngülləşdirmiş olarsınız…”.[168]

“Papadan artıq katolik olmağa” – Azərbaycanın müstəqil dövlətini yıxaraq onu Rusiyanın mənafelərinə qurban verməyə çağıran N.Nərimanovu bu cür Rusiya sevdalısı olmağa vadar edən nəydi? Məncə, bunun kökünü araşdırmağa ehtiyac var, çünki indinin özündə də Nərimanova bəraət qazandırmaq, onu bu cür davranmağa kommunist əqidəsinin vadar etdiyini söyləyənlər var. Ancaq tarixi gerçəklik əksini sübut edir – Nərimanovu bu məktubu yazmağa təhrik edən onun Moskvada yüksək vəzifə tutmağa can atması olub.

Faktlara üz tutaq. Vilayət maarif şöbəsi müdirinə Moskvada yüksək vəzifə qazanmaq şansının olduğuna eyham vurulur və “sədaqəti sübut etmək” tələb olunur. Nəticədə 1919-un iyul ayında “Zaqafqaziyaya biz nə şüarla gedirik” müraciətnaməsi Həştərxanda çap edilib gizli şəkildə Azərbaycana göndərilir və Nəsib bəy Yusifbəyliyə bu məktub yazılır. Hər iki sənəd Rusiyanın xarici siyasətinə tam uyğundu. İyulun sonlarında Nərimanov Moskvaya gedir və G.V.Çiçerinlə görüşür.[169] Yəqin ki, Çiçerin də onu Leninlə görüşdürməyə söz verir.

10 avqust 1919-da keçirilən milli azlıqların maarif məsələlərinə dair müşavirədə iştirak etmək üçün Moskvaya göndərilmiş Nərimanov bu vaxt Leninlə görüşüb və “onunla Azərbaycanda Sövet hakimiyyəti uğrunda mübarizə məsələlərinə dair söhbət edib”.[170] Bu söhbətdən cəmi 5 gün sonra – 16 avqust 1919-da Rusiyanın milli məsələlər üzrə komissarı (naziri) İ.Stalin Smolenskdən RSFSR xalq xarici işlər komissarı G.Çiçerinə “Türkiyə işlərindən ermənilərin kənarlaşdırılmasının zəruriliyi və bolşeviklərin “müsəlman” siyasətini həyata keçirməkdən ötrü azərbaycanlı Nərimanovun ön plana çəkilməsi haqqında” bir məktub yazıb. O, Çiçerinə bildirir ki, Türkiyə və başqa müsəlman ölkələri ilə Rusiya arasında xarici siyasət məsələlərinin həllini xarici işlər komissarının müavini erməni Qaraxana və başqa ermənilərə tapşırılması çox ziyanlıdır, çünki özəlliklə Türkiyəni bu, çox qıcıqlandırır.

Stalin daha sonra yazır: “…Я в бытность свою в Москве предложил товарищу Ленину возбудить вопрос в ЦК о замене Карахана кем-либо из мусульман, хотя бы со средней партийной подготовкой. Нариманов для меня один из многих таких мусульман, причем не беда, если у него отсутствует широкая политическая перспектива: политику будет делать ведь не он, конечно, а ЦК, и Наркоминодел, — Нариманов важен как флаг”.[171] (Tərcüməsi: “…Moskvada olduğum zaman Qaraxanı lap orta partiya hazırlıqlı hər hansı müsəlmanla əvəz etmək haqqında MK-da məsələ qaldırmağı yoldaş Leninə təklif etdim. Nərimanov mənim üçün çoxlu belə müsəlmandan biridir, özü də, onun geniş siyasi perspektivinin yoxluğunun dərdini çəkməyə dəyməz: axı siyasəti o yox, əlbəttə, MK və Xarici İşlər Komissarlığı aparacaq – Nərimanov bayraq kimi lazımdır”) .

Bu məktubdan 9 gün sonra – 25 avqust 1919-da N.Nərimanov Şərq xalqları kommunist təşkilatları mərkəzi bürosunun iclasında Xarici İşlər Komissarlığı Yaxın Şərq şöbəsinin müdiri kimi məşvərətçi səslə büroya daxil edilib.[172] Bizcə, artıq izahata ehtiyac qalmır. Nərimanovun qurduğu yeni hakimiyyətin xalqa nə verdiyini isə sonra görəcəyik.

Nərimanovun ağızdolusu təriflədiyi “xarüqələr yaradan qızıl əsgərlər”dən ibarət XI ordu Azərbaycan xalqına yalnız fəlakət gətirdi. Tiflisdə çıxan “Qruziya” qəzeti elə o dönəmdə yazırdı:

“Zaqafqaziyaya atılmış 11-ci ordu nədir?

O, 70.000 nəfərə yaxın cır-cındır içində, ac-yalavac və əldən düşmüş adamdan ibarətdir. O, ən müxtəlif cür və cırım-cındır paltar geyinib. Qırmızıorduçuların çoxu özləriylə arcad və uşaqlarını da götürüblər. Orduda saysız-hesabsız komissar… var. Gerçək döyüş qabiliyyətlilər azdır. Ordu Həştərxan ordusu adlanır. […] Orduya gen. Levandovski komandanlıq edir. […] Qırmızıorduçular aclar diyarından gəldiklərini gizlətmirdilər. Bu, şübhə doğurmurdu. Onların bütün görünüşləri bunu hər bir sözdən daha gözəl ifadə edirdi. Təbiidir ki, bu, hər şeydən öncə, onların yeyəcək şeyləri kütləvi şəkildə qamarlayıb Rusiyaya göndərmələrinə təsir göstərib”.[173]

“Tiflisdə əlavə məlumatlar alınıb ki, guya gələn rus kommunistləri Bakıda müsəlman “inqilab komitəsi”nin bütün heyətini, yəni yenicə yaradılmış inqilabi hökuməti həbs ediblər”.[174]

Ancaq burada heç bir yalan yoxdu – Fövqəladə Komissiyanın iki əməkdaşı: Aşot Kasparov və Solomon Naydel “İslam” paroxodunda Azərbaycan İnqilab Komitəsinin və Azərbaycan Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanovu onun bütün xalq komissarları (nazirləri) ilə birlikdə həbs etmişdilər. Bununla Pankratov (Rusiya) Azərbaycanın əsl ağasının kim olduğunu Nərimanova göstərmişdi.[175]

Bu faktlarla Nərimanovun, məktubunda Nəsib bəy Yusifbəyliyə qarşı irəli sürdüyü ittihamları tutuşdurduqda Nərimanovun nə qədər miskin durumda qaldığı açıq-aydın görünür.

MÜSAVATIN 2-CI QURULTAYI. MÜHİDDİN BİRGENİN ETİRAFLARI

İqtidarda olan partiyaya az sonra əhali arasında inamın zəifləməsi və bəzən hətta tam itməsi dövlət həyatında tez-tez rast gəlinən hallardır, çünki xalq böyük umudlar bəsləyərək seçdiyi iqtidardan gözlədiklərini almayınca ondan “küsür” və bundan müxalifət istifadə edir. Özəlliklə ölkədə iqtisadi və ictimai-siyasi durum ağır olduqda iqtidarın vəziyyəti daha dözülməz olur. Eyni hal Azərbaycan Cümhuriyyətində də özünü göstərməkdəydi. Dövlət yenicə qurulurdu. Bolşeviklər, daşnaklar və ingilislər ölkəni xarabaya çevirmişdilər. Yerlərdə hakimiyyət hələ güclü deyildi. Qanunlar normal işləmirdi. Ölkədə real hakimiyyət əsasən Türkiyə və İngiltərə hərbi qüvvələrində olmuş, dövlətin bütün maliyyəsinə onlar nəzarət etmişdilər. Nefti satmaq mümkün deyildi. İqtisadi böhran vardı. Dəhşətli bahalıq xalqı dilənçiliyə sürükləyirdi. Ən zəruri ərzaq və məişət əşyaları tapılmırdı. Torpaq məsələsi həll edilmədiyinə görə kəndlilər narazı idi. Qarabağda ermənilər hakimiyyətə tabe olmaq istəmir, üsyan qaldırırdılar. Şimaldan da Denikin gözünü Zaqafqaziyaya dikmişdi…

Bunlar mövcud problemlərin bəlkə heç yarısı da deyildi. Normal vaxtda onları həll etmək üçün on illərcə vaxt lazımdı. Ancaq xalq, adətən, istədiyi hər şeyin olduqca qısa müddətdə gerçəkləşməsini arzulayır. Belə bir ortamda Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavatın istər xalq arasında, istərsə Parlamanda nüfuzuna xələl gəlməməsi mümkün deyildi. Ən azından partiya üzvlərində özünəinam yaratmaq və ictimai rəydə bəraət qazanmaq üçün partiyanın “silkələnməyə”, öz qüvvələrinə yenidən baxış keçirməyə ehtiyacı vardı.

2-11 dekabr 1919-cu ildə Bakıda partiyanın 2-ci qurultayı keçirildi. 9 gün sürən qurultay ölkə həyatında ən önəmli hadisələrdən biri oldu. Burada Azərbaycan tarixi üçün önəmli sayılacaq çox mühüm sənədlər qəbul edildi. Baş nazir Nəsib bəy Yusifbəyli təşkilində yaxından iştirak etdiyi bu mötəbər məclisdə yenidən partiyanın liderlərindən biri – Mərkəzi Komitənin üzvü seçildi.

İqtidarın üzləşdiyi ən mühüm əngəllərdən biri müxalifətin iftira və böhtanları, yolverilməz mübarizə üsulları idi. Bu iftiralar, əlbəttə, ilk növbədə Müsavatın liderləri olan Məhəmmədəmin Rəsulzadə və Nəsib bəy Yusifbəyliyə yönəldilirdi. Nəsib bəyə qarşı yaramaz hücumların mahiyyəti, onun haqqında yayılan şayiələrin bəzilərini o vaxtlarBakıda müəllim işləmiş Mühiddin Birgen özünün məşhur əsərinin[176] “Məmləkət xaricində ittihadçılar” adlı XV bölümündə bilgi verib.

M.Birgen yazır: “Bu hücumun şəkli və istinad etdiyi əsaslar haqqında dinlədiyim hekayələrin bəziləri mənim üzümü qızardacaq mahiyyətdədir. Məsələn, bu gün qarderobunda bir düjün şapka olan (adı lazım deyil!) bir zat Yusifbəyli[177] Nəsib bəyə şapka geydiyi üçün “gavur” və “ingilis tərəfdarı” deyə hücum edirmiş. Halbuki o tərəfdə Azərbaycan münəvvərinin böyük bir qismi şapka geyərdi. Bu, [Qara bəy] Qarabəyov dəstəsi tərəfindən aparılan propaqanda nümunəsidir. Bunlara görə, Müsavat hökuməti bir gavur hökumətidir, bir ingilis hökuməti! Bunu mütləq devirib yerinə ittihadi-islamçı, yaxud eyni mahiyyətdə Türkiyə ittihadçısı olan bir hökumət gətirilməlidir…

Bu vəziyyət qarşısında məhəlli siyasətçilərin aldıqları tövr də belədir: Müsavat özünü Türkiyəni təmsil etdiklərini iddia edənlər qarşısında aciz hiss edir, çünkü Azərbaycan kütləsinə “Türkiyə” deyildiyi zaman axan suların duracağını bilir. Bunun üçün onun bütün siyasəti türkiyəliləri xoş tutub özlərinə maddi və mənəvi baxımdan geniş bir yardım və hörmət göstərib özlərini Azərbaycan hökumətinə bağlamaya çalışır. Sağ cinahın Qarabəyov dəstəsi hökuməti ələ almaq üçün türkiyəliləri daha artıq tutur və hökuməti onlara qarşı kafi dərəcədə hörmət göstərməməklə ittiham edir. Məsələn, bir şayiə çıxarır və bu şayiə yalnız Bakı küçələrini deyil, bütün məmləkəti dolaşır: “Nuri paşa Yusifbəylini ziyarətə gedib və Yusifbəyli Nuri paşanı qarşılamak üçün ayağa qalxmayıb!”. Nə böyük cinayət!”.[178]

Yeri gəlmişkən, Mühiddin Birgen bu əsərində Baş nazir Nəsib bəy Yusifbəylinin Milli Mücadilə hərəkatının ilk dönəmində, Böyük Millət Məclisinin qurulmasından öncəki zamanlarda Anadolu (Atatürk) üçün iyirmi min qızıl pulla bir milyon franklıq ticari sənəd göndərdiyini, ancaq bu pulun başına macəralar gəldiyini genişliklə yazıb.[179]

CÜMHURİYYƏTİN SONU

1920-ci ilin 12 yanvarında Antanta dövlətləri Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətinin de-fakto tanınması haqqında qərar çıxardı. Bu, Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi hökumət kabinəsinin böyük nailiyyəti idi. 14 yanvarda bu hadisə Bakıda bayram kimi təntənə ilə qeyd olundu.

Cəmi 23 ay içində Azərbaycan Cümhuriyyəti hökumətləri dövlət qurumlarını formalaşdırdı, çoxminli milli ordu yaratdı, Azərbaycanın milli pulu dövriyyəyə buraxıldı, torpaq islahatı haqqında qanun layihəsi hazırlandı və həmin dövrün şərtləri daxilində mümkün olmayası bir çox işlər gerçəkləşdirildi. Bunda Nəsib bəy Yusifbəylinin də əvəzedilməz əməyi var.

1 aprel 1920-ci ildə Nəsib bəy hökuməti Məhəmmədhəsən Hacınskiyə təhvil verdi ki, yeni hökumət kabinəsi təşkil etsin. O isə ruslarla anlaşaraq hökumət təşkil etmədi və 3 həftədən sonra bildirdi ki, bunu bacarmıram…

Bizcə, Cümhuriyyətin ən son günlərində Bakıda olmuş general Kvinitadzenin xatirələri o günlərin ab-havasını obyektiv əks etdirir. General Parisdə çıxmış kitabında yazır ki, [180]  Gürcüstan hökuməti 1920-nin aprelin sonunda onu 1919-da Gürcüstanla Azərbaycan arasında bağlanmış hərbi ittifaqa əsasən Bakıya göndərib ki, orada rus ordusuna qarşı müqavimətin necə təşkil olunduğunu öyrənsin və bu işi canlandırsın. Bu vaxt bolşeviklər artıq Şimali Qafqazı və Dağıstanı tutub Samur çayında dayanmışdılar.

20 apreldə Bakıya onunla 12 süvari əsgər, general Kutateladze və Bakının və Samur çayının möhkəmləndirilməsini layihələndirmiş general Takayşvili də gəliblər. Bakıda öyrənib ki, hərbiyyə naziri, general Mehmandarov xəstədir və onun vəzifəsini müavini Əli ağa Şıxlinski icra edir və onu da Əli ağa qarşılayıb.

“Vağzaldan mən Azərbaycan hökumətinin Sədri c-b. Yusifbəyovun yanına getdim və gəlişimin səbəbini, yəni onların hərbi hazırlıqlarıyla tanış olmaq məqsədimi və bundan ötrü Bakı və Samur istehkamlarıyla tanış olmağımın gərəkdiyini söylədim. O, mənimlə çox lütfkardı; biz onunla 1918-ci ildən tanışdıq; o zaman o, Zaqafqaziya Hökumətinin üzvü, mənsə həmin hökumətdə hərbiyyə nazirinin müavini və Zaqafqaziya ordusu Baş komandanının müavini idim”.

“Sonrakı günlərdə mən Bakının həm quru, həm dəniz istehkamlarına baxdım. Bolşeviklər artıq Samurda olsalar da və onlarla savaşın yaxınlığının hiss edilməsi gərəkdiyinə baxmayaraq işlərin süst getdiyini gördüm. Hələ başa çatmamış istehkamlarda yalnız onlarca fəhlə vardı. Sonra Samura getdim. Samur istehkamları da yarımçıqdı və qətiyyən iş getmirdi. … Bu körpü azərbaycanlıların əlində olmalıydı, ancaq oraya gedəndə öyrəndim ki, o, bolşeviklərin əlindədir və beləliklə, körpü əllərində olan bolşeviklər istənilən vaxt heç bir müqavimət olmadan çayı keçə və qəflətən Azərbaycan qoşunlarına hücum edə bilərlər. Bu səfədə azərbaycanlılar tərəfdən general Usubov və polkovnik Karaqareteli də mənimləydilər. Onların birincisi Bakı qalasının qalabəyisi idi… …Bir neçə gündən sonra bolşeviklər onu güllələdilər”. [181]

Bu, Cümhuriyyətin Məhəmmədhəsən Hacınski dönəmiydi…

27 aprel 1920-ci il gecəsi 23 aylıq müstəqil bir dövlət yıxıldı və Azərbaycan yenidən rusların işğalı altına düşdü…

Yeni gələn bolşevik hakimiyyətinin mahiyyətini bircə faktla bildirmək istərdik. Sovet hakimiyyətinin ozamankı liderlərindən biri Zinovyev 1920-də Bakıda olub. Qəzet yazır: “Bu adam məhdud, kütbeyin və amansızdır. Bakıda onun ilk çıxışı da bu Lenin adyutantının xasiyyətinə tam uyğun gəlirdi, çünki Zinovyev hərfi-hərfinə belə bəyan etmişdi: “Yoldaşlar, Bakıda mənə xoş gəlməyən odur ki, mən burada hələ çoxlu şən sifətlər və həddən çox tox adamlar görürəm”.[182]

Bu təfəkkürlü insanların başçılıq etdiyi XI ordu əhalini soymağa, kütləvi şəkildə güllələməyə başladı. Mirzəbala Məhəmmədzadə yazır:“İstilanın ilk günlərində güllələnənlər arasında Haşımbəyli, Süleyman Sulkeviç, Murad Girey Telexas, Qudi və Həbib Səlimov kimi generallar, altı miralay, yeddi yarbay və bir çox minbaşı və yüzbaşı gənc Azərbaycan ordusu üçün çox böyük bir itki təşkil etməkdə idilər. Başvəkil Yusifbəyli Nəsib bəy, xariciyyə vəkili Fətəli xan, Azərbaycan Parlamenti ikinci rəisi doktor Həsən bəy Ağaoğlu, Parlamen üzvlərindən Məhəmmədbağır Şeyxzamanlı, mühərrirlərdən Piri Mürsəlzadə, milli işçi sendikaları rüəsasından Hüseyn Müzəffər və müəllimlərdən Vəsilə xanım Musabəyli ilk verilən qurbanlar arasında idi”.[183]

NƏSİB BƏYİ SOVET HAKİMİYYƏTİ ÖLDÜRDÜ

Mərhum Mövsüm Əliyev Nəsib bəy Yusifbəylinin həyatının son günlərini aşağıdakı kimi təsvir edir.

1920-ci il aprelin 27-də Bakının Sovet Rusiyasının XI ordusu tərəfindən işğalından sonra N.b.Yusifbəyli keçmiş həyat yoldaşı Şəfiqə xanımın evinə gedərək, cibində olan axırıncı pullarını stolun üstünə qoyub və öz doğma uşaqlarını qorumağı xahiş edib. Bu gün İstanbulda yaşayan Nəsib bəyin qızı Zəhra xanımın verdiyi məlumata görə, həmin gündən sonra o, atasının üzünü bir daha görməyib. N.b.Yusifbəylinin pulu olmadığı üçün yola çıxa bilməyib və öz yaxın dostlarının evində gizlənib. O, özünün yaxın dostu, Azərbaycan Parlamentinin üzvü və “Əhrar” partiyasının rəhbərlərindən biri olan Əşrəf  Tağıyevə (1860-1930) xəbər göndərərək ondan xahiş edib ki, gəlib onu Gürcüstana ötürsün. Öz dövrünün bir növ cəsur adamı olmuş Ə.Tağıyev gələrək N.b.Yusifbəylini və Müsavat Partiyasının Bakı Komitəsinin üzvü Yusif İbrahimlini (1883-1920) götürərək hökumət avtomobili ilə Gürcüstana yola düşüb. Yevlağın Qarxun kəndinə çatdıqda Ə.Tağıyev öz doğma kəndində qalıb və öz yoldaşlarından xahiş edib ki, onlar Nəsib bəyi Gürcüstana keçirsinlər. Lakin onlar avtomobilin istiqamətini dəyişərək Kürdəmir qəzasına tərəf yönəliblər. Bunun səbəbi Nəsib  bəyin əlində olan kiçik çamadan olub. Qatillər elə zənn ediblər ki, baş nazir özü ilə xaricə xeyli var-dövlət aparır. Yolları tanımayan və Azərbaycanın daxili qəzalarına bələd olmayan rus sürücü isə məsələnin nə yerdə olduğunu hiss etməyib. Avtomobil qumluq yol ilə Kürdəmir qəzasının Kür çayına yaxın meşəliyə çatdıqda qatillər öz əməllərini həyata keçirməyə  başlayıblar. Onu da qeyd edək ki, Kürdəmir qəzası o dövrdə indiki Zərdab rayonunu əhatə edirdi. Nəsib bəy və Yusif İbrahimli öldürülüb, lakin sürücü maşından tullanaraq qaça bilib. O, sonra menşevik Gürcüstanına keçə bilib. Bu hadisə bir müddət gizli qalıb. Qatillər cinayətin gizli qalmasından istifadə edərək Nəsib bəyin adından saxta məktub düzəldib və onun dəqiq imzasını çəkmək yolu ilə bir neçə dəfə onun Gəncədə yaşayan böyük qardaşı Həmid bəy Yusifbəylinin (1878-1942) ünvanına məktub göndəriblər. Nəsib bəyin adından bir neçə dəfə göndərilən bu saxta məktublarda guya onun İstanbulda dilənçi halına düşdüyü və öz böyük qardaşından pul yardımı istədiyi qeyd olunub. Qardaşının qətlindən xəbəri olmayan Həmid bəy qohum-əqrəbadan pul yığaraq məktub gətirən canilərə vermişdir ki, İstanbulda yaşayan Nəsib bəyə çatdırsınlar. Bu dövrdə Şəfiqə Sultan Qaspıralı iki uşağını götürərək İstanbula gedib və orada Nəsib bəyi axtarıb. Lakin Azərbaycanlı mühacirlərdən Nəsib bəyi İstanbulda görən bir nəfər tapılmayıb. Adi bir təsadüf nəticəsində artıq bu zaman İstanbulda olan Nəsib bəyin sürücüsünə rast gəlib. O, Nəsib bəyin keçmiş həyat yoldaşına onun Kürdəmir qəzasında Kür çayının yaxınlığında öldürüldüyünü söyləyib. Həmin əhvalatdan sonra Şəfiqə sultan xanım Gəncədə yaşayan Nəsib bəyin böyük qardaşı Həmid bəyə məktub yazaraq onun qardaşının İstanbula gəlib çıxmadığını və Kürdəmir qəzasına gedib həlak olduğunu bildirib. Həmid bəy öz yaxın qohumları ilə birlikdə Kürdəmir qəzasına gedib və həqiqətən də Nəsib bəyin orada qətlə yetirilməsi məsələsi dəqiqləşib. Məhz atasının Kürdəmirdə həlak olması ilə əlaqədar olaraq və indi artıq həyatdan köçmüş Nəsib bəyin oğlu Niyazi, Kürdəmir (1910-1964) künyəsini qəbul edib.[184]

Nəsib bəyi kimlərin və harada öldürməsi haqqında ən müxtəlif fikirlər var. M.Rəsulzadə Nəsib bəy Yusifbəylinin əziz xatirəsinə həsr etdiyi məqalədə onun Gürcüstanın Sığnax mahalında həlak olduğunu yazıb.[185] N.Şıxzamanlı (Keykurun) Nəsib bəyinn Ərəş qəzasında naməlum şəxslər təfəfindən öldürüldüyünü qeyd edib.[186] ANS TV bildirib ki, Nəsib bəy Yusifbəyli 1920-ci il mayın əvvəllərində Azərbaycanın Kürdəmir qəzasında Yevlaxın Qarxunlu kəndində o vaxtın qaçaqlarından sayılan Əşrəf adlı dəstə başçısının yaxın adamları tərəfindən qətlə yetirilib.[187] Mərhum jurnalist Hafiz Sadıq da Nəsib bəyi Qarxunlu Əşrəfin dəstəsinin öldürdüyünü yazıb: “Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Demokratik Respublikanın rəhbərləri yaxşı başa düşürdülər ki, gec-tez onlar təqibə məruz qalacaqlar. Ona görə 1920-ci ilin may ayında üç yoldaş – Nəsib bəy, Məşədi Yusif və Qarxunlu Əşrəf Gürcüstana getməyi qərara alırlar. O vaxt Gürcüstanda hələ menşevik hökuməti hakimiyyətdə idi. Heç bir yükləri olmadan bu üç nəfər Nəsib bəyin hökumət maşınında Bakıdan çıxırlar. Görünür ki, bu işdən Əliheydər Qarayev dəstəsinin xəbəri varmış. Onlar izlənirmiş. Yevlağa çatan zaman Qarxunlu Əşrəf Tağıyev öz kəndi Qarxuna gedir, Nəsib bəy Yusifə Yevlaxdan Gürcüstana keçməsini başa salır, Tiflisdə görüşəcəklərini söyləyir. Onlar bir-birindən ayrılırlar. Məşədi Yusif Yevlax-Şəki-Zaqatala-Balakən yolu ilə Gürcüstana keçib Siğnaq qəzasına çatır. Orada naməlum şəxslər tərəfindən güllə ilə vurulub qətlə yetirilir. Nəsib bəy Yusifbəylini isə naməlum şəxslər Kürdəmir-Zərdab yolunda, meşə kənarında, çay dərəsində başını kəsib qətlə yetirirlər. Qarxunlu Əşrəf Sovet hökuməti tərəfindən güllələnir. […] Görünür, Əliheydər Qarayev dəstəsi çox ustalıqla işləməyi bacarırdı”.[188]

Bizim fikrimizcə, həqiqətə ən yaxın olan da Hafiz Sadığın fikirləridir. Göründüyü kimi, o, bu işdə Əliheydər Qarayevin simasında sovet hakimiyyətini suşlayır. Ancaq biz onun fikrinə bəzi əlavə və düzəlişlər etmək istəyirik.

Qarxunlu Əşrəf Tağıyevin bu hadisədə əlinin olması tamamilə mümkündür, çünki o, “ÇK” ilə, onun sədri Mircəfər Bağırovla birbaşa əlaqədəydi. Sovet hökuməti onu siyasi mühacirlər haqqında məlumat toplamaq üçün hətta Türkiyəyə göndərmişdi.[189] Ancaq Ə.Tağıyev, bir çox ifadələrdən də göründüyü kimi, bu işdə olsa-olsa xəbərverici və yönəldici rolunda iştirak edib. Qətli törədənlərsə generalları Bakıda güllələdənlər, Fətəli xan Xoyskini və Həsən bəy Ağayevi Tiflisdə şəhid etdirənlərdir – daha açıq deyək: Moskvaya nökərçilik edən Azərbaycan İnqilab Komitəsinin rəhbərləri Nəriman Nərimanov, Əliheydər Qarayev və Mirzədavud Hüseynovdur. Nəriman Nərimanovun hələ gənclik illərindən Nəsib bəylə şəxsi ədavətinin olduğunu nəzərə alsaq bu işdə ondan daha çox şübhələnməyə haqqımız var.

Nəsib bəyin qətlini birbaşa hakimiyyət orqanlarının təşkil etdiyinə əsla şübhəmiz yoxdur. Niyə?

Birincisi, bu heç də adi quldurluq işi deyil, siyasi qətldir və bu qətli F.x.Xoyski və H.b.Ağayevin öldürülməsini təşkil edən eyni mərkəz həyata keçirib. Bu üç kişinin heç birinin qatilinin cəzalandırılmaması (Nəsib bəyinkinin tapılmaması) da bu fikri gücləndirir.

İkincisi, Bakıda çıxan rəsmi qəzetlər Nəsib bəyin ölümü ilə bağlı ən ağlasığmaz şayiələr yaydı. Misallara baxaq. Rusca “Kommunist” qəzeti yazırdı: “GƏNCƏ, 28 iyun. Tiflisdən gəlmiş yoldaşlar xəbər verirlər ki, bütün Azərbaycan əksinqilabçıları Tiflisin küçələrində dolaşırlar. İndi bütün Rəfiyevlər, general Şıxlinski, Novruzov və bütün Şamxorski bəyləri və b. oradadır.

Yusifbəyov İstanbula gedib.

Tiflisdə güclü şayiələr dolaşır ki, Xan Xoyskini Gəncə üsyanının uğursuz təşkilinə görə müsavatçıların özləri öldürüb”.[190]

Tiflisdə çıxan “Qruziya” qəzeti 1920-ci ilin 11 mayında (!) yazırdı: “Bakıya rus qırmızı ordu hissələri girib. Həyat şəhərdə öncə sakit olub, ancaq Həştərxandan “fövqəladə”nin[191] gəlməsiylə şəhərdə əsəbi əhval-ruhiyyə müşahidə edilir; fövqəladənin başında matros Pankratov durur. […] Şayiələrə görə, Yusifbəyov İranda gizlənib. […] İndi Orconikidze və Kirov Bakıdadırlar. Yeni Azərbaycan hökuməti formal baxımdan mövcud olsa da onu sayan yoxdur: hər şeyi şimaldan gəlmiş komissarlar həll edir”.[192]

Soruşuruq: bu şayiələri yayan və qəzetlərə ötürən kimdi? “Xoyskini …müsavatçıların özləri öldürüb” şayiəsini hökumətdən başqa kim dilinə dolaya bilərdi?!

Beləliklə, biz qəti hökmümüzü veririk: Nəsib bəy Yusifbəylinin ölümünü N.Nərimanovun başçılıq etdiyi İnqilab Komitəsi təşkil edib!

SON

Nəsib bəy Yusifbəylinin ən yaxın silahdaşlarından olan böyük Məhəmmədəmin Rəsulzadə demişdi: “Müzəffər istiqlal nəslinin ilk yapacağı şükran vəzifələrindən birincisi siyasi azərbaycançılığın ilk mübəşşirlərindən Nəsib bəy namını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona birər abidə qoymaqdan ibarət olmalıdır!..”.[193] Təəssüf ki, indiyədək nə Bakıda, nə də Gəncədə nə Rəsulzadəyə, nə də Yusifbəyliyə abidə ucalda bilmişik…

1-5 yanvar 2014.

[1] M.Emin. Yusufbeyli Nasip bey. – “Odlu Yurt”, 1929, №3, s. 110.

[2] Mövsüm Əliyev. Nəsib bəy Yusifbəyli.  – “Odlar yurdu” qəzeti, dekabr 1989, № 22; yenə onun: Nəsib bəy Yusifbəyli. – “İncəsənət” qəzeti, sentyabr 1993, № 14.

[3] Nazif Qəhrəmanlı. Nəsib bəy nümunəsi. Məktublar, məqalələr, çıxışlar və haqqında yazılar. Bakı: “Nurlan”, 2008, s. 3.

[4] Odessa Vilayəti Dövlət Arxivi (bundan sonra: OVDA). Nəsib bəy Yusifbəylinin şəxsi işi. Fond 45, siyahı 5, iş 15514, vərəq 11-11a, 26.

[5] Bax: Nazif Qəhrəmanlı. Nəsib bəy nümunəsi, s. 6.

[6] Bir qaynaqda oxuyuruq: “Sankt-Peterburqda ali təhsil almış Yusif bəy Yusifbəylinin həyat yoldaşı Cəmilə xanım məşhur Xanbudaqovlar nəslindən idi. Onun atası Böyük bəy Xanbudaqov 1840-cı illərdə Şəkidən Gəncə yaxınlığındakı Borsunlu kəndinə köçərək orada məskunlaşıb” (Azərbaycanın təhsil nazirləri. Bakı: “Bakınəşr”, 2010, s. 35). Burada yanlış və şübhəli iki yer var: 1) Piterdə ali təhsil almaqla bağlı iddia kökündən yanlışdır, 2) rəsmi sənəddən aydın olduğu kimi, Usub bəyin yoldaşının adı “Cəmilə” yox, “Böyükxanım”dır (ancaq ad dəyişməsini yolverilən sayırıq). Bu iki məqam Şəki-Borsunlu müddəasının da üstünə kölgə salır.

[7] OVDA, fond 45, siyahı 5, iş 15514, vərəq 11-11a, 26.

[8] «Кавказский календарь на 1916 г.». Тифлис, 1915, с. 206.

[9] Öz soyundan olan; burada: qanuni.

[10] Şəriətlə nikahı kəsilmiş.

[11] OVDA, fond 45, siyahı 5, iş 15514, vərəq 7.

[12] OVDA, fond 45, siyahı 5, iş 15514, vərəq 8.

[13] OVDA, fond 45, siyahı 5, iş 15514, vərəq 9.

[14] Doç. Dr. Şengül Hablemitoğlu, Dr. Necip Hablemitoğlu. Şefika Gaspıralı ve Rusyada Türk Kadın Hareketi (1893-1920). Ankara, 1998, s. 33.

[15] OVDA, fond 45, siyahı 5, iş 15514, vərəq 1.

[16] OVDA, fond 45, siyahı 5, iş 15514, vərəq 6.

[17] Novorossiya Universiteti hüquq fakültəsi tələbələrinin 1903-1904-cü dərs ili (IV semestr) üçün siyahısı, 137, 138, 139-cu adlar.

[18] OVDA, fond 45, siyahı 5, iş 15514, vərəq 6.

[19] OVDA, fond 45, siyahı 5, iş 15514, vərəq 2.

[20] OVDA, fond 45, siyahı 5, iş 15514, vərəq 4.

[21] Mövsüm Əliyev. Nəsib bəy Yusifbəyli. – “İncəsənət” qəzeti, sentyabr 1993, № 14.

[22] Nazif Qəhrəmanlı. Nəsib bəy nümunəsi, s. 15.

[23] OVDA, fond 45, siyahı 5, iş 15514, vərəq 13, 15.

[24]  Müxbir. Mədrəsədə təftiş.  (Gəncə) . – “Yeni Həqiqət”, 27.1.1911, N6.

[25] M.Emin. Yusufbeyli Nasip bey. – “Odlu Yurt”, 1929, №3, s. 110.

[26] Nazif Qəhrəmanlı. Nəsib bəy nümunəsi, s. 34.

[27] Doç. Dr. Şengül Hablemitoğlu, Dr. Necip Hablemitoğlu. Şefika Gaspıralı ve…, s. 34.

[28] Nağı Şeyxzamanlı. Azərbaycan istiqlal mücadiləsi xatirələri. Bakı: «Azərbaycan», 1997, s. 116.

[29] Çoxlu, xeyli.

[30] “Yeni İrşad”, 26.IX.1911, № 22.

[31] “Tərəqqi”, 1909, N9.

[32] Doç. Dr. Şengül Hablemitoğlu, Dr. Necip Hablemitoğlu. Şefika Gaspıralı ve…, s. 33.

[33] Bax: Vilayət Quluyev. Baş nazirin xanımı. – “525-ci qəzet”, 11, 18, 25, 31.XII.2010.

[34] Doç. Dr. Şengül Hablemitoğlu, Dr. Necip Hablemitoğlu. Şefika Gaspıralı ve…, s. 53.

[35] Yenə orada, ss. 46-49, 53.

[36] “Tərcüman”, 1908, № 44, ss. .2-3.

[37] Universitetə.

[38] “Tərcüman”, 24 iyun 1908, № 46, s. 3.

[39] “Tərcüman”, 27 iyun 1908,  № 47, ss. 1-3.

[40] Yenə orada, s. 1.

[41] «Переводчик», 1908. № 66, s. 4.

[42] «Переводчик», 1908. № 67, ss. 3-4.

[43] Yenə orada, s. 4.

[44] Yenə orada.

[45] Mövsüm Əliyev. Nəsib bəy Yusifbəyli. – “İncəsənət” qəzeti, sentyabr 1993, № 14.

[46] Ədəbiyyat tariximizdə “Abdulla Sur” kimi məşhurdur.

[47] “Tərcüman”, 1908, № 87, s. 3. Bu elan daha qısa şəkildə qəzetin 81-ci sayında da verilib.

[48] Nazif Qəhrəmanlı. Nəsib bəy nümunəsi, s. 8.

[49] Mövsüm Əliyev. Nəsib bəy Yusifbəyli.  – “Odlar yurdu” qəzeti, dekabr 1989, № 22; yenə onun: Nəsib bəy Yusifbəyli. – “İncəsənət” qəzeti, sentyabr 1993, № 14.

[50] Mirza Bala Mehmetzade. Milli Azerbaycan Hareketi. Ankara, 1991, s. 48.

[51] Keçmişinə.

[52] “Novruz” qəzeti, 2 aprel 1992, № 11.

[53]  Müxbir. Mədrəsədə təftiş.  (Gəncə) . – “Yeni Həqiqət”, 27.1.1911, N6.

[54] Nazif Qəhrəmanlı. Nəsib bəy nümunəsi, s. 7.

[55] Doç. Dr. Şengül Hablemitoğlu, Dr. Necip Hablemitoğlu. Şefika Gaspıralı ve…, s. 53.

[56] «Кавказский календарь на 1915 год». Тифлис, 1914, Учреждения Министерства внутренних дел, с. 164.

[57] Nazif Qəhrəmanlı. Nəsib bəy nümunəsi, s. 17.

[58] Bugünkü “federasiya” termini yerində işlədilən “ədəmi-mərkəziyyət” ifadəsi hərfən “mərkəziyyəti olmayan” anlamındadır.

[59] Zakir Murad. Nəsib bəy Yusifbəyli və onun “Ədəmi-Mərkəziyyət” firqəsi. – http://www.ganca.az/az/news/yadda%C5%9F/405-nsib-by-yusifbyli-v-onun-dmi-mrkziyyt-firqsi.

[60] Газ. «Баку», 12.IV.1917, № 80.

[61] Zakir Murad. Nəsib bəy Yusifbəyli və onun “Ədəmi-Mərkəziyyət” firqəsi.

[62] Mövsüm Əliyev. Nəsib bəy Yusifbəyli. – “İncəsənət” qəzeti, sentyabr 1993, № 14.

[63] Məryəm Oruclu. Azərbaycanda və mühacirətdə Müsavat Partiyasının fəaliyyəti (1911-1992). Bakı: “Azərnəşr”, 2011, ss.42-43.

[64] “Каспий”, 27.X.1917, № 237.

[65] Mövsüm Əliyev. Nəsib bəy Yusifbəyli. – “İncəsənət” qəzeti, sentyabr 1993, № 14.

[66] “Каспий”, 3 (16).9.1917, №197.

[67] R.Ə.Vəkilov. Azərbaycan Respublikasının yaranma tarixi. Bakı: “Elm”, 1998, s. 7.

[68] Gürcüstan Mərkəzi Tarix Arxivi (bundan sonra: GMTA), fond 1819, siyahı 1, iş 77, vərəq 10a.

[69] Mirza Bala Mehmetzade. Milli Azerbaycan Hareketi. Ankara, 1991, s. 107.

[70] GMTA, fond 1819, siyahı 1, iş 77, vərəq 10a.

[71] Закавказский Сейм. Стенографический отчет. Сессия первая. Заседание четвертое. Тифлис, 16-го февраля 1918 года, c. 40.

[72] Закавказский Сейм. Стенографический отчет. Сессия первая. Заседание семнадцатое. Тифлис, 13-го марта 1918 года, c. 29.

[73] Oğuztoğrul Tahirli. Zaqafqaziya Seymi müsəlman fraksiyasının üzvləri Trabzon və Batum konfranslarında. – “Sivilizasiya” elmi-nəzəri jurnalı, 3..2013, s 131.

[74] Закавказский Сейм. Стенографический отчет. Сессия первая. Заседание пятое. Тифлис, 17-го февраля 1918 года, c. 2; GMTA, fond 1819, siyahı 1, iş 63, vərəq 347.

[75]  Enis Şahin. Türkiye ve Mavera-yı Kafkasya ilişkileri içerisinde Trabzon ve Batum konferansları ve antlaşmaları (1917-1918). Ankara: Türk Tarih Kurumu basımevi, 2002, ss. 411-412.

[76] Yenə orada, s. 419.

[77] Yenə orada, s. 485.

[78] Закавказский Сейм. Стенографический отчет. Сессия первая. Заседание четырнадцатое. Тифлис, 5-го марта1918 года, c. 28.

[79] Закавказский Сейм. Стенографический отчет. Сессия первая. Заседание двадцать пятое. Тифлис, 13-го апреля 1918 года, c. 1.

[80] Enis Şahin. …Trabzon ve Batum konferansları ve antlaşmaları (1917-1918), s. 536.

[81] Nəsib bəyin soyadı bəzi qaynaqlarda “Yusifbəyov” kimi işlənib. Sənəddəki yazılışı saxlamışıq.

[82] Qasım bəy Camalbəyov Zaqafqaziya əkinçilik nazirinin müavini idi.

[83] GMTA, fond 1818, siyahı 2, iş 8, vv.1-1a.

[84] «Кавказское слово», 18.5.1918, № 98.

[85] Enis Şahin. …Trabzon ve Batum konferansları ve antlaşmaları (1917-1918), s. 579.

[86] «Кавказское слово», 9.6.1918, № 117.

[87] Азиза Назарли. Народное образование в Азербайджанской Республике (1918-1920 гг.). Баку: «Нурлан», 2008, с. 53.

[88] İyunun.

[89] Burada: bütün ixtiyaratı üzərinə götürən.

[90] Qaytarmağı.

[91] Tədbirləri.

[92] Dairələr, idarələr.

[93] Məmurlar.

[94] Cins və din fərqi olmadan.

[95] Burada: cəzalandırılacaqlar.

[96] ARDA, fond 895, siyahı 1, iş 29, vərəq 1.

[97] Азиза Назарли. Народное образование в Азербайджанской Республике (1918-1920 гг.), с. 84.

[98] “Azərbaycan” qəzeti, 1918.X.9, №10.

[99] ARDA, fond 24, siyahı 1, iş 19, vərəq 21.

[100] Азиза Назарли. Народное образование в Азербайджанской Республике (1918-1920 гг.), с. 54.

[101] Yenə orada, с. 64.

[102] Yenə orada, с. 65.

[103] Yenə orada, с. 84.

[104] Yenə orada, с. 67.

[105] Yenə orada, с. 68.

[106] Yenə orada, с. 86.

[107] Yenə orada, с. 85.

[108] Yenə orada, с. 101.

[109] Yenə orada, с. 93. Qurultayın qərarlarıyla tanışlıqçün bu əsərin 95-96-cı səhifələrinə baxılsın.

[110] Азиза Назарли. Народное образование в Азербайджанской Республике (1918-1920 гг.), с. 179.

[111] Kişi müəllimlər seminariyası.

[112] Qadın müəllimlər seminariyası.

[113] Азиза Назарли. Народное образование в Азербайджанской Республике (1918-1920 гг.), с. 129.

[114] Geniş bilgi üçün bax: Азиза Назарли. Народное образование в Азербайджанской Республике, ss. 129-139.

[115] Geniş bilgi üçün bax: Азиза Назарли. Народное образование в Азербайджанской Республике, ss. 140-150.

[116] Geniş bilgi üçün bax: Азиза Назарли. Народное образование в Азербайджанской Республике, ss. 148-149.

[117] Азиза Назарли. Народное образование в Азербайджанской Республике (1918-1920 гг.), с. 66.

[118] Yenə orada, с. 58.

[119] Yenə orada, с. 85.

[120] O vaxt nazirliyə “nəzarət” deyilirdi.

[121] Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. (Stenoqrafik hesabatlar). 1-ci cild. Bakı, 1998, s. 189.

[122] Böyük məhkəməyə. Parisdəki sülh konfransı nəzərdə tutulur.

[123] Orada bolşeviklər Muğan Sovet Respublikası qurmuşdular.

[124] Kişi müəllim seminariyaları.

[125] Kafedralar.

[126] Hacı Tərxan (Həştərxan).

[127] Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament, ss. 443-450.

[128] Yenə orada, ss. 443-455.

[129] Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament, s. 516.

[130] Yenə orada.

[131] Yenə orada, s. 517.

[132] Yenə orada, ss. 521-522.

[133] Yenə orada, s. 555.

[134] Yenə orada, ss. 612-613.

[135] Yenə orada, s. 614.

[136] Mətndə yalnış olaraq: Kostrov.

[137] Mətndə bu generalın adı hər yerdə təhrif olunmuş şəkillərdə verilib.

[138] Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament, ss. 614-618.

[139] Mətndə yalnış olaraq: Quri.

[140] Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament, ss. 669-672.

[141] Bu ev indi Filarmoniya ilə üzbəüz olan binadır.

[142] ARDA, fond 100, siyahı 20, iş  97, vərəq 2-3.

[143] ARDA, fond 100, siyahı 20, iş  97, vərəq 5-6.

[144] ARDA, fond 100, siyahı 20, iş  97, vərəq 7.

[145] ARDA, fond 100, siyahı 20, iş  97, vərəq 8.

[146] ARDA, fond 100, siyahı 20, iş  97, vərəq 9.

[147] Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament, s. 687.

[148] Nazirliklərimiz.

[149] Dinlər, dini işlər.

[150] Protokol.

[151] Həmid bəy Şahtaxtinski.

[152] Naziri.

[153] Məruzə.

[154] H.b.Şahtaxtinskinin 1940-cı ildə istintaqa verdiyi ifadədən aydın olur ki, o, nazir kimi işə başladıqdan 11 gün sonra işi tərk edib. Bax: AP MTN Arxivi, PR. 25547. Həmid bəy Xəlil oğlu Şahtaxtinskinin ittihamı üzrə iş. vərəq 15a.

[155] Tətil.

[156] Baş nazirliyin.

[157] Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament, ss. 689-691.

[158] Məşhur “Azərbaycan tarixi” kitabının müəllifidir. Tiflisdə Zaqafqaziya hökumətində və Azərbaycan Cümhuriyyəti dönəmində Nazirlər Şurasında mühüm vəzifələrdə çalışıb.

[159] Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament, s. 691.

[160] Burada 9 dövləti cinayət sadalanır.

[161] Burada milli ədavəti qızışdırmaq, hökumət əleyhinə yalan şayiələr yaymaq, tətillərdə iştirak etməklə bağlı cinayətlər sadalanır.

[162] ARDA, fond 894, siyahı 1, iş 28, vərəq 1-2.

[163] ARDA, fond 894, siyahı 7, iş 12, vərəq 6, 7.

[164] ARDA, fond 894, siyahı 7, iş 12, vərəq 8.

[165] ARDA, fond 894, siyahı 7, iş 12, vərəq 10.

[166] Qol aydın oxunmur, ancaq daha çox “Yedigarov”a bənzəyir.

[167] ARDA, fond 894, siyahı 7, iş 12, vərəq 23.

[168] N.N.Nərimanov. Məqalələr və nitqlər. 1-ci cild. Fevral 1896-mart 1920. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1971, səh. 215-219. (Kursivlə seçdirmələr bizimdir).

[169] N.N.Nərimanov. Məqalələr və nitqlər, səh. 256.

[170] М.Казиев. Нариман Нариманов (жизнь и деятельность). Баку: Азгосиздательство, стр. 106.

[171] Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi, fond  558, siyahı 11, iş 824, vv. 3-5.

[172] N.N.Nərimanov. Məqalələr və nitqlər, s. 256.

[173] Газ. «Грузия», 2.VI.1920, №49.

[174] Газ. «Грузия», 11.V.1920, №32.

[175] AR Pİİ SSA, fond 1, siyahı 1, iş 89, vərəq 123.

[176] Muhittin Birgen. İttihat ve Terakki’de On sene. 2 cilt. Hayırlayan: Zeki Arıkan, İstanbul, Kitap Yayınevi, 2006.

[177] Əsərdə yanlış olaraq “Nəsibbəyli” gedib.

[178] Muhittin Birgen. İttihat ve Terakki’de On sene, ss. 165-167.

[179] Yenə orada, s. 165.

[180] Генерал Г.И.Квинитадзе. Мои воспоминания в годы независимости Грузии. 1917-1921. Paris: YMCA-PRESS, 1985,  сс. 161-163.

[181] Yenə orada, s. 163.

[182] Газ. «Грузия», 6. XI.1920, №161.

[183] M.B.Mehmetzade. Azerbaycanda Sovyet imha siyaseti. – “Dergi” (Sovyetler Birliğini Öğrenme Enstitüsü) , Münih, 2. Yıl, 1956, Sayı 5, s. 55

[184] Mövsüm Əliyev. Nəsib bəy Yusifbəyli.  – “İncəsənət” qəzeti, sentyabr 1993, № 14.

[185] M.Emin. Yusufbeyli Nasip bey. – “Odlu Yurt”, 1929, №3, s. 110.

[186] N.Keykurun. Azərbaycan istiqlal mücadiləsi xatirələri. İstanbul, 1964. səh. 117.

[187] http://images.google.az/imgres?imgurl=http://anspress.com/ansphoto/nesib_bey_yusifbeyli_00.jpg&imgrefurl=http://anspress.com/nid74876.html&usg=__ITahZwEj-ACyx5HloK6QfLtwA_M=&h=210&w=280&sz=5&hl=ru&start=2&tbnid=6KIWgGuMc3nn1M:&tbnh=86&tbnw=114&prev=/images%3Fq%3Dyusifbeyli%2Bnesib%2Bbey%26gbv%3D2%26hl%3Dru%26sa%3DG

[188] Hafiz Sadıqov. Yusif bəy İbrahimli kimdir? – “Novruz” qəzeti, 13.3.1991, №11.

[189] Ю.А.Багиров. Из истории советско-турецких отношений (1920-1922 гг.). Баку, 1965, с. 86.

[190] Газ. «Коммунист», 30.VI.1920, № 49. (Kursivlə seçdirmələr bizimdir).

[191] Fövqəladə Komissiyanın, “ÇK”-nın.

[192] Газ. «Грузия», 11.V.1920, № 32.

[193] M.Emin. Yusufbeyli Nasip bey. – “Odlu Yurd”, 1929, №3, s. 112.

Reklamlar

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s